İRAN ÜÇÜN “TALİBAN” DİLEMMASI - Tehran Əfqanıstanın yeni hakimiyyəti ilə nə edəcək?

19-08-2021, 13:13   






İran son illər keçmiş düşməni "Taliban"-la işlək münasibətlər qurub və hazırda bu islamçı qruplaşmanın Əfqanıstanda hakimiyyətə keçməsini diqqətlə izləyir. Qaçqın axını, mümkün sabitsizlik, terrorçuların qonşu ölkədə özünə daimi yer eləməsi Tehranı ənidşələndirən məsələlərdir.
"Azad Avropa" radiosunun əməkdaşı Gülnaz İsfəndiyari İran rəsmilərinin məsələni ehtiyatla götür-qoy etdiyini yazır. Son illər qruplaşma təmsilçilərinə yer belə ayırmış Tehran, hələlik, qruplaşma ilə açıq kontakta keçməyib.
Kabilin avqustun 15-də silahlıların əlinə keçməsindən sonra yeni Prezident İbrahim Rəisi və vəzifədən getməkdə olan xarici işlər naziri Məhəmməd Cavad Zərif "Taliban"-ın adını çəkməyib. “Ordunun məğlubiyyəti və ABŞ-ın Əfqanıstanda çəkilməsi bu ölkədə həyatın, təhlükəsizliyin, davamlı sülhün bərpasına fürsət yaratmalıdır”, – Rəisi avqustun 16-da Zərifə deyib. Prezidentin andiçmə mərasiminə əfqanıstanlı həmkarı Əşrəf Qani də qatılmışdı.
Bundan bir neçə saat öncə isə Zərif tvitində yazıb ki, zorakılıq və müharibə, işğal problemləri heç vaxt həll etmir. O, Əfqanıstanın keçmiş Prezidenti Həmid Kərzainin əfqan liderlərin koordinasiya şurasının yaradılması haqda açıqlamasını alqışlayıb.
Təhlilçilərin fikrincə, İran qərb qonşusunda maraqlarını ən yaxşı formada necə təmin etməyi nəzərdən keçirir. Tehran keçmişdə həm açıq şəkildə Əfqanıstan hökumətini dəstəkləyirdi, həm də Talibanla əlaqələri inkişaf etdirirdi. İran bu islamçı qruplaşmanı “Əfqanıstanın bugünkü reallığının bir hissəsi” adlandırıb, gələcəkdə həllin tərkib hissəsi olmasının vacibliyini vurğulayıb.
Avstraliyanın Deakin Universitetində Yaxın Şərq və Orta Asiya siyasəti üzrə professor Şahram Əkbərzadə deyib ki, İran liderləri özlərini o yerə qoymurlar. Onlar ABŞ-ın çıxmasını əfqan xalqının qələbəsi kimi qeyd ediblər ki, bu da əslində, "Taliban"-a dəstək demək idi.
Əkbərzadənin sözlərinə görə, Tehran Əfqanıstanın gələcək hökumətilə səmimi olmasa da peşəkar münasibətlərə ümid bəsləyir. Eyni zamanda "Taliban"-ın şiələrə qarşı olacağı, hazar azlığını təqib edəcəyi, antiiran siyasəti yürüdəcəyi ilə bağlı narahatlıq da var: “Bu, İranı həddən artıq əndişələndirir. Geostrateji nöqteyi-nəzərdən bu, Səudiyyənin Əfqanıstan üzərində təsirini asanlaşdırmaq olar. Əfqanıstanda anti-şiə və anti-iran hökumət Tehran üçün ciddi təhlükəsizlik problemləri yaradar, əfqan ərazisini anti-iran terror qruplarının sığınacağına çevirər”.
Tehranda yaşayan, adının çəkilməsini istəməyən müşahidəçi isə qeyd edir ki, İran anti-amerikan mövqeyi ilə milli maraqlarını, o cümlədən sərhədlərində təhlükəsizliyi balanslaşdırmağa çalışır.
İranın Əfqanıstanda keçmiş müvəqqəti işlər vəkili Əbdülməhəmməd Tahiri rəsmi IRNA agentliyinə deyib ki, ölkəsinin Əfqanıstanda nüfuzu, həmçinin müxtəlif qruplarla iş təcrübəsi var, əfqan xalqının əziyyət çəkməməsi və İranın təhlükəsizliyi naminə "Taliban"-a təzyiq göstərə bilər. Tahiri ABŞ qüvvələrinin Əfqanıstandan çıxmasını Talibanın ildırım sürətilə irəliləməsinə yol açan xəyanət adlandırıb. O, Tehranın bu dəyişikliyin ən mənfi nəticələri ilə üzləşəcəyini bildirib. Ekstremist İslam Dövləti (İD) və Al-Qaidə terror qruplaşması üzvləri daxil olmaqla qaçqın axını da gözlənir.
Xatırladaq ki, Əfqanıstanla 900 kilometr sərhədi olan İranda 3 milyondan çox əfqan yaşayır.
"Taliban" 1998-ci ildə Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhəri tutanda yeddi iranlı diplomat və bir jurnalist öldürülmüşdü. Amma son illər iki ölkə müəyyən əlaqələr qurub. Talibanın hökumət qüvvələrinə qarşı uzunmüddətli müharibəsində İranın ona silah göndərdiyi də iddia olunub. Tehran isə ittihamları təkzib edib.
Tehranın avqustun 17-də bəyan edib ki, Əfqanıstandakı beş missiyasından 3-nün heyəti Kabildən işləyir, amma əməkdaşların sayı kəskin azaldılıb.
"Azadliq.org"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.