Bu şəkil dünən Kabul aeroportunda çəkilib. Şəkildə Əfqanıstandan ABŞ-a uçan təyyarənin içi görünür.
Gördüyünüz kimi, təyyarənin göyərtəsi insanlarla təpili-tıxılıdır, ilk informasiyaya görə, salonda 600 adam olub.
Bunlar Əfqanıstanda silah gücünə yenidən hakimiyyətə gələn "Taliban"ın repressiyasından, zülmündən qaçan əfqanlardır.
Onların hamısının səbəbi var - yadelli işğalçılarla əməkdaşlıq ediblər. "Taliban" isə belələrini "xain" deyə damğalayır və edam edir.
Adamlar edamdan, zorlanmadan qaçırlar. Onların vətəndə qalan qohum-əqrəbalarını, arvad-uşaqlarını köləlik gözləyir.
Təyyarənin içinə doluşa bilmək xoşbəxtliyi qazananlara, eləcə də təyyarənin böyrüncə qaçan minlərlə adama baxanda hamının ağlına bir fikir gəlir: nədən bu qədər adam əllərinə silah götürərək, "Taliban"a müqavimət göstərməyib?
Cavab sadədir: ABŞ kimi bir hegemon dövlətin hərbçiləri silah-sursatlarını bu terror təşklatına verib aradan çıxırsa, 300 minlik silahlı qüvvələrə malik dövlət heç bir müqavimət göstərmədən ard-arda iri şəhərləri "Taliban"a təslim edirsə, bu başıpozuq, təşkilatlanmamış insanlar heç cür müqavimət göstərə bilməzdilər.
Onların gücü yalnız qaçmağa çatır. "Taliban"a qarşı durmağı təşkil etməli olanlar başqaydı və onlar hamıdan öndə qaçıblar. Bu geriyə qalanlar isə onların ardınca getmək istəyən bədbəxlərdir.
Hələ təyyarənin içindəkiləri nisbətən xoşbəxt saymaq olar. Onlar labüd ölümdən qurtuldular. Vətəndəkilərlə müqayisədə bir az çox, asudə yaşayacaqlar və böyük ehtimalla qürbətdə öləcəklər.
Musavat.com