ABŞ-dakı erməni lobbisi Türkiyənin 44 günlük Qarabağ müharibəsində Azərbaycana göstərdiyi dəstəyi, xüsusən də “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin bu müharibədə oynadığı rolu hələ də həzm edə bilmir. Və Türkiyənin regionda və dünyada mövqelərini gücləndirən amillərdən biri olan pilotsuz uçan aparatlar texnologiyasına zərbə vurmağa çalışır. Bundan əvvəl ABŞ-dakı erməni lobbiçiləri “Space X” şirkətinin sahibi İlon Maska təzyiq edərək onu Türkiyənin “Türksat 5B” peykini orbitə çıxarmaqdan imtina etməyə, administrasiyanı bu məqsədlə biznesmenə təzyiq göstərməyə çağırırdı. Səbəb isə erməni lobbiçilərinə görə, Türkiyənin Qarabağ müharibəsində oynadığı rol və öz pilotsuz sistemləri ilə regionda nüfuz sahibinə çevrilməsi idi. Onlar hesab edirlər ki, “Türksat 5B” hərbi təyinatlı peyki Türkiyənin pilotsuz təyyarələrinin təsir radiusunu daha da genişləndirməyə imkan verəcək.
İndi isə ABŞ Konqresinin Nümayəndələr palatasının hər iki patiyadan olan 27 üzvü dövlət katibi Entoni Blinkenə məktub yazaraq Türkiyənin sürətlə inkişaf etməkdə olan pilotsuz döyüş sistemlərini “Birləşmiş Ştatların maraqları üçün təhdid” adlandırıb. Və pilotsuz sistemlərin istehsalı üçün texnologiyaların və hissələrin Türkiyəyə verilməsini dayandırmağa çağırıb.
Məktubda deyilir ki, ötən ilin payızında Qarabağda tətbiq edilən “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin azı 10 detalı Birləşmiş Ştatlarda və ya bu ölkədə törəmə müəssisələri olan şirkətlərdə istehsal olunur. virtualaz.org xəbər verir ki, məktubda dövlət katibindən Türkiyənin dron sənayesi barədə hesabatla çıxış etmək xahiş olunur. Bu hesabatda Türkiyənin dronlarında Amerika texnologiyalarının rolu və sanksiyalar haqda qanunların pozulub-pozulmaması əks olunmalıdır. Rod Aylend ştatından konqresmen David Sisilayn və Florida ştatından Gus Bilirakisin təşəbbüsü ilə hazırlanan məktubda iddia edilir ki, Türkiyənin pilotsuz sistemləri dünya miqyasında bir çox bölgədə qeyri-stabilliyə səbəb olub, ABŞ-ın maraqlarını, müttəfiqlərini və tərəfdaşlarını təhdid edir.
“Türkiyənin dronları son bir ildə Azərbaycanda, Suriyada, Liviyada tətbiq edildi. Yürkiyə Polşa və Pakistana da bu dronları satmaq üçün müqavilə imzalayıb. Habelə Şimali Kiprdə dron bazası qurmağa hazırlaşır”,-konqresmenlər bildirir.
Qeyd edək ki, Qərbdəki erməni lobbisinin “Bayraktar” PUA-larına qarşı Azərbaycanın Qarabağı azad etməsindən sonra başlayan hücumları bundan əvvəl Kanadanın bu dronlarda tətbiq edilən kameraların təchizatından imtina etməsinə səbəb olmuşdu. Lakin çox tezliklə “Baykar” şirkəti onların yerinə milli ASELSAN şirkətinin işləyib hazırladığı və daha üstün göstəricilərə malik kameralar istifadə etməyə başladı. Türkiyənin pilotsuz sistemlər texnologiyaları böyük ölçüdə yerlidir və bu baxımdan amerikalı konqresmenlərin yazdıqları məktubun “Bayraktar TB2”-lərin, eləcə də Türkiyənin seriya istehsalını başlatdığı, daha güclü “Akıncı” və “Aksungur” kimi pilotsuz təyyarələrin istehsalını əngəlləyə bilməz.
Amma sual yaranır-“Bayraktar”lar ötən ilin payızında 44 günlük müharibə zamanı işğal altındakı Azərbaycan ərazilərində ABŞ-ın maraqlarına necə zərbə endirə bilərdi? Həmin konqresmenlərə görə, ABŞ-ın maraqları Azərbaycan ərazilərinin işğalının davam etməsindən keçirdi?Bu ki, açıq-aşkar özünürüsvadır və məktub müəlliflərinin ABŞ-ın maraqları haqda deyil, sifariş aldıqları erməni diasporunun maraqları haqda düşündüklərini ortaya qoyur.
Siyasət şöbəsivirtualaz.org