Əfqanıstanda Talibanın irəliləməsi Azərbaycana necə təhlükələr yaradır?

10-08-2021, 11:33   



Taliban ələ keçirdiyi hərbi texnika iləŞƏKLİN MƏNBƏYİ,EPA
Şəklin alt yazısı,Taliban ABŞ və koalisiya qüvvələrinin ölkədə qoyduğu texnikanı ələ keçirir

ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel Taliban hərəkatının yeni bölgələrə doğru irəliləməsi barədə xəbərlər demək olar ki, hər gün verilir.

Ölkənin şimalında nüfuz dairəsini genişləndirməkdə olan hərəkatın, əsas uğurları cənubdadır, o bəzi bölgələrdə artıq yeganə hakim qüvvəyə çevrilib. Bu da təəccüblü görünmür, çünki Talibanın əsas aparıcı qüvvəsini məhz cənubda yaşayan puştunlar təşkil edir.


Müxtəlif təxminlərə görə, bölgələrin yarısından 80 faizinədək nəzarət edən Taliban inzibati mərkəzlərlə iri şəhərləri ələ almağa çalışır.

Taliban başqa dövlətlərin işlərinə qarışmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Lakin onun sürətlə irəliləməsi narahatlıqla izlənilir.

Rusiya Türkmənistan və Tacikistan sərhədinin bir qisminin Taliban qüvvələri tərəfindən ələ keçirilməsindən sonra, bu ökələrə hərbi yardım edəcəyini bildirib.

Bəs görəsən, Əfqanıstanda hərbi kontingenti olan Azərbaycan üçün Talibanın nüfuzunun sürətlə genişlənməsindən irəli gələn təhlükələr varmı?

İŞİD məsələsi

Belə təhlükənin olduğunu deyənlər vaxtilə "İslam Dövləti" adlandırılan qruplaşma sıralarında döyüşən Azərbaycan vətəndaşlarını yada salırlar.

2017-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Suriyadakı "terrorçu təşkilatlarda" 900-ə yaxın Azərbaycan vətəndaşının olduğunu, onlarla "döyüşçüyə qarşı" cinayət işinin açıldığını və 54 nəfərin vətəndaşlıqdan xaric edildiyini bildirmişdi.

Hazırkı vəziyyətdə Azərbaycandan Əfqanıstana yenidən döyüşçülərin yollanması mümkündürmü? Belə ehtimalın çox az olduğunu deyən siyasi təhlilçi Şahin Cəfərli bunu "İŞİD" qrupu ilə Taliban arasında olan təməl fərqlə izah edir.

"İŞİD-lə Taliban arasında prinsipial fərq var. İŞİD expansionist hərəkat idi. İslam ideyalarını yaymaq iddiasında idi, onun "İslam dövlətini" qurmaq missiyası var idi. Taliban belə qlobal missiya iddiasında deyil", - siyasi təhlilçi deyir.

"Bu cəhətdən təhlükə olduğuna inanmıram. Çünki İŞİD hər yerdən döyüşçü toplayırdı, amma Taliban əsasən Əfqanıstan daxilində hərəkət edir, onun qlobal iddiası yoxdur".

Rəsmi danışıqlarda Taliban da Əl Qaidə və İŞİD-dən mümkün qədər uzaqlaşmağa çalışır. BBC Əfqan xidmətinin jurnalisti Talibanın keçmiş təcrübəsindən bir neçə ibrət dərsi aldığını deyir.

"Dərslərdən biri bundan ibarətdir ki, beynəlxalq cihadçı qrupların Əfqanıstanda sığınıb təlim keçəcəyinə və daha sonra Qərbə, Rusiyaya və ya Orta Asiya ölkələrinə hücum etməsinə yol verilməməlidi", - Talibanın nəzarətində olan bölgələrə baş çəkən Sekunder Kermani deyir.

Onun sözlərinə görə, Taliban başa düşür ki, hakimiyyətin əldın verilməsinə səbəb məhz əl-Qaidəyə "sığınacağın verilməsi" olmuşdu.

Əfqan əsgələri
Şəklin alt yazısı,Əfqanıstan hokumət qüvvələri Talibanla üz-üzə qala bilərlər

ABŞ Mərkəzi Komandanlığı (Centcom) Əfqanıstandakı ABŞ qüvvələrinin 95 faizinin ölkəni tərk etdiyini açıqlayıb. Məlumata əsasən, ABŞ qüvvələri bir neçə həftəyə, ölkədən tamamilə çıxarılacaq. Gözlənilir ki, bundan sonra, Taliban daha qərarlı hərəkətlərə keçəcək.

İndiyədək Talibanın ələ aldığı ərazilərin böyük hissəsi kənd yerləri və kiçik yaşayış məntəqələridir. Taliban hələ böyük şəhərləri ələ keçirməyə çalışmır. Şəhər sakinləri daha savadlı və daha liberaldır.

Ötən həftə Taliban İran, Pakistan, Türkmənistan və Tacikistanla sərhədlərdə mühüm sərhəd keçidlərinin nəzarət altına aldığını bəyan edib. Mərkəzi hakimiyyət bunları "qarşı tərəfin təbliğatı" kimi rədd edir.

Hazırda hökumət qüvvələriylə qarşıdurmada Talibanın daha fəal olduğu təəssüratı yarana bilər. Lakin bəzi təhlilçilərə əsasən, vəziyyət o qədər də birmənalı deyil və ölkədəki siyasi balanslaşma xarici və daxili qüvvələrin təsiriylə formalaşır.

Millət vəkilli Rasim Musabəyovun sözlərinə görə, hazırda Pakistan, Türkiyə, Orta Asiya ölkələri və Rusiyanın birgə siyasəti var və 1996-cı ildə olduğu kimi, Talibanın təzyiqi altında Əfqanıstandakı hakimiyyətin "qəfil çökməsinə" yol verilməyəcək.

"Böyük ehtimalla koalisiya hökuməti üçün ortaq səylər göstərilir", - Rasim Musabəyov deyir.

1996-cı ildən 2001-ci ildəki Amerikanın müdaxiləsinə kimi ölkəni idarə edən Taliban özünü sadəcə siyasi və ya üsyançı qruplaşma kimi görmür, o, Əfqanıstan İslam Əmirliyini yaratmaq uğrunda mübarizə apardığını bildirir.


BBC-nin hələ 2017-ci ildə keçirdiyi araşdırmasının nəticələrinə görə, Taliban ölkə ərazisininin 70 faizində fəal olub.

Əfqanıstan üzrə mütəxəssislərə görə, Talibanı yalnız hərbi struktur kimi görmək düzgün deyil, o illər boyu xüsusilə də ölkənin cənubundakı bölgələrdə, nüfuzlu qüvvə olub. Ona görə, bəzi yerlərdə dövlət strukturları zəiflədikcə Talibanın hakimiyyət boşluğunu doldurması təbii görünür.

Videonun alt yazısı,Üzündən güllə ilə vurulan qadın: “Qardaşlarım, qaynım, ərim məni döyürdü”

Qaçqın dalğası

Bu arada Talibanın yeni gəldiyi bölgələrdə bir çoxları narahatdırlar ki, onların gətirdiyi sərt qaydalar ölkədən yeni qaçqın dalğasına təkan verə bilər.

Son iki həftədə Əfqanıstanın şimalındakı əsasən özbək mənşəli əhaliyə sahib Məzəri-Şərif bölgəsinin 14 rayonundan 9 Talibanın nəzarəti altına keçib. Əslən bu bölgədən olan BBC Əfqan xidmətinin jurnalisti Möhib Müdəssirə əsasən, Talibanın şimalda belə sürətlə irəliləməsi əhali arasında çox qorxu yaradıb.

"Danışdığımız insanların çoxu viza axtarır, hamı buranı tərk etmək istəyir, ölkədən qaçma yolunu axtarırlar, - Möhib Müdəssir deyir. - Bəzi bölgələrdə, hökumət idarələri və məktəblər bağlanıb. İnternetdə yayılan videolarda küçələrə tək çıxan qadınların döyüldüyünü görmək olar. Saqqallı olmayan kişilərə bayıra çıxmamaq xəbərdarlığı verilib".

Əfqan qaçqınları məsələsi bir müddətdir ki, İranla həmsərhəd olan Türkiyə mediasının əsas mövzularından biridir. Türkiyə-İran sərhədi üzərindən gələcək mümkün qaçqın axını bu ölkədə geniş müzakirələrə səbəb olub.

90-cı illərdə əfqan qaçqınlarının bir qrupu Azərbaycana da qəlmişdi. Bəziləri belə vəziyyətin yenidən yarana biləcəyini istisna etmirlər. Lakin Şahin Cəfərliyə görə, Türkiyə və ya İrandan qaçqınların Azərbaycana keçməsi təhlükəsi "ciddi görünmür", çünki onlar "əsasən Avropaya keçmək niyyətindədir".

"İran ərazisinə keçən Azərbaycana gələ bilər. ...Lakin qaçqınların dalğası daha çox Türkiyə üçün təhlükə görünür".

Əfqanıstanla təxminən 1400 km uzunluğunda sərhəd bölüşən Tacikistan ötən həftə qonşu ölkədən 100 minə kimi qaçqın qəbul etməyə hazırlaşdığını açıqlayıb. Tacikistan Fövqəladə Hallar Komitəsi sədrinin müavini İmaməli İbrahimzadə qaçqınları təmin etmək üçün sərhəd bölgələrində artıq iki böyük anbarın tikildiyini təsdiqləyib.

Azərbaycan Əfqanıstanda qalacaqmı?

May ayında Azərbaycan Əfqanıstandakı NATO-nun başçılıq etdiyi missiyada xidmət edən 120 hərbçidən ibarət kontingentinin ölkədən çıxaracağını bildirib.

Şahin Cəfərliyə əsasən, Əfqanıstan məsələsi Azərbaycan üçün hərbi məsələdənsə, ABŞ-la ikitərəfli əlaqələri inkişaf etdirmək üçün mühüm vasitə rolunu oynayıb.

"Bu ABŞ-la münasibətlərdə mühüm siyasi amil idi. ABŞ nəqliyyat təyyarələri Əfqanıstana yük daşınmasında Azərbaycan hava limanlarından istifadə edirdilər. ABŞ-ın oradan çıxması Azərbaycanın da qalma zərurətini azaldır".

İki həftə əvvəl BBC News Azərbaycancaya danışan Müdafiə Nazirliyinin nümayəndəsi Əfqanıstandan çıxmaq planlarının hələ də qüvvədə qaldığını təsdiqləsə də, əlavə detallara varmayıb. Lakin Rasim Musabəyova görə, Azərbaycan kontingentinin Türkiyə qüvvələri tərkibində Əfqanıstanda qalma ehtimalı istisna olunmur.

"Türkiyə ilə müttəfiqlik münasibətlərinə hörmət göstərildiyini nümayiş etdiririk. Bildiyim qədər kontingent elə şəkildə yerləşdiriləcək ki, risklər minimuma endirilsin".

Atlas Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Azərbaycan əsgərlərinin Əfqanıstanda qalacağını bir neçə səbəblə izah etmək olar.

"İndi Əfqanıstanda ciddi problem yaranıb, Azərbaycan da bu ölkəni özünə dost və qardaş dövlət sayır. Gələn xəbərlərə görə ki, Türkiyə Kabul hava limanını qoruyacaq, orada Azərbaycan hərbçilərini də görmək istəyirlər," - politoloq Elxan Şahinoğlu deyir.

"Bizim Əfqanıstanla bağlı müəyyən nəqliyyat layihələrimiz var və Taliban hakimiyyətə gəlsə, biz məcbur qalıb onlarla da əlaqə qurmalı olacağıq. Talibanın üzərində əsas təsir imkanları isə Pakistandır. Ona görə, biz Talibanla müəyyən təmaslar qura bilərik", Elxan Şahinoğlu belə hesab edir.

ABŞ əsgəri və helikopterŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,ABŞ Mərkəzi Komandanlığı (Centcom) Əfqanıstandakı ABŞ qüvvələrinin 95 faizinin ölkəni tərk etdiyini açıqlayıb.

Son günlər bəzi Əfqanıstan bölgələri üzərində nəzarət mütəmadi olaraq dəyişir. Bunun hərbi və siyasi əhəmiyyətindən başqa iqtisadi tərəfi də var. Belə ki, Taliban ərazini ələ keçirəndə, o, yerli maliyyə və vergi resurslarını da ələ keçirir, Kabildəki hökumət isə əksinə bu pullardan məhrum olur.


Narkotik təhlükəsi

Əfqanıstan kimi yoxsul ölkədə vacib gəlir mənbəyindən biri də narkotik istehsalıdır. Onun hesabına həmçinin Talibanın hərbi əməliyyatları da maliyyələşdirilir. Əfqanıstandan Avropaya doğru istiqamətlənən qanunsuz narkomarşrutların bir hissəsi keçmiş sovet respublikaları üzərindən keçir.

Taliban hakimiyyəti gələrsə, Azərbaycandan da keçən narkotrafikin artacağı istisna olunmur. Hərçənd ki, Azərbaycan üçün bu yeni bir problem deyil, Şahin Cəfərli deyir.

"İrandan tranzitlə keçən narkotiklər, Türkiyə və Azərbaycandan Avropaya yayılıb. Amma bu yeni təhlükə deyil. Əslində bu əvvəlki hökumətlərin vaxtında da olub. Zatən var idi və yəqin ki, hələ uzun müddət davam edəcək".

BMT hesabatına görə, 2018-ci ildə Əfqanıstanda istehsal olunan narkotik maddələrin həcmi, ABŞ-ın bu ölkəyə müdaxilə etdiyi 2001-ci illə müqayisədə iki dəfə artıb.

Azərbaycan Əfqanıstandakı sülh prosesini dəstəklədiyini bildirir. Bu mövqeyi "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin Nazirlər Konfransında çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri səsləndirib.

"Biz Əfqanıstan daxili sülh danışıqlarını yaxından izləyirik və ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq", - Ceyhun Bayramov deyib.

BBC News Azərbaycanın müsahiblərinə əsasən, Kabillə Bakı arasında indiyədək çox yaxşı əlaqələr olub və Əfqanıstan Azərbaycanı BMT və İslam Əməkdaşlığı kimi beynəlxalq təşkilatlarda dəstəkləyib.

Lakin Taliban hakimiyyətə gələrsə, bu mövqeyin dəyişib-dəyişməyəcəyini qətiyyətlə söyləmək çətindir, Şahin Cəfərli deyir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.