Müəllif: Leonid ŞvetsKabilin sürətli çöküşü və Əfqanıstanda taliblərin hakimiyyətə gəlişi bütün dünyada ən canlı və emosional əks-səda doğurdu. Bəs necə: 20 il əvvəl amerikanların və müttəfiqlərinin birgə səyləri ilə hakimiyyətdən uzaqlaşdırılmış icma-tayfa münasibətlərinin “vəhşi” tərəfdarları Qərb koalisiyası qoşunlarının çıxarılmasının elanından bir neçə ay sonra ölkəni özlərinə qaytardılar. Sayca dəfələrlə böyük müasir əfqan ordusu sadəcə əriyib getdi, mərkəzi hakimiyyətin nümayəndələri isə ya qaçdı, ya “Taliban”a sədaqət andı içdi.Bununla bağlı ABŞ prezidenti xüsusilə amansız tənqidə və istehzaya məruz qalır. Onu ABŞ və Qərbin ümumilikdə uğursuz vəziyyətə düşdüyü situasiyaya yol verməkdə ittiham edirlər. Taliblərin real potensialı yetərincə qiymətləndirilmədi, Kabil hökumətinin və silahlı qüvvələrinin imkanları isə şişirdildiyi göz önündədir.
New York Times-ın bilgilərinə görə, hələ iyunun sonlarında ABŞ kəşfiyyat xidmətləri qoşunların çıxarılmasından sonra taliblərin Kabil üçün real təhlükəyə çevrilməsinə daha il yarım vaxt lazım olacağını fərz edirdilər.
Digər tərəfdən, hadisələrin bu cür fəlakətli şəkildə inkişaf etməsi əyani göstərir ki, amerikanların Əfqanıstandan çıxmaq qərarı nə dərəcədə doğru idi. O cümlədən, Co Baydenə hazırkı vəziyyət Senatın beynəlxalq münasibətlər komitəsində və Barak Obamanın dövründə iki müddət vitse-prezidentlik kimi çalışdığı vaxtlardan oradakı vəziyyət yaxşı məlumdu və o, heç vaxt həm əcnəbi süngülərə arxalanan dərin korrupsioner hakimiyyətlə, həm də bacarıqsız əfqan ordusu ilə bağlı xüsusi illüziyalar bəsləmirdi. Amerikanlar onlara nə qədər yardım etsələr də, bu, keyfiyyət dəyişikliklərinə aparıb çıxarmırdı, odur ki, bu vəziyyəti sonsuzadək davam etdirməyin mənası yoxdu və çıxıb getmək lazım idi. «Mən hakimiyyəti dövründə ABŞ qoşunlarının Əfqanıstanda olduğu dördüncü prezidentəm, onların ikisi respublikaçı, ikisi isə demokrat olub. Mən bu müharibəni beşinci prezidentə ötürmək istəmirəm və ötürməyəcəyəm », - Bayden bəyan edib.
Qoşunların çıxarılması ilə bağlı taliblərlə razılığa əslində əvvəlki prezident administrasiyası gəlib və 2020-ci ilin fevralında müvafiq saziş bağlayıb. Düzdür, orada Kabil hökuməti ilə “Taliban”ın arasında xalq etimadı keçid hökumətinin formalaşmasına dair danışıqlar aparmaq öhdəliyi də vardı. Ancaq prezident Əşrəf Qəninin və digər rəhbərlərin ölkədən qaçmasında kimi günahlandırmaq olar. Danışıqlar aparmaq üçün heç kəs yoxdur. Yalnız Əfqanıstan İslam əmirliyini elan etmək qalır.
Şok yaradan blitskriqin hazırlanması və gerçəkləşməsinə görə əsas xidmət “Taliban”ın siyasi rəhbəri və yaradıcılarından biri olan Abdulla Qəni Baradarın adına yazılır. Sovet qoşunlarına qarşı müqavimətin veteranı olan Baradar özünün keçmiş komandiri və bacısının əri Məhəmməd Ömərlə birlikdə Qəndəharda mədrəsə yaradaraq onun bazasında yeni hərəkat formalaşdırdı. Həmin hərəkatın məqsədi ölkənin din vasitəsilə təmizlənməsi və islam əmirliyinin yaradılması elan edildi. «Taliban»ın uğuru bütün gözləntiləri üstələdi və 1996-cı ildə taliblər Kabili ələ keçirdi. Həm də döyüşsüz. Və həmçinin İslam əmirliyini elan etdilər. ABŞ-ın 11 sentyabr 2001-ci il terroruna cavab olaraq başlatdığı “Sarsılmaz azadlıq” əməliyyatı başlayanda Baradar hökumətdə müdafiə nazirinin müavini vəzifəsini tuturdu.
Digər talib rəhbərləri kimi, Abdulla Baradar da bacarıqla gizlənirdi, ancaq 2010-ci ildə MKİ Kəraçidə onun yerini müəyyən etdi və pakistanlılar onu həbs etməyə məcbur oldular. Bəlkə də bu həbs onun həyatını xilas etdi, çünki Ömər 2013-cü ildə amerikan pilotsuz aparatının zərbəsi nəticəsində öldürüldü. 2018-ci ildə isə nüfuzlu lideri Qətərdə baş tutan sülh danışıqlarına cəlb etmək qərara alındı və Baradar azad olundu. Məhz o, “Taliban”ın adından amerikanlarla 2020-ci ildə saziş imzaladı. Yalnız Kabil hakimiyyəti ilə keçid hökumətinə dair danışıqlar aparmağa heç kəs hazırlaşmırdı. Nə mənası var? Sadəcə gözləmək lazımdı ki, ABŞ və müttəfiqlərinin ordusunun Əfqanıstandan çıxarılması elan olunsun, bir az təzyiq göstərmək və qələbə sənindir.
Çətin ki həmin vaxt ABŞ və müttəfiqləri Əfqanıstanın demokratiya, bazar iqtisadiyyatı və insan haqları prinsipləri əsasında sivil dəyişdirilməsi ideyasının tərəfdarı olmaqda davam edirdilər. Generallar Baydendən yalnız ölkə ərazisində hər hansı terror güclərinin formalaşmasının qarşısını almaq üçün böyük olmayan kontingent saxlamağı xahiş edirdilər. Ancaq prezidenti inandırmaq mümkün olmadı. O, aprelin 6-da yekun qərarını qəbul etdi və bundan sonra hadisələrin inkişafının qarşısını almaq çox çətinləşdi.
Məsələ ondadır ki, 001-ci ildən bu yana heç bir ərazilərə nəzarət edən, hüququn aliliyinin və hakimiyyətin monopoliyasının olduğu əfqan dövləti mövcud deyildi. Sadəcə amerikanlardan və beynəlxalq güc kontingentindən yararlanmaq və qazanmaq metodu vardı. Həmin beynəlxalq güclərə isə müxtəlif vaxtlarda 38 dövlət, o cümlədən Əfqanıstan, habelə Azərbaycan sülhməramlı batalyonu daxil idi.
Təkcə Almaniya özünün iştirakına 16 milyard avro xərcləyib. Cəlb olunmuş qüvvələrə və vəsaitlərə görə çox nəhəng bu əməliyyata xidmət əfqan bürokratiyasına tapşırılmışdı, ordu və digər güc strukturları isə köməkçi rolunu oynayırdı. “Dolandıran” yoxdur - xidmət sistemi də dağılıb getdi.
2019-cu ilin prezident seçkiləri bu cəhətdən çox xarakterik epizod sayılır. Bu seçkilərdə Əfqanıstanın 32 milyonluq əhalisindən cəmisi 2 milyona yaxını iştirak edib. Nəticələri səsvermədən 5 ay sonra elan etdilər. Əşrəf Qəninin hər hansı legitimliyindən danışmağa dəyməz. «Taliban» əfqanlara səs verməməyi məsləhət gördü - onlar da səs vermədilər. Ölkədə əsl hakimiyyətin kimə məxsus olduğunu göstərmək üçün bundan əyani misal tapmaq çətindir. Taliblər məntiqi olaraq qərara gəldilər - hakimiyyəti bölmək üçün danışıqlar aparmağa nə tərəf, nə də səbəb var.
Bütün bu şərtlər fərqli, müasirliyə can atan, kübar məktəbləri və universitetlərin, hamı üçün təhsilin olduğu, ətraf dünyaya açıq Əfqanıstan mümkünlüyünə inanmış çoxlu sayda insanın faciəsinin üstündən xətt çəkmir. Əgər əfqan kəndi həyatı şəriətdən kənarda təsəvvür etmirsə, şəhər əhalisinin böyük hissəsinə bu, yaddır. Başqa məsələdir ki, bir anda orta əsrlərə qayıtmağa hazır olmayan, islamçı fanatiklərin təzyiqinə qarşı dayanan adamların sayı olduqca azdır. Onlara yalnız qaçmaq qalır. BMT-nin qaçqınların işi üzrə Agentliyi ilin əvvəlində Əfqanıstandakı evlərini tərk edən 550 min nəfəri qeydə almışdı və bu, faciəvi axının yalnız başlanğıcıdır.
Hazırda taliblərin nümayəndələri hamını əmin edirlər ki, sülhpərvərdirlər və istənilən münaqişəli məsələni bütün maraqlı tərəflərlə danışıqlar masasında müzakirə etməyə hazırdırlar. Qonşulara münasibətdə aqressiv planları inkar edirlər. Əvvəlki rejimlə və əcnəbilərlə əməkdaşlıq etmiş hər kəsə amnistiya vəd edirlər. Ancaq ədalət məhkəməsi üçün əsas, əlbəttə ki, şəriət olacaq və hər kəs bilsin: məhkəmə nə qərar versə, o da yerinə yetiriləcək.
Abdulla Baradarın söylədiyi kimi, indi “Taliban” üçün əsl sınaq başlayır. Ölkəni amerikalıların korrupsioner nökərlərinin əlindən almaq mümkün oldu, bəs bundan sonra nə etməli?
Bütün müşahidəçilər hərəkatın çoxçeşidli tərkibindən bəhs edir. Əslində, bu, öz doğma əyalətlərində və doğma kəndlərinin ətrafındakı ayrı-ayrı ərazilərə nəzarət edən tayfa dəstələrinin müstəqil komandir və rəhbərlərinin əlvan konqlomeratıdır. Abstrakt ümumdövlət səviyyəsində nələrin baş verdiyi onlar üçün çox da maraqlı deyil.
Bundan əlavə, rusiyalı şərqşünas, İnnovasion inkişaf İnstitutunun islam tədqiqatları Mərkəzinin rəhbəri Kirill Semyonovun söylədiyi kimi, hətta Abdulla Baradar da olsa-olsa taliblərin hərbi və siyasi qərargahında rol oynayan və tabeliyində Pakistanın Qerdi və Miramşah şəhərlərindəki ayrı-ayrı hərbi şuraların olduğu “Şura-e-Kvetta” hərəkatının bir qanadının təmsilçisidir. Ondan başqa muxtar qanad olan, “Əl-Qaidə”nin metodlarını tətbiq edən, mülki obyektlərə hücumlarda intiharçılardan yararlanan «Şura-e Peşavor» muxtar qanadı da var. Əsas məqsəd əldə olunandan sonra bu iki puştun qanadının münasibəti necə olacaq? Əfqanıstandakı etnik azlıqlar - taciklər, xəzərlilər, özbəklər və digərləri də heç yerə yox olmayıb. Hakimiyyəti əldə etmək çətindir, ancaq onu əldə saxlamaq daha çətindir.
Şübhəsiz, taliblər bir müddət daxili məsələlərlə daha çox məşğul olacaqlar, çünki onların ekspansiyası ilə bağlı əndişələr hərəkatın öz niyyətlərini əks etdirməkdən daha çox ətraf dünyanın qorxularından xəbər verir. Eyni zamanda taliblərin Mərkəzi Asiyaya potensial irəliləyişinin qarşısını alan Şimal alyansının iflası da bölgənin dövlətlərində həyəcan doğurmaya bilməz.
Yeni geosiyasi bölgü ilə bağlı təsvirlər də hələlik tezdir. Bu təsvirlərdə ABŞ-ın tərk etdiyi yeni-köhnə Əfqanıstanda xüsusi rol Çin, Türkiyə, Pakistan və ya Rusiyaya ayrılıb. Əlbəttə, məsələn, yaxınlarda kəşf olunmuş litium yataqlarını əlinə keçirmək istəyənlər az olmayacaq. Ancaq əfqan dərsinin xüsusiyyəti də ondadır ki burada xarici qüvvələr tez-tez özlərinin ölkəyə təsir etmək imkanları ilə bağlı yanlış fikrə düşürlər. Ən namünasib anda səhnəyə türbanlı, başında pakol, əlində kalaşnikov avtomatı olan adam çıxır.
virtualaz.org