“Delta” sunami kimi yayılır: Günah "CoronaVac"dadır?

9-08-2021, 13:10   


“Delta” sunami kimi yayılır: Günah "CoronaVac"dadır?

ABŞ-da peyvəndləmə səviyyəsinin yüksək olmasına baxmayaraq koronavirusun “delta” ştammı sürətlə yayılır, amma peyvəndləmə səviyyəsinin aşağı olduğu ştatlarda ölüm halları daha yüksəkdir.
Amerikanın nüfuzlu gündəlik “The Wall Street Journal”ının apardığı araşdırma göstərir ki, xüsusən qaradərililərin çoxluq təşkil etdiyi ştatlarda peyvənd kampaniyasının yavaş irəliləməsi yoluxma və ölüm hallarının kəskin artması ilə müşayiət olunur.
Belə ki, “delta” variantının sürətlə yayıldığı ştatlar Alabama, Luiziana, Vayominq, Aydaho və Mississipidir. Alabama ştatında əhalinin çox az hissəsinə peyvənd vurulduğu üçün ölüm halları da yüksəkdir.
Mississipi ştatında da peyvəndləmə səviyyəsi aşağıdır və yerli rəsmilər bu ştatda “delta” variantının “sunami kimi yayıldığını” deyirlər.
Türkiyədə isə peyvəndləmə səviyyəsinin aşağı olduğu kürd bölgələrində, xüsusən Diyarbəkir şəhərində xəstəxanalar ağzına qədər doludur və o cümlədən gənclər arasında ölümlər sürətlə artmaqdadır.
Türkiyə mətbuatının yazdığına görə, professor, Dicle Universitetinin infeksion xəstəliklər və kliniki mikrobiologiya kafedrasının müdiri Recep Tekin peyvənd vurdurmayan vətəndaşların risk altında olduğunu bildirib.
Eyni zamanda əlavə edib ki, Diyarbəkir xəstəxanalarında yatanların arasında “Pfizer” peyvəndinin hər iki dozasını vurduranlar yoxdur.
Professor Tekin deyib ki, xəstəxanada yatanların 90 faizi ya ümumiyyətlə, peyvənd vurdurmayanlar, ya da Çinin “CoronaVac” peyvəndini vurduranlardır.
O, xəstələrin arasında gənclərin sayının sürətlə artmasını xüsusi narahatlıqla bildirib.
“Xəstələrin vəziyyətini peyvənd baxımından təhlil etsək görərik ki, onların 90 faizə yaxını ya ümumiyyətlə, peyvənd vurdurmayanlar, ya da “CoronaVac” peyvəndini vurduranlardır. “Pfizer” peyvəndinin bir dozasını vurduranlar və xəstələnənlər isə 5-10 faizdən çox deyil. Yəni tək doza “Pfizer” vurdurub xəstələnən pasiyentimiz var, amma iki doza “Pfizer” vurdurub xəstələnənlərə rast gəlinməyib. Bu da onu göstərir ki, “Pfizer” peyvəndinin hər iki dozasını vurduranların yoluxması və yoluxaraq xəstəxanaya yerləşdirilməsi riski çox aşağıdır”, - o bildirib.
Xatırladaq ki, koronavirusun “Delta” ştammı Azərbaycanda da sürətlə yayılır.
Məlumdur ki, bizdə də əhalinin bir çox hissəsi “CoronaVac” peyvəndindən istifadə edib. Deyilənlərə inansaq, virusun artmasına səbəb “CoronaVac” peyvəndidir?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyev bildirib ki, dünyada virus üzərindən təkcə sağlamlıq məsələləri deyil, siyasi və diplomatik gedişlərlə regionun geosiyasi mənzərəsi də həll olunur:

“Yaxşı olardı ki, bu rəqəmləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) deyə. ÜST hər ölkədə neçə nəfər peyvənd olunub və onlar hansı peyvəndlərdən istifadə edib. Ümumiyyətlə, həmin ölkədə başqa hansı peyvəndlərdən istifadə olunub və o nisbətdə rəqəmləri həm bizə, həm də ictimaiyyətə çatdırsın.
Yoxsa peyvəndlərlə bağlı fikirlər ümumiləşmiş fikirlərdir. Burada mən Çinin, ABŞ-ın tərəfin saxlamıram. Bir ölkədə iki peyvənd istifadə olunmalıdır. Neçə nəfər hansı peyvənddən istifadə etdi, onlardan neçəsi xəstələndi və s. məlumatlar araşdırılıb ictimaiyyətə açıqlanmalıdır. Yoxsa bu peyvənd belədir fikirləri doğru deyil. Təəssüf ki, alimlər də bu prosesə qoşulub. Lakin qoşulduqları fikrin izahını geniş kütləyə çatdırmırlar.
Ona görə də ölkəmizdə hansı peyvənd varsa, ondan istifadə etmək lazımdır. Bədənimizin immun sistemi zəifləyirsə, yerli məhsullardan istifadə etməyimiz azalırsa, bazarlarımız xarici ölkələrin bazarlarını doldurursa, peyvənddən başqa hansı yol qalır? Sadəcə olaraq, hazırda yay fəslidir, immun sistemin güclü dövrüdür, Qarabağ torpaqları üzərindəki qələbəmiz, bunlar hamısı insana müsbət güc verir. Biz bunları həll etməli və olan vaksinlərdən istifadə etməliyik. Öz hökumətimizə, təşkilatlarımıza inanmalıyıq”.
Semra Ələkbərli
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.