Ermənistanda təsdiq ediblər ki, ötən ilin noyabrından, yəni Qarabağda hərbi əməliyyatlar başa çatandan sonra Rusiya bu ölkəyə “ordunun modernləşdirilməsi üçün” silahlar göndərir.
virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryan ötən gün axşam İctimai televiziyaya müsahibəsində deyib.
“2020-ci ilin noyabrından başlayaraq biz öz arsenalımızı modernizə etmək və yeniləmək üçün Rusiyadan silahlar alırıq, bu proses fasiləsiz olaraq davam edir. Ermənistan hökuməti ordunu tam modernizə etmək niyyətindədir və bu vəzifə maksimal qısa müddət ərzində həll ediləcək”,-Armen Qriqoryan belə deyib.
Rusiyanın Ermənistanı yenidən silahlandırması haqda bir neçə gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində danışıb.
“
Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır”,-İlham Əliyev bildirib.
İndi Rusiyadan ötən ilin noyabrından başlayaraq intensiv şəkildə müasir silahlar aldıqlarını Ermənistanda da təsdiq edirlər, hərçənd bu silahların nədən ibarət olduğu haqda hələlik məlumat yoxdur. Qeyd etmək lazımdır ki, hərbi əməliyyatların başa çatmasından sonra Ermənistanla Rusiya hərbi rəhbərliyi arasında intensiv təmaslar davam edib. Bu günlərdə isə Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvaya səfəri zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ona xəncər hədiyyə edərək demişdi: “Hesab etmək olar ki, silah təchizatı artıq başladı”.
Bir gün əvvəl isə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Azərbaycan tərəfinin Ermənistanın silahlandırılması ilə bağlı haqlı narahatlığını şərh edərkən xarici ölkələrə silah təchizatının “Rusiyanın suveren hüququ” olduğunu deyib və əlavə edib ki, Moskva regionda qüvvələr balansının dəstəklənməsinin zəruriliyindən çıxış edir.
Başqa sözlə, Rusiyanın Ermənistanı yenidən silahlandırmasının məqsədi indiki halda “qüvvələr balansını bərpa etməyə” yönəlib. Bu yenilik deyil və Rusiya hələ illər əvvəl Ermənistana silah təchizatının regionda qüvvələr balansını dəstəkləməyə yönəldiyini deyirdi.
Başqa sözlə, Moskvanın siyasəti buna yönəlmişdi ki, Azərbaycanla Ermənistan arasında hərbi tarazlıq olsun və nəticədə Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlamağa risk etməsin. Çünki hərbi baxımdan qarşıduran iki tərəf arasında qüvvələr nisbəti bərabər və ya təxminən bərabərdirsə o zaman tərəflərdən bu və ya digərinin qarşı tərəf üzərində müharibə meydanında üstünlük qazanmasına da əminlik olmayacaq.
Başqa sözlə, Rusiyanın Ermənistanı silahlandırmaq siyasəti ona yönəlmişdi ki, Qarabağda status-kvonu qoruyub saxlasın.Lakin ötən ilin payızında başlayan və 44 gün davam edən müharibə bu siyasəti tamamilə alt-üst etdi. Məlum oldu ki, Azərbaycanla Ermənistan arasında hərbi tarazlıqdan söhbət gedə bilməz, çünki döyüş meydanında ən müasir və yüksək dəqiqlikli silahlarla silahlanmış, 5-ci nəsil müharibə aparan ordu ilə Rusiya silahları ilə silahlanmış və köhnəlmiş taktika ilə döyüşən, cəmi bir neçə günə darmadağın edilərək qaçmağa üz tutan ordu qarşı-qarşıya gəlib.
Rusiyanın illərlə Ermənistana havayı verdiyi tanklardan bir qismi-hərbi qənimət olaraqAzərbaycan müharibənin başa çatmasından dərhal sonra öz ordusunu daha da təkmilləşdirmək və daha da modernizə etmək üçün genişmiqyaslı islahatlar başlayıb. Eləcə də ordunun arsenalının ən yeni silah sistemləri ilə gücləndirilməsi üçün yeni müqavilələr bağlanır. O cümlədən bu günlərdə məlum oldu ki, İsrail hərbi sənaye şirkətləri ilə yüz milyonlarla dollarlıq yeni müqavilələr bağlanıb.
Belə olan halda Rusiya Ermənistanın darmadağın edilmiş ordusunun qalıqlarından necə müasir ordu quracaq və onu hansı silahlarla silahlandıracaq ki, hərbi potensialını, döyüş qabiliyyətini durmadan artıran Azərbaycan ordusu ilə tarazlıq yaratsın?
F.Məmmədov
virtualaz.org