Nə oldu Paşazadə, bəs deyirdin… – Prezident “CNN-Türk”dən həm də onu “vurdu”
15-08-2021, 10:24
Azərbaycan Prezidenti İlham Əliyev dünən “CNN-Türk” televiziyasına verdiyi müsahibəsində bir çox mətləblərə aydınlıq gətirdi, bəzi dövlətlərə açıq mesajlar göndərdi. Ölkə başçısı Qarabağdakı son vəziyyəti şərh edərkən, Rusiyanı 10 noyabr Bəyanatının tələblərini yerinə yetirməyə və Ermənistanı silahlandırmamağa çağırdığı kimi, İranın yeni hökumətinin Azərbaycanla bağlı strategiyasını hələ müəyyənləşdirmədiyini, rəsmi Bakının da bunu gözlədiyini, dolayısıyla Tehranın ölkəmizlə bağlı mövqeyinə uyğun olaraq bizim də öz xarici siyasət kursumuzu formalaşdıracağımızı vurğuladı.
Zənnimizcə, İlham Əliyev müsahibəsində təkcə yaxın qonşularımıza mesaj göndərməklə kifayətlənmədi, öz daxilimizdəki qüvvələrə də üstüörtülü şəkildə bəzi ismarışlarını yolladı. Məlum olduğu kimi, Qafqaz müsəlmanlarının şeyxülislamı Allahşükür Paşazadə həzrətləri bir müddət əvvəl guya “Xameneinin fitvası” ilə işğal altındakı ərazilərimizi qurtardığımız barədə absurd fikirlər səsləndirmiş, buna etiraz edənlərə isə Prezident İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyevin də nə vaxtsa eyni sözləri dediyini “xatırlatmışdı”. Bununla da qalmamış, 44 günlük savaşda bizə mənəvi-siyasi dəstək verən Pakistanın adını ümumiyyətlə yaddan çıxarmışdı. Prezident İlham Əliyevin şeyxülislam hacı Allahşükür Paşazadənin adını çəkməsə belə, ona cavabı olduqca konkret idi: “Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir. Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik”. /Demokrat.az