Çin virusun laboratoriyadan sızma versiyasına qarşı çıxır – Qərb mediası

14-08-2021, 08:02   



Ekspertin fikrincə, bir ssenari belədir ki, laboratoriya işçisi obyektdə nümunələri yığandan sonra virusu ehtiyatsızlıqdan Vuhana gətirə bilərdi
Çin rəsmiləri koronavirusun laboratoriyadan sızması versiyasını kənara qoymaqdan ötrü təhqiqata təzyiq ediblər. Bunu Dünya Səhiyyə Təşkilatının (DST) pandemiyanın mənşəyi üzrə qalmaqallı birgə tədqiqata rəhbərlik etmiş eksperti deyib.
Avqustun 12-də Danimarka televiziyasına müsahibəsində Piter Ben Embarek deyib ki, çinli həmkarları onların tapıntılarının təqdimatına təsir göstərmək istəyiblər. Belə ki, çinli tədqiqatçılar pandemiyanın mənşəyinin Vuhandakı laboratoriya ilə əlaqələndirilməsinə qarşı çıxıblar.
“Əvvəlcə, onlar laboratoriya haqda hesabata heç nə salınmasını istəmirdilər, bunu qeyri-mümkün, vaxt itkisi adlandırırdılar. Biz isə bunun hesabata salınmasında israr edirdik, çünki virusun hardan qaynaqlanması haqda bütöv məsələnin bir hissəsi idi”, – Ben Embarek deyib.


48 saatlıq müzakirədən sonra
DST-Çin komandası bu ilin əvvəlində açıqladığı hesabatda deyirdi ki, rəsmi adı SARS-CoV-2 olan virusun Vuhan Virusologiya İnstitutundan, yaxud bu şəhərdəki başqa bir obyektdən təsadüfən sızması “ehtimalı çox aşağıdır”. Tədqiqatçıların birgə komandası məsələnin əlavə araşdırılmasını tövsiyə etmirdi.
Ben Embarekin sözlərinə görə, sızma versiyasının hesabata salınmasının müzakirəsi 48 saat çəkib. Sonucda onun çinli həmkarları bununla razılaşıblar, “bir şərtlə ki, bu hipotezin gələcəkdə xüsusi araşdırılması tövsiyə olunmasın”.


Versiyanın “ehtimalı çox aşağıdır” ifadəsi də Çinin tələbi olubmu? Ben Embarek deyir ki, “bəli, sonucda buna razılaşıblar. Amma bu ifadə də o deməkdir ki, bu versiya qeyri-mümkün deyil, sadəcə, ehtimalı azdır.
Ekspertin fikrincə, bir ssenari belədir ki, laboratoriya işçisi obyektdə nümunələri yığandan sonra virusu ehtiyatsızlıqdan Vuhana gətirə bilərdi. Bu, həm laboratoriyadan sızma nəzəriyyəsi sayıla bilər, həm də yarasadan birbaşa yoluxma. İkinci versiya hesabatda “ehtimal olunan” kimi göstərilib.
Ben Embarek deyir ki, “insan səhvi” də ola bilərdi, amma Çinin siyasi sistemi bunu etiraf etməyə icazə vermir.


Yanlış tərcümə?
Maraqlıdır ki, ekspert qəzetin suallarına cavabında sözügedən müsahibəni ingilis dilinə səhv tərcümə edildiyini deyib. O, əlavə şərh üçün DST-yə müraciət etməyi məsləhət görüb.
DST sözçüsü Tarik Jazareviç də şərhin yanlış tərcümə edildiyini, müsahibənin “neçə ay əvvəl” götürüldüyünü söyləyib
Martda sözügedən hesabat açıqlanandan sonra DST komandası sızma versiyasının daha araşdırılmayacağını bildirdi. O zaman hətta bu versiyaya skeptik yanaşanlar üçün belə onun kənara atılması gözlənilməz oldu.
Avqustun 12-də isə DST koronavirusun mənşəyi üzrə araşdırmada “növbəti addımlar”ın vacibliyini vurğulayıb.
Bu ayın sonuna ABŞ kəşfiyyatı da pandemiyanın mənşəyinə dair 90 günlük araşdırmanı tamamlamalıdır.


Ən düzgün təhqiqatı kim apara bilər
Yalnız müstəqil alimlər koalisiyası COVID-19-un mənşəyinə dair müəyyən cavab əldə edə bilərlər. Bunu isə “Foreign Affairs” dərgisi yazır.
Məqalədə deyilir ki, virusun heyvandan insana keçməsi versiyası dəfələrlə vurğulansa da, yoluxma mənbəyi kimi konkret heyvan göstərilməyib. Digər versiya isə laboratoriyadan təsadüfi sızmadır.
Versiyalardan heç birini sübuta yetirmək mümkün deyil. Hətta ABŞ kəşfiyyatının gözlənən dəyərləndirməsi belə mübahisəyə son qoya bilməyəcək, çünki bir çox ölkələr ona ABŞ-Çin rəqabəti prizmasından baxacaq, dərgi yazır.


Birləşmiş Ştatlar və müttəfiqləri milli elmlər akademiyalarının koalisiyasının başçılığı ilə müstəqil elmi təhqiqata çağırmalıdırlar. Məqalədə qeyd olunur ki, bu koalisiyaya Çinin, ABŞ-ın milli elmlər akademiyaları, eləcə də digər ölkələrin uyğun qurumları daxil edilməlidir. Amma bundan ötrü Çin tam təhqiqata şərait yaratmalıdır.
“Çinin laboratoriya versiyasını ört-basdır etməsinə etibarlı dəlil ortaya çıxarsa bunun Pekin üçün nüfuz baxımından, eləcə də nəhəng, diplomatik və siyasi təsirləri ola bilər, ABŞ-ın geosiyasi maraqlarını isə irəli aparar. Amma belə bir dəlil rəqib tərəfdən ortaya qoyularsa, bu heç də amerikalıların gələcək pandemiyalardan təhlükəsiz çıxacağı anlamına gəlmir. Laboratoriya təhlükəsizliyi qaydaları, pandemiyanın yayılmasını aşkarlayacaq qlobal sistem... Birləşmiş Ştatlarla Çinin daha çox əməkdaşlıq etməsindən asılıdır”, – məqalədə vurğulanır.
Koronavirusa dünyada 200 milyondan çox yoluxma aşkarlanıb, 4 milyondan çox insan həyatını itirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.