XİN-in NOTASI VƏ PAŞAZADƏNİN SÜBUT TƏLƏBİ... – Şeyxülislam bu dəfə kimdən “sübut” istəyəcək?

12-08-2021, 20:18   




“İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb...”
Bu cümlələr Azərbaycan XİN-in ötən gün yaydığı açıqlamadan götürülüb və uzun müddətdir İranın yük maşınlarının Ermənistana, xüsusilə də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağa daşıdığı müəmmalı yüklərlə bağlı Azərbaycan cəmiyyətinin, dövlətinin narahatlığının və narazılığının rəsmi şəkildə bəyan edilməsidir.
Bu isə bir müddət öncə “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” fikrinə görə tənqidlərə məruz qalan Şeyxülislam Allahşükür Paşazadənin İranın məlum yük maşınları ilə bağlı ona ünvanlanan suala cavabıdır: “Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram. Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla, görüm, bunu hardan götürmüsən.”

Yəqin ki, hörmətli şeyx artıq XİN-in son açıqlamasından xəbərdardır. Əgər xəbərdardırsa, yaxşı olar ki, indi də Azərbaycan XİN-in rəsmi mövqeyi ilə öz mövqeyini tutuşdursun. Çoxsaylı xəbərdarlıqlara, mətbuatda video və foto materialların, təkzibolunmaz faktların dərc edilməsinə, Milli Məclis də daxil olmaqla bir çox səviyyələrdə İranın yük maşınlarının separatçıların və rus sülhməramlılarının nəzarətindəki ərazilərə müxtəlif təyinatlı yüklər daşımasına etirazlar səsləndirilməsinə baxmayaraq, İran bütün bunlara məhəl qoymurdu. Nəticədə, ölkəmizin xarici işlər idarəsi bu faktlara rəsmi qaydada etiraz etməli oldu.
Bəs, görəsən cənab A.Paşazadə buna nə deyəcək? 
Qeyd edək ki, A.Paşazadə həmin açıqlamasında İranı sözügedən hərəkətlərinə görə qınayan Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmazdan, eləcə də mətbuatdan izahat, fakt tələb etmiş, məhkəməylə hədələmişdi. Bəlkə indi də yenə İranın vəkili rolunda çıxış edərək, Azərbaycanın Xarici İşlər Nazirliyindən izahat, mənbə, sübut istəsin, onu məhkəməylə hədələsin?...
Əslində, “missiyası” ondan məhz bunu tələb edir, ancaq buna cəsarəti çatarmı – bu artıq başqa söhbətin mövzusudur...
Xatırladaq ki, Prezident İlham Əliyev son müsahibələrinin birində bu mövzuya toxunaraq, demişdi: “Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora? Bir də əgər kimsə hesab edirsə ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır.”

Həmin vaxt siyasətdən uzaq şəxslər də daxil olmaqla, hər kəs söhbətin İrandan getdiyini anlamışdı, yalnız Şeyxülislamdan başqa (sərf etmədiyi üçün)...
Sonda onu da qeyd edək ki, cəmi bir ay əvvəl İranın yeni seçilən Prezidenti İbrahim Rəisi İlham Əliyevə ünvanladığı məktubda onu işğal olunmuş ərazilərimizin azad edilməsi münasibətilə təbrik etmişdi və bu addım cəmiyyətimiz tərəfindən müsbət qarşılanmışdı. Yaxşı, o təbrik nə idi, Qarabağdakı separatçılara yük daşınması nədir? Axı bunların ikisi bir araya sığan davranışlar deyil və bir-birilə ziddiyyət təşkil edir. Yaxşı olar ki, A.Paşazadə Azərbaycan mətbuatından və Türkiyə rəsmilərindən izahat, sübut tələb etməkdənsə, İrandakı itaət və sitayiş yeri hesab etdiyi ağalardan bu ziddiyyətin səbəbini soruşsun...
Cəlal Məmmədov


“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.