“Yaxın 3 ildə “nə vaxt torpaqlarımıza qayıdacağıq” sualını verməyin əhəmiyyəti yoxdur”
11-08-2021, 09:09
Qubad İbadoğlu: “Biz bütövlükdə Qarabağın potensialından istifadə edə bilməyəcəyik” Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Meydan TV-nin suallarını cavablandırıb. - Qubad bəy, siyasi gündəmi hakimiyyət müəyyən edir, müxalifət üçün fürsət anları yaransa da, ondan istifadə edə bilmir. Adi bir misal, Avropa Birliyi ölkələrini kənara qoyaq, qonşu Gürcüstanda jurnalistlərin, siyasi fəalların telefon danışıqları dinlənilsəydi, hansı rezonans olacağını təsəvvür etmək çətin deyil. Ancaq Azərbaycanda bir neçə gün virtual aləmdə etiraz oldu, ardınca gündəmi Allahşükür Paşazadənin açıqlamaları, başqa məsələlər “zəbt” etdi. Müxalifət niyə ictimai-siyasi gündəmi idarə edə və ya prosesləri gündəmdə saxlaya bilmir? - Əvvəla, dünyada şəxsi həyata müdaxilə ən böyük cinayət sayılır və bununla bağlı qanunlar, konstitusiya aktları qəbul edilib, həmin qanunları da qoruyan məhkəmələr fəaliyyət göstərir. Onlar da hər kəsin şəxsi həyatı ilə bağlı toxunulmazlığı haqqında məlumat verməyə çalışırlar. Yəni bu məsələ dövlətin əsas funksiyalarından birinə çevrilib. Son dövrlər isə bu məsələ kifayət qədər aktuallaşıb, dünya özü də virtuallaşıb və maksimum şəxsi həyatı qorumaq və hüquqi təminat vermək üçün dövlətlər qanunlarını təkmilləşdirməyə çalışırlar. Ancaq Azərbaycanda bu sahədə normal hüquqi baza, konkret olaraq, müstəqil məhkəmə hakimiyyəti yoxdur. Xüsusilə gördük ki, 44 günlük savaş zamanı informasiya almaq, ötürmək imkanları məhdudlaşıdırıldı, bunu da normal proses kimi qəbul etdik. Əslində, normal deyildi. Çünki müharibə zamanı bəziləri əlavə problemlərin yaranacağını əsas gətirib başqa variant olmadığını deyirdilər. Amma mən ABŞ-da olanda gördüm ki, məhz ölkə daxilində internetin məhdudlaşdırılması müharibə zamanı Azərbaycanın informasiya mövqeyini zəiflədir. Bir növ ermənilər informasiya müharibəsində daha çox bizdən üstün mövqeyə çıxdılar. Səbəb də o idi ki, onlarda belə məhdudiyyətlər yox idi. Məhdudiyyətlər və informasiyaların izlənilməsi, yaxud telefon danışıqlarının dinlənilməsi ciddi qanun pozuntusudur. Siyasi partiyaların bu məsələyə az reaksiya verməsinə gəlincə, indiki halda ölkədə siyasi prosesi görə bilmirəm, ancaq onu da siyasi prosesə çevirmək lazım idi. Bunun üçün yalnız siyasi partiyalar deyil, bütün ictimaiyyət iştirak etməliydi, o cümlədən, vətəndaş cəmiyyəti, azad mətbuatla birgə fəaliyyətlə bu mümkün ola bilərdi. Təəssüflər ki, partiyaların, mətbuatın durumu və digər səbəblərdən bu məsələni siyasi prosesə çevirə bilmədik. Telefonların dinlənilməsi barədə bir neçə mətbuat orqanı və sosial şəbəkələr yazdı, əslində, siyahıda adı olanlara nəzər salsaq, bütün mətbuat bu məsələnin üzərinə getməliydi və televiziyalar danışmalıydı. Hətta hakimiyyətyönlü qəzetlərin, televiziyaların redaktorlarının, aparıcıların da adları həmin siyahıdaydı. Onlar bu məsələnin üzərindən keçdilər, yaxud təkzib etdilər. Halbuki, məsələ təkzibolunmaz bir fakt idi, təsdiqləyən kifayət qədər dürüst istinadlar vardı. Bu hadisə göstərdi ki, Azərbaycanda azad mətbuat, vətəndaş cəmiyyəti və siyasi müxalifətin ciddi koordinasiya problemləri var, hər kəs öz-özlüyündə münasibət bildirdi, amma birgə heç bir mövqe ortalığa qoya bilmədi. Məncə, ayrı-ayrı mövqelər güclü səslənmədi, belə onlanda onların təsirləri və təzyiqləri çox zəif olur. Hakimiyyət də yenə bu prosesi keçirib, müəyyən mərhələyə addım atdı. Amma dinləmələr qlobal hadisədir, Azərbaycanla bağlı deyil, iştirakçıların beynəlxalq səviyyədə addımlar atacağını düşünürəm. Azərbaycan da beynəlxalq təhqiqat və araşdırma predmetinə çevriləcək. Çünki mindən çox şəxsin danışığı Peqasus proqramı vasitəsilə hakimiyyət orqanlarına çatdırılıb. Bu da Azərbaycanda hər şeyin nəzarətdə olduğunu və hakimiyyətin də bir planının, casusluq fəaliyyətinin mövcudluğunu deməyə əsas verir. - Siz ölkəyə gələn neft gəlirlərinin xərclənməsi barədə status paylaşırsınız, cəmiyyət olaraq məsələ bir neçə gün virtual şəkildə müzakirə olunur, sonra unudulur, bunun səbəbini nədə görürsünüz? Burda azərbaycanlıların neft gəlirlərinə etinasızlığı əsas məqamdır, yoxsa başqa səbəblər də var? - Azərbaycanda çox adam nefti özününkü hesab etmir. Ümumiyyətlə, neft-qaz və digər gəlirlərin Azərbaycan vətəndaşına aidiyyatı olmadığını hesab edirlər. İlk o təfəkkür formalaşmalıdır ki, Azərbaycan xalqı gəlirlərin və sərvətlərin sahibidir. Biz ona sahib çıxmayınca, mülkiyyət sahibliyini formalaşdırmayınca, neft gəlirlərinin necə və hara xərclənməsi etinasızlığı davam edəcək. Buna sahib çıxmaq üçün institutlar olmalıdır. Baxın, neft gəlirləri hesabına jurnalistlər üçün evlər tikilir, biz də gəlirlərin şəffaf olmaması, oğurlanması, mənimsənilməsi, talanlanması ilə bağlı postlar yazırıq. Sosial şəbəkədə bunlar müəyyən dövr üçün aktuallığını saxlayır, uzun müddətli aktual olmasına gəlincə, medianın həmin informasiyanı işləməsindən və yaymasından çox şey asılıdır. Amma hansı media bunu edə bilər? Məsələn, Meydan TV bunu yaysa da, Azərbaycanda çıxış imkanı yoxdur, blok qoyulduğu üçün sayta girib yazıları oxumaq mümkün deyil. Azərbaycanda asanlıqla oxuna bilən mətbuatın mənzil və yaşamaq hüquqları neft gəlirləri hesabına təmin olunur. Yəni neftin gəlirləri hesabına onlara əvəzsiz mənzil verirlir, aylıq haqq verirlər ki, onlar da bu mövzunun uzun müddət gündəmdə qalmasında maraqlı ola bilməz. Həm də həmin mətbuat mərkəzləşdirilmiş qaydada idarəolunursa, onlara gələn təlimatlar əsasında müəyyən qərarlar qəbul edirlər, təbii ki, müəyyən mövzunun inkişafında rolu olmamasına çalışırlar. Əvvəllər post yazırdım, ardında onun altında hansı mətbuat yazdıqlarımı dərc edirdisə, linklərini yerləşdirirdi. Bəzən 20, 15 media qurumu həmin postu dərc edirdi, indi 1-3 media dərc edir. Halbuki, mən mətbuat üçün əvəzsiz xidmət edirdim, amma indiki halda birbaşa göstəriş alırlar ki, dərc etməyin, bu barədə postları yaymayın. Bu amil mətbuatın vəziyyətinin acınacaqlı olduğunu deməyə əsas verir. Demək olar ki, Azərbaycanda mətbuat yoxdur, dövlətin təbliğat-təşviqat maşını və onun da ayrı-ayrı elementləri var. Hətta kommunist dövründə bir rəngarənglik vardı, indi eyni məlumatları eyni saatlarda və eyni şəkillərlə dərc etməklə məşğuldurlar. - Dünyada neft şirkətləri tərəfindən neft-qaz sektoruna qoyulan investisiyalar azaldılır. Böyük neft şirkətlərlərinin də açıqlamalarından görünür ki, 2030-cu ilə qədər əsas sərmayələri alternativ enerji mənbələrinə yönəldəcəklər. Belə aydın olur ki, 2030-cu ildən sonra dünyada qara enerji yaşıl enerjiylə əvəzlənməsi strategiyası sürətlənir. Neftə tələbatın azalacağı dönəmdə Azərbaycan üçün 2030-cu ilə qədər və 2030-cu ildən sonra nələr gözlənilir? - Azərbaycanda onsuz nefti hasilatı azalır, eyni zamanda, neft istehsalı üçün məsrəflər də çoxalır, qiymətlər baha olsa da, belə hər iki amil neft gəlirlərinin aşağı düşməsini şərtləndirir. Ümumiyyətlə, 2030-cu ildə indiki qədər neft hasil olunmayacaq, neft siyasətini indiki səviyyədə saxlasaq da, neft gəlirlərin həmin ilə qədər kəskin şəkildə azalacaq. Bəziləri qaz gəlirlərinin neft gəlirlərini əvəz edə biləcəyini düşünür, amma bu şans da yoxdur. Çünki indiki halda qaz gəlirləri ən yaxşı halda neft gəlirlərinin 10 faizinə çatıb. Bundan sonra qaz gəlirləri artacaq, ancaq yenə də əhəmiyyətli qazanc olacağını deyə bilmərəm. Ola bilər ki, yerli əhaliyə satılan qazdan gəlir əldə edəcəklər, qazın qiymətini də artırıblar. Bu payız və qış aylarında xüsusilə rayonlarda və mənzilini kombiylə istidənlər xərcə düşəcəklər. Onların məsrəfləri ayda 200-300, bəlkə də 500 manata qədər artacaq, bunlar “Azəriqaz”a müəyyən gəlirlər gətirəcək. Hətta belə bir söhbət gedir ki, “Azəriqaz”ı SOCAR-dan ayıracaqlar, ayrıca bir istehsal strukturuna çevriləcək. Əvvəllər bu qurum SOCAR-dan ayrıydı, sonradan birləşdirildi. Bu, müəyyən mənada daxildə və xaricdə də qaz gəlirlərini artıra bilər, çünki xaricdə də qazın qiyməti bahalaşıb. O ki qaldı alternativ enerjiyə, Azərbaycanda indiki halda ağıllı kənd, ağıllı şəhər timsalında hakimiyyət bunu dövlət siyasətinə daxil edib. Bu, ondan ibarətdir ki, Qarabağda gələcəkdə tikilən evlərin damı günəş enerjisindən ibarət olacaq, eyni zamanda, küçələrin işıqlanmasında günəş panellərindən istifadə ediləcək. Bu halda alternativ enerji istifadə etdiyimiz elektrik enerjini müəyyən mənada əvəz edəcək mənbəyə çevriləcək. Amma Azərbaycanda SOCAR kimi şirkətlərin bu sahədə sərmayəsi olmadığına və yalnız neft-qaz hasilatıyla məşğul olduqlarına görə onların perspektivi yoxdur. Ona görə də dünyanın neft nəhəngləri sərmayələrini qeyri-neft sektoruna, əsasən də aternativ eneji sektoruna yönəldirlər. Çünki bilirlər ki, bu gedişlə ənənəvi neft-qaz hasilatının perspektivi yoxdur. Xüsusilə Çin iqtisadiyyatında görmək olar ki, bir ildə elektro mobil maşınların istehsalı 30 faiz artıb, söhbət 2020-ci ildən gedir. Çin artıq bu maşınların əsas istehsalçılarında birinə çevrilir. Nəzərə alın ki, Çin bazarı çox böyükdür, Amerika da elektro mobil maşınların əsas istehsalıçısına çevrilir, dünyada satılan avtomobilərin yarısı bu ölkənin bazarında realizə olunur. Bir çox Avropa ölkəsi elektromobil maşından istifadəni stimullaşdırır. Məsələn, belə maşınlar ödənişli yollardan pulsuz istifadə edirlər, onlar üçün şəhər mərkəzlərində pulsuz dayanacaqlar müəyyənləşdirirlər. Skandinaviya ölkələrində yaşayanlar çalışırlar ki, özlərinin ənənəvi avtomobillərini elektromobil maşınları ilə əvəz etsinlər. Azərbaycanda isə bunu stimullaşdıran, motivasiya yaradan heç bir siyasət yeridilmir, nə gömrük, nə vergi siyasəti var. Məsələn, ABŞ-da elektromobil maşınlar alınanda 5 min dollara qədər dövlət hesabına ödəniş var. Azərbaycanda isə elektromobil maşınların gömrük qeydiyyatı, vergisi və texniki xidmətləri ilə bağlı sistem belə qurulmayıb ki, vətəndaşların bu maşınlardan istifadəsini stimullaşdırsın. - Özünüz də neft hasilatının təbii şəkildə azaldığını və paralel olaraq gəlirlərin də aşağı düşdüyünü dediniz. Belə olduqda, ölkə iqtisadiyyatının post-neft dövrünə keçidini, buna hazırlığı necə görürsünüz? Ümumiyyətlə, hazırlıq varmı? - Əvvəla, hakimiyyətin hazırlığı var və bu hazırlıq necə həyata keçirilir?! Hakimiyyət hesab edir ki, gəlirlər azalırsa, xərcləri də azaltmaq lazımdır. Hazırda bu proses gedir, əsasən sosial müdafiə, sosial təminat xərcləri azaldılır. Baxın, pensiya yaşını artırırlar, qadınlar üçün 2 ildə 1 yaş artır, 2027-ci ildə xanımların pensiya yaşı 65 yaşa çatacaq, o yaşdan sonra pensiyaya çıxmaq hüququna malik olacaqlar. Eyni zamanda, pensiya hüququnu əldə etmək imkanlarını çətinləşdiriblər, söhbət yalnız yaşdan getmir. Biri var ki, kişilər 65 yaşı gözləyib pensiyaya çıxsın, gələcəkdə qadınlar da o yaşa qədər pensiya almaq imkanlaını səfərbər edə bilməyəcəklər. Amma digər tərəfdən hətta o yaşa çatanlara da pensiya verilmir. Çünki yaşa görə qocalıq müavinəti təyin olunub, bu, pensiya hüququ təmin edilməyənlərə verilir. Pensiya hüququnun təmin edilməməsi o deməkdir ki, sığorta yığımları yoxdur, yəni pensiya kapitalı formalaşmayıb, həm də iş stajı olsa da, sığorta stajı yoxdur. 2006-cı ilə qədər işləyiblər, ondan sonra sığorta stajı formalaşıb, ardınca işləməyiblərsə, deməli, sığorta stajı yoxdur. İş və sığorta stajları fərqli şeylərdir. Belə olanda hakimiyyət hesab edir ki, gəlirlər azalırsa, xərcləri də azaldırlar. Xərcləri azaldanda isə ilk növbədə sosial müdafiə xərclərini azaldır. Əslində, 2019-cu ilin 19 yanvar mitinqindən sonra hakimiyyətdən gözləmədiyimiz addımları gördük, birdən-birə minimum əməkhaqqını, pensiyanı artırdı, devalvasiya nəticəsində yaranan borcları bağladı, əlavə olaraq əməkhaqlarının artımı prosesinə getdi. Beləliklə, sosial müdafiə büdcəsini kifayət qədər böyütdülər. İndi isə hakimiyyət bu büdcənin kəsilməsi göstərişini verib, bunun bir yolu pensiya yaşının artırmaq, imkanlarını məhdudlaşdırmaqla bağlıdır, nəticədə bir çox adam pensiya hüququnu təmin edə bilmir. Hələ qocalıq müavinəti ortalığa çıxanda, 16 min nəfərə şamil olunurdu, indi bu rəqəm 100 mindən çoxdur. 10 milyonluq Azərbaycanda təxminən 1 milyon 200 min nəfər pensiya alır, Belarusda əhalinin sayı bu qədər deyil, amma pensiya alanların sayı 2 milyon 500 nəfərdən çoxdur. Orada pensiyanın orta məbləği Azərbaycandan 1.5 dəfə çoxdur. Hökumət deyir ki, əlillərin sayı çoxdur, amma onların sayı ümumi əhali sayında 6.4 faiz təşkil edir. Digər ölkələrlə müqayisədə aşağı rəqəmdir, məsələn, əlillərin ümumi əhalinin sayında çəkisi Gürcüstanda 14 faizə yaxındır, Rusiyada 10 faizə yaxın, Türkiyədə 10 faizdən yuxarıdır. Hökumət saxta əlillik və pensiya olduğunu bildirir, bəli, olub, amma bunu əsas götürüb əlillərin pensiyasını kəsmək olmaz. Sualınızın məğzinə gələk, hakimiyyətin hazırlığı bundan ibarətdir, görəndə ki, gəlirlər azalıb və xərcləri də azaldır. Ancaq xərcləri azaldanda hakimiyyətin seçim imkanları da var, biri var idarəetmə imkanları azalsın, məsələn, 5 referentə ehtiyac yoxdur. Yaxud SOCAR-da 12 vitse-prezident vardı, onların hər birinin 12 müavini, 12 köməkçisi, 12 referenti və bütövlükdə, prezidentlə birlikdə 34 müşaviri var, təsəvvür edirsiniz bu nə deməkdir?! Bunları ixtisar etmirlər.Natiq Cavadlı və Qubad İbadoğlu Mənbə: Meydan.TV- Ancaq bu yaxınlarda 4 vitse-prezidenti işdən kənarlaşdırdılar... - Bəli, amma 8 vitse-prezident fəaliyyət göstərir, 4 nəfəri çıxartmaqla vakant yeri qoyublar, kimisə təyin edəcəklər. Daha çox mühəndislər, qazmaçılar, konstruktorlar ixtisar olunur. Hökumət də idarəetmə xərclərində ixtisarlara getmir, söhbət bahalı olan xidməti maşınlardan gedir, onların alınmasıyla bağlı limitlər tətbiq olunmalıdır, yaxud yanacaq sərfiyyatında limitə yenidən baxılmalıdır. - İşğaldan azad olunmuş ərazilərin yenidən bərpası, həmin rayon və şəhərlərin iqtisadi potensialını ən azı əvvəlki dövrə çatıdırılması üçün nə qədər zaman və nə qədər maliyyə gərək bilər? Bu, beynəlxalq təcrübədə necə həll olunub? - Maliyyə səviyyəsi bərpa işlərinin hansı səviyyədə həyata keçirilməsindən asılıdır, yəni dövlət hansı xərcləri üzərinə götürəcək. Əgər dövlət yalnız infrastruktur xərclərini üzərinə götürəcəksə, maliyyə üçün özünün xərcləri bəs etməyəcək, əlavə vəsaitlərə getməlidir. Çox böyük ehtimalla hökumət beynəlxalq maliyyə təşkilatlarından kredit götürməldir. Çünki dövlətin onu qarşılayacaq gücü yoxdur. Bu yaxınlarda işğaldan azal olunan rayonların yalnız kənd təsərrüfatına dəyən zərəri hesabladıq, bəlli oldu ki, 30 ildə 83.7 milyard dollar ziyan dəyib, kifayət qədər böyük məbləğdir. Hər halda dövlət bu ziyanı bərpa etmək niyyətində deyil. Amma biz Ermənistandan bunu kompensasiya kimi ödənilməsini tələb edə bilərik, beynəlxaq səviyyədə hüquqi proses kimi başlanıla da bilər. Hazırda çox adam nə vaxt torpaqlarına qayıdacağını soruşur, məncə, yaxın 3 ildə bu sualı verməyin əhəmiyyəti yoxdur. Ola bilər ki, lokal məskunlaşma olsun, amma kütləvi məskunlaşma olmayacaq. Yaxın 3 ildə dövlət təhlükəsizlik məsələləri ilə məşğul olmağa çalışacaq. Bir çox ərazi var ki, 3 ildən sonra qayıda biləcəyik, bu 3 il əlavə 3, 5 il də tələb edəcək. Dövlətin azad olunan ərazilərdə infrastruktur yaratması da vaxt aparan işdir, kifayət qədər dağıntılar var, hər şey sıfırdan başlanmalıdır. Və dövlət bu işləri yalnız özü etmək istəyir. - Yəni demək istəyirsiniz ki, dövlət xarici investisiyaları cəlb etmək istəmir? - Yox, dövlət onu istəyir, amma xarici investor heç vaxt gəlib yol çəkməyəcək, deyəcək ki, pul ver, yolunuzu çəkim. Amma kimsə gəlib orda biznes qurmaq istəyirsə, artıq xarici investoru ora cəlb edə bilərik ki, öz puluyla gəlib heyvandarlıq təsərrüfatı yaratsın, yaxud aqropark qursun. - Konkret olaraq, xarici investorları hansı sahələrə cəlb etmək olar? - Qarabağda dağ-mədən sənayesi var, artıq bu proses gedir. Türk şirkətləri və “Anglo Asian Mining” şirkəti Zəngilanda Vejnəli yatağının istismarıyla məşğul olur. O cümlədən, Kəlbəcərdə daha 2 yataq götürüblər, bu barədə şirkətin saytından məlumat aldım, bizdə bu barədə xəbər yayılmadı. Faydalı qazıntılar sənayesində xarici şirkətlərin cəlb edilməsi yönündə perspektivlər var. Kənd təsərrüfatında, emal sənayesində, sanatoriya, kurort, mineral sular və bütövlükdə turizm xarici investorlara cəlbedici ola bilər. Kənd təsərrüfatında arıçılıq, iribuynuzlu və xırdabuynuzlu heyvandarlığın yetişdirilməsində, məsələn, Kəlbəcər böyük potensiala malikdir. Amma Kəlbəcərlə kommunikasiya xətləri tam bərpa olunmayıb və ora gedib-gəlmək də müəyyən prosedurlar tələb edir, müəyyən təhlükələr yaradır. Problem ondan ibarətdir ki, biz bütövlükdə Qarabağın potensialından istifadə edə bilməyəcəyik. Bizə elə gəlir ki, Laçın və Şuşa tam azad olunub, amma əslində, eni 5 kilometr, uzunluğu 27 kilometr olan Laçın dəhlizi kifayət qədər böyük ərazini götürür. Əraziyə düşən kəndlər və rayon mərkəzi yenidən bərpa olunmayacaq, çünki ərazi dəhlizin keçəcəyi məkan olacaq. Şuşanın isə 37 kəndindən biri bizdədir, qalanları işğaldadır. Yaxud Ağdərənin də bəzi kəndləri işğaldadır. Bunlar o demək deyil ki, biz bütövlükdə Laçına, Kəlbəcərə və Şuşaya nəzarət edirik. Fakt odur ki, biz yalnız Şuşaya və Daşaltı kəndinə nəzarət edirik. - Ancaq alternativ yollar da çəkilir... - Bəli, Şuşaya iki yol çəkilir, onun biri müvəqqəti xarakter daşıyır, o birisi isə uzunmüddətli dövrdə istismara məruz qalacaq, ehtimal var ki, 2024-cü ildə işlər yekunlaşacaq. Eyni zamanda, Kəlbəcərə də yol çəkilir, bu yol Toğanadan gedən və Murov dağının ətəyindən keçir, böyük xərclər aparacaq. Çünki körpülər və tunellər çox olacaq, yəni relyef xərcləri əhəmiyyətli dərəcədə artıracaq. Bir daha təkrar edirəm, Laçın dəhlizi rayonu iki yerə böləcək, Güləbird və bəzi kəndlər Qubadlı tərəfdə qalacaq, digər kəndləri isə Kəlbəcər tərəfdə. Həmin kəndlərin əhalisinin bir-birini görmək üçün heç bir imkan yaranmayacaq. Kifayət qədər ciddi suallar var ki, bunlar investorları da maraqlandırır. Ona görə də investorların Azərbaycana gəlməsi və investisiya qoyması sualını indi cavablandırmaq çox çətindir. Türklər və digər dost ölkələrdən olan investorlar gələ bilər, amma sağlam, öz puluyla nələrsə qurmaq istəyənlər üçün çox şeylər dəyişilməlidir. Əvvəla, ölkənin ümumi investisiya riskində dəyişikliklər getməlidir, müstəqil məhkəmə hakimiyyəti olmalıdır, kimsə pul qoyursa, təminat verilməlidir ki, sabah mülkiyyətinə toxunmayacaqlar. Yeganə təminat verəcək sistem müstəqil məhkəmədir. Məhkəmə sistemi müstəqil deyilsə, hansı ağıllı adam ora investisiya qoyacaq? - Azərbaycanın uzaq iqtisadi starteji hədəfində Ələt İqtisadi Zonasının durduğu hiss edilir. Sizcə, bu zona Azərbaycanı Sinqapura və ya İrlandıyaya çevirə biləcəkmi? Çünki dünyada ən uğurlu azad iqtisadi zona təcrübəsii bu dövlətlərdə olub. - Çin sərmayəsinin gəlməsindən çox şey asılıdır. Bu gün Pekinlə Bakı arasında çoxehtiyaclı ticari əməkdaşlıq var, bu prosesdə həmin ərazilərdə yeni istehsalın və yeni məhsulun buraxılışı təmin edən səmayələrdir. Çin sərmayəsi gələcəksə, onların müasir texnologiyaları ilə yeni məhsul istehsal olunub dünya bazarına çıxarılacaqsa, onun perspektivini görəcəyik. Ələt Xəzər dənizinə çıxır, Xəzərin isə dünya okeanıyla heç bir əlaqəsi yoxdur. Bu dəniz yalnız Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirə bilər. Bəli, yüklərin daşınmasında böyük infrstruktur var və bunu müsbət dəyərləndirirəm. Amma orda yüklərin geniş axıcılıq qabiliyyəti yoxdur, hələ Azərbaycanın Sinqapur və İrlandiya kimi mərkəzlərə çevrilməsi üçün potensial çox aşağıdır və coğrafi yerləşmə də əhəmiyyətli rol oynayır. Həmin ölkələr okeana çıxış imkanlarına malikdir. Məşhur iqtisadçı Darem Acemoğlu ölkələrin inkişafında 4 amili əhəmiyyətli sayır: coğrafiya, təbii sərvətlər, mədəniyyət və nəhayət, institutlar. Burda söhbət siyasi mənada mədəniyyətdən, mülkiyyətə hörmətdən gedir, klassik mədəniyyətdən yox. Biz bunları təmin etməyənə qədər beynəlxalq miqyaslı böyük biznes infrastukturunu yarada bilməyəcəyik. - Ələt İqtisadi zonası ilə paralel infrastruktur qurulur. Bu gün hökumət Zəngəzur dəhlizindən danışır. Hökumətyönlü ekspertlər bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi strateji olaraq, Azərbaycanı şimal-cənub, şərq-qərb istiqamətində bir nəqliyyat hub-ına çevirə bilər. Sizcə, Zəngəzur dəhlizinin bu yöndə iqtisadi potensialı varmı? - Azərbaycan üçün perspektivi görürəm. Azərbaycan ən azı Zəngəzur, Mehri dəhliziylə Naxçıvanla birləşə bilir və Türkiyəyə çıxış imkanı əldə edir. Amma bunu beynəlxaq səviyyədə perspektivli məsələyə çevirmək üçün böyük dövlətlərin, o cümlədən, Çinin, Rusiyanın iştirakına ehtiyac var. Təbii ki, Mərkəzi Asiya ölkələri burda maraqlı olmalıdır ki, yüklərini Xəzər dənizi vasitəsilə gətirirlər və Araz boyu yüklər gəlir, Naxçıvan vasitəsilə Türkiyəyə, Yaxın Şərqə və Avropaya kedir. Bunun üçün Mərkəzi Asiya yükləri də kifayət etmir. Bizə yaxın gələcəkdə ən böyük imkanları Çin yarada bilər. Ancaq Çinlə də əməkdaşlıqda ehtiyatlı olmaq lazımdır. Çünki Çinin ekspansiya siyasəti var. Baxın, Çin Mərkəzi Asiyada infrastruktur yaradır, dəmiryolu xətti çəkirdi, amma krediti öz banklarında götürməyi və fəhlələrin də onlardan olması tələbini qoyurdu. Eyni zamanda, mülkiyyət hüququnun bir hissəsini özü əldə etmək istəyirdi. Biz bu şərtlərlə Çinlə əməkdaşlıq edə bilmərik. Yenə də bu gün inkişaf üçün lazım olan bir çox vacib element Çindədir. Hələ Azərbaycanla Çin arasında iqtisadi münasibətlər o dərəcədə inkişaf etməyib. Bu mənada Çin-Gürcüstan münasibətlərindən geri qalırıq. Çin Gürcüstana əhəmiyyətli dərəcədə sərmayələr qoyur, çünki qonşu ölkənin buna böyük ehtiyacı var. Amma Azərbaycan Çin sərmayələrinə ehtiyatla yanaşır, bəlkə doğru edir, çünki səbəbləri dedim, Pekinin ekspansiya siyasəti var. Bununla belə, gec-tez biz yenə də Çinə məruz qalacağıq, coğrafi vəziyyət elədir ki, alternativin böyük hissəsi Pekinin payına düşəcək.