Makron Paşinyanla "Hizbullah" arasında qalıb AKTUAL ŞƏRH

10-08-2021, 15:39   


Müəllif: İkram Nur
Avqustun 9-da Emmanuel Makronun İranın yeni prezidenti İbrahim Rəisi ilə bir saata qədər çəkən telefon danışığı olub. Onun gedişatında Fransa prezidenti həqiqətən qəribə şeylər danışıb…
O cümlədən o haqda ki, “Paris və Tehran sabitlik üçün əsaslar yaratmalı və dəniz gəmiçiliyi də daxil olmaqla bütün sahələrdə sabitliyi təmin etməlidir”. Üstəlik, Fransa prezidentinin fikrincə, İran və Fransa “əməkdaşlıq vasitəsilə bölgədə sülh və sabitliyin bərqərar olmasında rol oynaya bilər””.
Elə görünə bilər ki, hələ ABŞ-İran sözləşməsi baş tutmamış Makron incəlik və texnika ilə “qatarı ötmək”, fransız biznesinə Tehran kabinetlərində danışıqlar üçün meydança hazırlamaq qərarına gəlib. Daha aydın olsun deyə: əvvəl-axır, fransız şirkətləri İranda bu ölkəyə qarşı sanksiyalar səbəbindən 2011-ci ildən bu yana 20 milyard avro itirib - heç də kiçik məbləğ deyil.

Makronu Livan və "Hizbullah" ağuşuna alıb, indi o Rəisiyə yol axtarır...
Bu, elə məbləğdir ki, onu  hətta okeandan o tərəfdəki partnyoruna tor qurmaq hesabına olsa belə, geri qaytarmaq istəyirsən. Şəxsi heç nə yoxdur, sadəcə biznes, yoxsa ki, Paris həmişə sıx “atlantik birlik” tərəfdarıdır. Ancaq Makron dialoq zamanı öz maraqlarını dəqiq göstərməklə fransız kapitalının ümidlərini dağıdır: “Fransa həmişə Livanda stabilliyin təmin olunması üçün yollar axtarıb və ümid edir ki, İranın vasitəsilə bu ölkədə stabilliyin və problemlərin həllinin əsasları qoyulacaq”.
Fransız liderin məntiqini anlamaq mümkündür - indiyədək onun bütün təşəbbüsləri Beyrutda "Hizbullah"ın sarsılmaz mövqeyinə dəyərək puç olub. Və İranın yardımı olmadan keçinmək mümkün deyil - Parisin növbəti diplomatik iflası yaxındadır, artıq görünür, həm Yelisey sarayına, həm də onun əsas sakininə əl yelləyir. Əgər Makronun bu məntiqini anlamaq mümkündürsə, qəbul etmək - çətin ki.

Yelisey sarayının bütün təşəbbüsləri "Hizbullah" divarına dəyir
Bu da niyəsi: Fransa prezidenti İrana yerinə yetirilməsi əvvəlcədən qeyri-mümkün olan yüksək vədlər verir. Rəisi onunla söhbətində nüvə sazişi ilə bağlı ABŞ-ın mövqeyindən şikayətlənir və Makronu raket proqramında alverin olmayacağı barədə məktubu Vaşinqtona çatdırmalı olan poçtalyona çevirir. Fransa prezidenti isə bildirmək istəyir ki, özünün diplomatik natiqliyini işə salaraq bu ziddiyyətin həlli üçün hər şeyi edəcək.
Ancaq Livana yardım hələ qabaqdadır. Hələlik isə xoşməramlı jest olaraq fransızlar İranı özlərinin... erməni layihələrində iştirakçı kimi görməyə şad olardılar. Bununla da eyham vurulur ki, Bakının İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra İranın Cənubi Qafqazda zəifləmiş nüfuzunun bərpasında Tehrana kömək etməyə hazırdırlar.

Nəsə təzə geosiyasi üçbucaqdır: Fransa, Ermənistan, İran...
Burada ehtimallar üçün meydan açılır. Əsas ehtimal bu cürdür: Makron doğrudanmı bir siyasətçi kimi uzağı görə bilmir, yoxsa Ağ Evdən ona məhz bu cür görünmək tapşırığı verilib? Yoxsa qarşımızdakı axmaqlığa tay entuziazm nümunəsidir? Paşinyanın Tehrana səfəri əyani nümayiş etdirdi ki, Ermənistan-İran münasibətlərində heç bir konkretlik yoxdur və hər şey çox danışılan, ancaq reallaşmayan bəyanatlar və dumanlı niyyətlər dəstindən ibarətdir.
Bəli, Tehranda ermənipərəst lobbi var, ancaq onun mövqeyi sürətlə zəifləyir. Və Azərbaycanın Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana verdiyi 500 milyon dollarlıq kredit həmin lobbinin tabutuna çalınan növbəti mismardır. Və bu vaxt eleqant Makron peyda olur, iranlılara bir neçə il əvvəl ermənilərin etdiyi təklifləri təkrarlayır: sizin amerikanlarla olan problemlərinizi də həll edərik, Cənubi Qafqazdakı təsirinizə də qarant durarıq.
Həmin vaxt Həsən Ruhani və İran islahatçıları o təkliflərə inanmışdı - bunu siyasi karyeraları ilə ödədilər. Ancaq Makron daha uzağa gedir - o, mövqelərini yenicə möhkəmlətməyə çalışan Rəisiyə hansısa parlaq perspektivlərin müqabilində Livanda "Hizbullah"ı  “kənara çəkməyi” təklif edir. Nəticədə Makron İran mühafizəkarlarının nəzərində hazırda, yumşaq desək, siyasi xülyaçıya bənzəyir. Onun cazibəli çoxvektorluluğu isə siyasi məsuliyyətin aşağı səviyyəsidir. Buradan çıxan bütün nəticələri ilə...
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.