Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmadığı bildirilir.
Azərbaycan Müdafiə Nazirliyi ( MN) bildirir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Bununla bağlı nazirlik avqustun 11-i gecə saatlarında məlumat yayıb.
Məlumata görə, avqustun 11-i saat 16:20-dən 21:05-dək Ermənistan silahlı qüvvələri mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Qalakənd və Zamanlı yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan, o cümlədən snayperlərlə atəşə tutub.
"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur",məlumatda qeyd edilir.
Nazirlik habelə vurğulayıb ki, qarşı tərəfə cavab verilib.
Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.
Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.
Xatırlatma2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.