Əfqanıstan paytaxtı Kabili ələ keçirən Taliban özünün ilk mətbuat konfransını keçirib.
Jurnalistlərin suallarına cavab verən Talibanın rəsmi nümayəndəsi, o cümlədən ABŞ qüvvələri ilə əməkdaşlıq edən şəxslərin əfv olunacağını deyib, qadınların vəziyyətini və təhlükəsizlik məsələlərini şərh edib.
Kabildə keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Talibanın sözçüsü onlara qarşı vuruşunların əfv olunacağını bəyan edib.
"Əfqanıstanda sabitlik və sülh naminə bizə qarşı vuruşanların hamısını əfv etdik. Düşmənçiliklərə son qoyuldu", - Zabihullah Mücahid deyib.
Onun sözlərinə görə, onlar Talibana qarşı vuruşanlardan qisas almaq fikrində deyillər.
"Daxili və xarici düşmən istəmirik", - Zabihullah Mücahid deyib.
Hökumət nümayəndəsi həmçinin ölkədə qadınların vəziyyəti barədə danışıb.
O, qadınların cəmiyyətdə çox aktiv olacağını" və "İslam qanunlarımız çərçivəsində" işləmələrinə icazə veriləcəyini bildirib. Lakin bunun real həyatda nə demək olduğunu izah etməyib.
Eyni zamanda Zabihullah Mücahid qadınların islam qanunlarını qəbul etməsinin əhəmiyyətini vurğulayıb.
Təhlükəsizlik vəziyyəti
"Ölkə daxilində tam təhlükəsizlik mövcuddur", - Talibanın nəzarətində olan bölgələrdə insan oğurlanması və qətllər barədə xəbərləri şərh edən Zabihullah Mücahid deyib.
Hökumət sözüçüsü həmçinin ölkədə xarici döyüşçülərin sığınma riski barədə suala da cavab verib.
"Əfqanıstan torpağı heç kimə qarşı istifadə edilməyəcək, - Zabihullah Mücahid deyib.
"Biz beynəlxalq ictimaiyyəti buna inandıra bilərik."
Onun sözlərinə görə, Əfqanıstanda döyüşlərə son qoyulmalıdır: " Əmin olmaq istəyirik ki, Əfqanıstan artıq münaqişə meydanı olmayacaq".
Talibanın sözçüsü mətbuatın roluna hörmət ediləcəyini "özəl medianın azad və müstəqil olmağa davam edəcəyinə" söz verərkən deyib ki, "media bizə qarşı işləməməlidir".
"Media millətin birliyi üçün işləmildir", - Taliban nümayəndəsi deyib.
O, əmin edib ki, Taliban "mədəni çərçivələri" daxilində mediaya sadiq qalır.
"Hökumət qurulandan sonra hər şey daha aydın olacaq".
Türkiyə Əfqanıstan münaqişəsi ilə bağlı Taliban da daxil olmaqla "bütün tərəflərlə" danışıqlar apardığını bildirib. Bunu Türkiyənin Xarici İşlər Naziri öz iordaniyalı həmkarı ilə Əmmanda keçirdiyi mətbuat konfransında deyib.
Mevlüt Çavuşoğlu, Türkiyənin hazırda həm öz, həm də digər ölkələrin vətəndaşlarını təxliyə etmək üçün çalışdığını deyib.
Bundan əvvəl Türkiyə, digər qüvvələrin geri çəkilməsindən sonra Əfqanıstan hava limanını qorumaq üçün Kabil aeroportunda qalacağını elan etmişdi. Amma Taliban hakimiyyəti ələ keçirdikdən sonra bunun baş tutub-tutmayacağı məlum deyil.
Adı çəkilməyən iki mənbə Reuters xəbər agentliyinə bu planların hazırda ləğv edildiyini bildirib, ancaq Taliban istəsə Türkiyə dəstək verməyə hazırdır, mənbə deyib.
Bazar ertəsi günü yayılan görüntülərdə on minlərlə əfqanın ölkəni tərk etmək təyyarənin üçün uçuş xəttinin üzərində dayandığı, təyyarələrin üstünə çıxanların təyyarə hərəkət etdikdən sonra onun üzərindən yıxıldığı görülüb. Həmin hadisələrdə 5 nəfərin öldüyü bildirilsə də, onların atəşlə öldürüldüyü və ya izdihamda əzildiyi məlum deyil.
Paylaşımın sonu Facebook, 1
Hazırda Kabil hava limanında diplomatların və mülki şəxslərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi uçuşlar bərpa edilib.
Rəsmilər bu gün vəziyyətin "daha sakit" olduğunu bildirirlər.
"Dünən burada olan adamların çoxu evlərinə gedib", - Qərb təhlükəsizlik rəsmisi Reuters agentliyinə deyib.
Lakin agentliyə danışan şahidlər hava limanı istiqamətindən hələ də ara-sıra atəş səslərinin eşidildiyini bildirib.
Hava limanı hazırda Əfqanıstandan Qərb qüvvələrinə açıq olan yeganə çıxış nöqtəsidir.
Türkiyə minlərlə əfqanın ölkəsini tərk etdiyi vaxtda Əfqanıstandan potensial yeni qaçqın axınının qarşısını almaq üçün İranla sərhədi boyunca divar tikdiyini bildirib.
AFP-nin məlumatına görə, tikanlı məftil və səngərlərlə möhkəmləndirilən divarın uzunluğu 295 km olacaq.
Bəzi ölkələr müəyyən sayda əfqan qaçqınları qəbul edə biləcəyini açıqlayıb. Kanada qadınlar daxil olmaqla 20 min nəfəri qəbul edəcəyini bildirib.
NATO-ya üzv olan bir sıra ölkələr deportasiyanı dayandıracaqlarını və daha çox qaçqın qəbul edəcəklərini açıqlayıblar.
Hindistan əfqanlar üçün tezləşdirilmiş viza rejimi tətbiq edəcəyini qeyd edib.
ABŞ Prezidenti Joe Biden Əfqanıstandakı vəziyyətlə bağlı çıxışında ABŞ-ın gələcək addımlarını açıqlayıb.
Prezident bildirib ki, "ABŞ qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını düzgün" sayır.
"Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm".
"Mən qəti olaraq verdiyim qərarın arxasında dururam", - Biden deyib.
"Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır", - o bildirib.
O bildirib ki, ABŞ-ın Əfqanıstandakı 20 illik missiyasının məqsədi ABŞ-a qarşı "terrorçu hücumun qarşısını almaq idi".Biden deyib ki, Amerika xalqına həmişə açıq danışacağına söz verib, lakin Talibanın hücumunun "gözlənildiyindən daha sürətlə baş verdiyini" etiraf edib.
ABŞ və müttəfiqlərin mülki personalının Əfqanıstandan çıxarılmasını asanlaşdırmaq üçün ABŞ-ın 6000 əsgərlik qoşunu səfərbər olunur.ABŞ Əfqanıstan müttəfiqlərini və müdafiəyə ehtiyacı olan əfqanları Əfqanıstanın xaricinə təhlükəsiz yerə evakuasiya edir.Əfqanıstanda yaşayan minlərlə amerikalı vətəndaş ölkədən evakuasiya ediləcək.Qoşunlar aerodromun təhlükəsizliyini təmin edəcək, hava daşımalarının idarə olunmasını öz üzərinə götürəcək, mülki və hərbi uçuşların fasiləsiz yerinə yetirilməsini təmin edəcək
Biden xəbərdarlıq edib ki, "ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, ABŞ "öz insanlarını dağıdıcı qüvvə ilə müdafiə edəcək".O deyib ki, bu müdafiə "sürətli və qətiyyətli" olacaq.
Kabil hava limanında bütün hərbi və mülki uçuşlar dayandırılıb, Pentaqon bildirib.
Qurumun sözçüsü John Kirby deyib ki, uçuşların nə vaxt başlayacağı barədə məlumat yoxdur.
"Güman edirik ki, yaxın vaxtlarda hava əməliyyatlarını bərpa edə biləcəyik", o deyib.
Onun sözlərinə görə, məqsəd gün ərzində minlərcə insanı təxliyə etməkdir.
ABŞ hərbçiləri hazırda hava limanının təhlükəsizliyini qoruyur.
Pentaqon bildirib ki, hazırda hava limanında 2500 ABŞ əsgəri var, yaxın saatlarda daha 500 əsgər də ora yollanacaq.
Pentaqon onu da bildirib ki, ABŞ-ın hərəkətləri iki silahlı şəxsin ölümünə səbəb olub.
Kabil beynəlxalq hava limanında vəziyyət "kövrəkdir" və ABŞ rəsmiləri yalnız bütün amerikalıların evakuasiya olunması, əfqanların isə qalacağı mümkünlüyünü nəzərdən keçirir, BBC-nin ABŞ-dakı tərəfdaşı CBS bildirib.
CBS-in milli təhlükəsizlik üzrə müxbiri David Martin bildirib ki, əfqan müttəfiqlərini qoyub getməyə dair qərar hələ qəbul edilməyib, amma o, "masa üzərindədir" və ABŞ qoşunları hava limanını nəzarətə götürə bilməyəcəyi təqdirdə bu varianta baxılacaq.
Kabil Beynəlxalq Hava Limanında isə təşviş icində gözləyən əfqanlar ölkədən çıxmağa cəhd edirlər.
Bazar ertəsi təyyarə havaya qalaxarkən ona minməyə çalışan üç nəfər təyyarənin aşağı hissəsindən düşərək ölüblər.
Taliblər paytaxt Kabili tutandan sonra böyük bir insan izdihamı hava limanına axışıb.
Xəbərlərə görə, ABŞ hərbçiləri təyyarələrə zorla keçməyə çalışan insanları dağıtmaq üçün havaya atəş açıblar.
Taliban insanların həyatını qorumaq üçün təmkin sərgiləməlidir, BMT Baş katibi Antonio Guterres deyib.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Guterres deyib ki, "ölkə boyu insan hüquqlarının ciddi şəkildə məhdudlaşdırılması barədə qorxulu məlumatlar" eşidib.
"Mən xüsusilə Əfqanıstanın qadın və qızlarına qarşı insan haqlarının pozulması kimi qiymətləndirilən hallar barədə xəbərlərdən narahatam", - Guterres deyib.
"Biz Əfqanıstan xalqını tək qoya bilmərik və bunu etməməliyik".
Özbəkistan Müdafiə Nazirliyi bu gün bildirib ki, ölkənin hava hücumundan müdafiə qüvvələri Əfqanıstan hərbi təyyarəsini sərhədi keçdikdən sonra vurub.Nazirlik təyyarənin qeyri -qanuni olaraq ölkənin hava sahəsinə keçmək istədiyini açıqlayıb. Təyyarədə neçə nəfərin olduğu və sağ qalanların olub-olmadığını barədə məlumat yoxdur.
Bazar günü Taliban hərəkatı yaraqlıları Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstanın Prezidenti Əşrəf Qani ölkəni tərk edib və onun Özbəkistana getdiyi bildirilib.
Taliban gözlənilmədən və sürətlə Əfqanıstanın paytaxtının böyük hissəsini ələ keçirib. Qərb diplomatları, onların vətəndaşları və yerli sakinlər yaxın bir neçə gün ərzində təxliyənin aparılacağı Kabul hava limanında toplaşırlar.
Taliban hakimiyyətə gəldikdən sonra Kabildə həyat
BBC-nin video jurnalisti Malik Mudassir bu gün Kabildə çəkiliş aparıb.
"Taliban hər yerdədir, əvvəllər rəsmi polis və ya ordu barrikadaları olan keçid məntəqələrindədir. Bu gün şəhərdə panika yoxdur. Taliban yol hərəkətinə nəzarət edir, maşınlar axtarılir. Xüsusən də əvvəllər polisə və orduya məxsus olan avtomobillərdə axtarış aparılır. Taliban bütün o avtomobilləri götürüb özləri istifadə edir.
Şəhərin mərkəzində həyat normaldır. Trafik çox azdır. Mağazaların çoxu bağlıdır. Ancaq insanlar çox qəzəbli olduqları dünənlə müqayisədə daha sakit görünürlər.
Küçədə bir neçə qadın gördüm. (COVİD) üz maskaları və baş örtüyü taxmışdılar. Küçələrdə gəzirdilər, istədiklərini edirdilər. Talibanın onlarla işi yox idi.
Küçələrdə ümumiyyətlə musiqi səsi yoxdur. Əvvəllər fon musiqisi ifa edilən Serena otelində qalıram. Burada da dayandırılıb. İnsanlar qorxur. Amma şəhər hələ də öz fəaliyyətinə davam edir.
Amma… hava limanındakı səhnə fəlakət idi. Ailələr, uşaqlar, gənclər, yaşlılar, hamısı hava limanına doğru gedir, bu ölkədən qaçmaq üçün mübarizə aparırdılar.
Hava limanının əsas giriş qapılarına yaxınlaşan kimi, orada ağır silah -sursatı olan Taliban adamları görünür. Onlar havaya atəş açaraq insanları dağıtmağa çalışırdılar. Hava limanına girmək istəyən insanlar divarlara, hətta tikanlı məftillərə, hətta qapılara dırmaşırdılar. Hər kəs hava limanına girməyə çalışırdı".
ABŞ səfirliyi Kabil hava limanı vasitəsi ilə işçilərin təxliyəsinə başlayıb. Digər Qərb ölkələrindən diplomatlar da ora gətirilir.
ABŞ əsgərlərinin Kabil beynəlxalq hava limanına və ABŞ və müttəfiqlərinin heyətinin təxliyəsi üçün hava nəqliyyatına nəzarət etdiyi bildirilir.
Lakin kommersiya uçuşları dayandırılıb və buna görə yüzlərlə Əfqanıstan və digər xarici vətəndaşlar hava limanında gözləyirlər.
ABŞ mediası şahidlərə əsasən yazıb ki, bu gün hava limanında, sərnişin terminalında azı üç nəfər silahla öldürülüb. Atəşin hansı şəraitdə açıldığı məlum deyil.
Fransa, Almaniya, Kanada və bir sıra digər Qərb ölkələri vətəndaşlarını təxliyə etmək üçün hərbi təyyarə göndərəcəklərini bildiriblər.
ABŞ-ın Əfqanıstandakı müvəqqəti işlər vəkili Ross Wilson ölkəni tərk etdb. 60-dan çox ölkə ortaq bir bəyanat yayaraq, Talibanı ölkəni tərk etmək istəyən insanlara icazə verməyə çağırıb.
Taliban Kabildə paytaxtın bir sıra rayonlarına daxil olduğunu və onlardan 11-ə nəzarət etdiyini bildirir.
Taliban həmin rayonlara "təhlükəsizliyi təmin etmək" üçün girdiyini söyləyib.
Bazar günü Kabildəki bir hospitala cavabdeh olan bir QHT xəstəxanaya 40-dan çox yaralının gətirildiyini bildirib.
Kabilin Qarabağ rayonunda döyüşlər
Bazar günü yaralıların əksəriyyətinin Kabilin Qarabağ rayonundan gətirildiyi deyilir - həmin rayonda döyüşlərin getdiyi bildirilib.
BBC tərəfindən müstəqil yoxlanıla bilməyən bir tvitdə deyilir ki, xəstəxanaya 22 nəfər yerləşdirilib, daha yüngül zədələri olanlar isə digər tibbi müəssisələrə göndərilib.
Bu arada Taliban sözçüsü döyüşçülərə paytaxta girmək əmrinin şəhərdə qarətçiliyin qarşısını almaq məqsədilə edildiyini bildirib.
Prezident Qani ölkəni tərk edib
Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edib.O öz Facebook postunda yazıb ki, qan tökülməsinə yol verməmək üçün ölkəni tərk edib.
''Bu gün çətin seçim qarşısında qaldım. Saraya soxulmaq istəyən silahlı talibançılarla üz-üzə görüşmək və ya müdafiəsinə 20 ilimi həsr etdiyim gözəl ölkəni tərk etmək'' - deyə president Qani yazıb.
Qani yazıb ki, Əfqanıstanı tərk etməsəydi talibançılar Kabilə hücum edərdi və bu, dinc sakinlərin ölümünə səbəb olardı.
''Qanlı döyüşlərə yol verməmək üçün, düşündüm ki, getsəm yaxşıdır'' - Qani yazıb.
Bundan əvvəl bir neçə nazirlik başçısı, o cümlədən müdafiə naziri də ölkəni tərk ediblər. Həmçinin vitse-prezident Əmrulla Salehin də qaçdığı bildirilir.Əşrəf Qani Özbəkistana gedib. Əfqanıstanın əsas şəhərləri son 10 gün ərzində Talibanın əlinə keçdikcə, cənab Qaniyə istefa verməsilə bağlı təzyiqlər artmaqda idi.
Son həftələrdə ölkənin digər rayonlarındakı şiddətdən qaçan minlərlə əfqan paytaxt Kabilə sığınıb.Bazar günü insanların təlaş içində banklardan pul çıxarmağa və ölkəni tərk etmək üçün səyahət sənədlərini hazırlamağa çalışması səhnələri ilə yadda qalıb. Bu arada,Taliban sözçüsü BBC-yə bildirib ki, əfqanlara qarşı "heç bir qisasçılıq" olmayacaq.
Bazar günü Taliban rəsmisi döyüşçülərə bayram atəşi açmasına icazə verilməyəcəyini söyləyib. O əlavə edib ki, Əfqanıstan qüvvələrinin üzvlərinə evlərinə qayıtmağa icazə veriləcək.
Rəsmi eləcə də hava limanının və xəstəxanaların fəaliyyətinin davam etdirməsinə icazə veriləcəyini və təcili təchizatların bağlanmayacağını bildirib.
Xaricilərə istədikləri təqdirdə ölkəni tərk edə biləcəkləri və ya Taliban administrasiyasında qeydiyyatdan keçib qala biləcəkləri deyilib.
ABŞ öz səfirliyinin işçilərinin evakuasiyasını sürətləndirib və bu işə 5000 əsgər kömək edir.
Taliban hərəkatının silahlıları Kabil istiqamətində hücuma bazar günü səhərdən başlayıblar.
Əfqanıstanın paytaxt şəhəri hökumət qüvvələrinin nəzarət etdiyi son böyük yaşayış məntəqəsi idi.Əfqanıstanın Daxili İşlər Nazirliyi taliblərin Kabilə bütün istiqamətlərdən daxil olduğunu bildirir.
Taliban Kabilə daxil olduğu vaxt sakinlərin bir qismi avtomobillərdə paytaxtı tərk etməyə çalışırlar, yollarda tıxaclar yaranıb.
Bəzi insanlar avtomobillərini yolda qoyub aeroporta doğru piyada hərəkət edirlər.
Şahidlərin sözlərinə görə, irəliləyən Taliban döyüşçülərinə göstərilən müqavimət cüzi olub.
Taliban öz döyüşçülərinə zorakılıqdan çəkinməyi və ölkəni tərk etmək istəyən hər kəsə təhlükəsiz hərəkəti təmin etməyi göstəriş verir.
ABŞ Kabildə yerləşən səfirliyindən işçilərin evakuasiyasına başlayıb.
Britaniya öz vətəndaşlarının və digər şəxslərin Əfqanıstandan çıxışına kömək etmək üçün ölkədə 600-ə yaxın hərbi qulluqçusunu yerləşdirib.