ABŞ-ın ixtirarında olan 370 min nəfərlik ən müasir hərbi texnikayla təchiz olunmuş ordu Talibanın rus avtomatları ilə silahlanmış 75 min nəfərlik nizamsız dəstələrinə müəmmalı planla məğlub etdirildi; Əfqanıstanın qaçqın prezidentinin və Taliban liderinin ABŞ-da CİA-nin təqaüdü ilə "təhsil aldığı" bildirilir...
Əfqanıstanda baş verənlər dünyanın əsas gündəm mövzusu olaraq, qalmaqdadır. Yəqin ki, hələ uzun illər ərzində bu gündəm mövzusu dəyişməyəcək. Çünki, bu ölkədə baş verənlər bütün ölkələr və xalqlar üçün müxtəlif mövzularda "örnək" rolunu oynaya bilər.ABŞ dünyaya demokratiya yaymaq missiyasını öz üzərinə götürüb. Qəribə də olsa, indiyə qədər Ağ Ev bu missiya üzrə heç bir ölkəni və xalqı demokratiya ilə tanış edə bilməyib. Əksinə, ABŞ əsgərlərinin ayağı dəyən ölkələr çox qısa zaman içərisində xaos və fəlakət məkanına çevrilib.
Əfqanıstan da istisna deyil. İndi bu Asiya ölkəsində ABŞ-ın "demokratiya yayma missiyası"nın doğurduğu faciəvi insanlıq dramı yaşanır. Əfqanıstanın paytaxtı Kabildəki hava limanında baş verənlər ABŞ-dan demokratiya və xoşbəxt həyat umanlara əsl dərs məzmunundadır. Hələ də Amerika demokratiyasının şirniklənənlər Ağ Evin ssenariləşdirdiyi bu tamaşadan nəticə çıxartmalıdır. Çünki ABŞ-dan "demokratiya dilənən" hər bir xalqı məhz belə sonluq gözləyə bilər.
Kabil hava limanında Talibandan qaçıb, xilas olmaq istəyənlər məhz ABŞ-ın "demokratiya yaymaq missiyası"nın cazibəsinə şirniklənən sadəlövh insanlardır. ABŞ ümidlərini puça çıxardığı bu köməksiz insanları Əfqanıstanda qaldığı 20 ildən sonra taleyin, daha doğrusu, Talibanın öhdəsinə buraxıb, gedir. ABŞ-a xidmət etmiş, CİA-nın təlimatlarını yerinə yetirmiş onminlərlə insan indi istifadə edilib, lazımsız əşya kimi kənara atılıb. Yaxın gələcəkdə onları hansı faciələr gözləyir, bunu özləri də bilmir.
Bəs, bütün bunlar niyə baş verdi? ABŞ doğrudanmı Talibana məğlub oldu? Taliban ABŞ-ın patronaşlığı altında olan NATO hərbi kontingentini məğlub edə biləcək qədər savaş gücünə sahibdirmi?
Bu sualların hər hansı birinə müsbət cavab vermək üçün yalnız sadəlövh olmaq lazımdır. Çünki ABŞ Talibana məğlub olacaq duruma düşsə, Ağ Evi dünyada heç kim ciddiyə almaz. Talibanın öhdəsindən gələ bilməyəcək NATO-nu təsəvvür etmək belə, mümkün deyil. Bu halda, NATO heç kimə lazım olmazdı, bu hərbi-siyasi alyans ləğv edilərdi.
Məsələ ondadır ki, Əfqanıstanda NATO-nun təxminən 70-75 min nəfərlik hərbi kontingenti var idi. Üstəlik, bu hərbi kontingent NATO standartlarına uyğun şəkildə ən müasir silahlarla və hərbi texnika ilə təchiz olunmuşdu.
Ancaq heç bu da hamısı deyil. 70-75 minlik NATO qoşunlarının üzərinə bir də 300 min nəfərlik Əfqanıstan ordusunu da əlavə etmək lazımdır. Əfqanıstan ordusunun təlimlərinə və ən müasir silahlarla, hərbi texnika ilə təchiz olunmasına da 100 milyard dollara yaxın maliyyə vəsaiti xərclənmişdi. Bütün bunlar qətiyyən ehtimallar deyil. Ağ Ev təmsilçilərinin açıqladığı statistik rəqəmlərdir. Və həmin rəqəmlərə görə, Əfqanıstanda ABŞ-ın ixtiyarında nə az, nə çox 370 min nəfərlik yaxşı silahlanmış qoşun var idi.
Ancaq indiki mövcud nəticəyə görə, dünyada ABŞ-ı Əfqanıstanda biabirçı şəkildə məğlub olmuş ölkə kimi təqdim etməyə çalışırlar. Çünki ABŞ-ın ixtiyarındakı 370 minlik ən müasir hərbi texnika ilə silahlandırılmış ordu cəmisi 70-75 minlik Taliban silahlı qruplaşması qarşısında aciz duruma düşərək, Əfqanıstanı tez-tələsik tərk etmək məcburiyyətində qalıb. Həm də elə bir ciddi döyüş taktikasına malik olmayan, nizamsız Taliban dəstələri sadəcə, Rusiya istehsalı olan avtomat silahları ilə Əfqanıstanı ABŞ-a bağlı hərbi qüvvələrin əlindən alıb.
Bütün bunları nəzərə aldıqda, ABŞ doğrudan da biabırçı məğlubiyyətə uğramış kimi görünür. Ancaq bu məğlubiyyətin həqiqətən baş verdiyinə inanmaq üçün əvvəlcə sadəlövh olmaq lazımdır.
Çünki, heç də hər şey göründüyü kimi deyil və ola da bilməz. ABŞ Əfqanıstana konkret strateji hədəflərini reallaşdırmaq üçün girmişdi. Rusiyanın Çini enerji resursları ilə təmin edəcək boru kəmərini bloklamaq məqsədi güdürdü. Və buna nail oldu.
İndisə Ağ Ev artıq hədəflərinə çatdığı üçün bu ABŞ-ın "Əfqanıstan bataqlığı"nda qalıb, əlavə milyardlar xərcləməsinə ehtiyac yoxdur. Əksinə, indi Əfqanıstandan çıxmaq ABŞ-a daha önəmli strateji hədəfləri reallaşdırmaq üçün vacibdir. Və Ağ Ev əməliyyatın növbəti mərhələsinə start verib.
Əfqanıstanda hakimiyyətin dəyişməsi, onun Talibanın əlinə keçməsi isə Ağ Ev üçün qətiyyən problem deyil. Çünki ABŞ-ın strateji maraqları məhz belə tələb edir. Əfqanıstanın ölkədən qaçan və ya xüsusi əməliyyatla qaçırılan prezidenti Əşrəf Qanini ABŞ kəşfiyyatı yetişdirmişdi. O, Beyrut Amerika Universitetində təhsil almışdı, Dünya Bankında çalışmışdı. Sonradan onu ABŞ-a apardılar və gələcəkdə prezident edəcəkləri bu adama CİA-nın ayırdığı təqaüd ilə Kolumbia Universitetində əlavə təhsil verdilər.
Əfqanıstan prezidenti olduqdan sonra isə Ə.Qani ABŞ-ın ona çəkdiyi xərcləri bütün mənalarda doğrultdu. Əfqanıstan ABŞ-ın qeyri-rəsmi kaloniyasına çevrildi. Və indi onun da missiyası sona çatdığı üçün özləri ilə apardılar.
Baş verənlərə diqqət etdikdə prezident Ə.Qaninin hakimiyyətin Talibana ötürüləcəyi ilə bağlı əvvəlcədən məlumatlandırıldığı qətiyyən şübhə doğurmur. Hətta ona hakimiyyəti necə ötürməli olduğunun planı da verilmiş ola bilər.
Məsələ ondadır ki, hakimiyyətdən devrilmək üzrə olan bu adam baş verənlərə qətiyyən müqavimət göstərmədi. 300 minlik ordunun ali baş komandanı olan bu adam Talibanın ölkəni nəzarətə almasını sadəcə, müşahidə etməklə kifayətləndi. Sonra isə onmilyonlarla dolları qaçdığı təyyarəyə yükləyib, aradan çıxdı. Əfqanıstan xalqından oğurlayıb, apardığı paralar onun ABŞ-a göstərdiyi xidmətin mükafatı idi.
Təsadüfi deyil ki, Əfqanıstanın müdafiə naziri Taliban paytaxt Kabili ələ keçirtmək ərəfəsində "Bizi aldatdılar, vətənimizi xaincəsinə satdılar" demişdi. Ad çəkməsə də, əfqan generalın qaçan prezidenti nəzərdə tutduğunu anlamaq o qədər də çətin deyil. Qaçmaq ərəfəsində prezident Ə.Qani yaxın ətrafını da aldadıb, hər kəsə Müdafiə Nazirliyində vəziyyəti müzakirə etməyə getdiyini deyib və birbaşa hava limanına yola düşüb. Gerisi isə məlumdur.
Bununla da ABŞ-ın Əfqanıstanı Talibana təhvil vermə əməliyyatı baş tutmuş oldu. Bu əməliyyat hələ prezident Donald Trampın dövründən hazırlanmışdı. Talibanla bir sıra anlaşmalar əldə olunmuşdu. Hətta prezident D.Tramp ABŞ-ın tezliklə Əfqanıstanı tərk edəcəyini də gündəmə gətirməyə başlamışdı. Ancaq bu əməliyyatı yekunlaşdırmaq D.Trampa deyil, onu əvəzləyən prezident Co Baydenə qismət oldu.
İndi ABŞ Əfqanıstan məhz Taliban üzərindən idarə edəcək. Çünki bu silahlı qruplaşmanın lideri də ABŞ-da "təhsil alıb". Yəni, Ağ Ev Əfqanıstanı qətiyyən yad əllərə təslim etməyib. Ağ Ev bundan sonra Əfqanıstandan daha çox fayda götürəcək. Son 20 il ərzində Əfqanıstana tam nəzarət edən, ixtiyarında 370 minlik ən müasir hərbi texnika ilə silahlandırılmış ordu olan ABŞ-ın bir ovuc Taliban qüvvələrini sıradan çıxartmayaraq, qoruyub saxlamasının əsas səbəbləri indi aydın olur.
Hazırda prezident Əşrəf Qaninin qardaşı da daxil olmaqla, onun yaxın ətrafına aid olan bəzi nazirlər Talibanın sıralarına qatılmağa başlayıblar. Taliban isə böyük məmnuniyyətlə onları qəbul edir. Və bütün bunlar Ağ Evin dünya qarşısında yaxşı ssenariləşdirmiş bir "tamaşa"ya rejissorluq etdiyini göstərir.
Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, ABŞ və NATO-nun çıxmasından sonra bəzi ölkələr Əfqanıstana can atsalar da, əslində, bu ölkə yenə də Ağ Ev tərəfindən idarə olunacaq. Yəni, ABŞ əslində, Əfqanıstandan çıxmayıb, sadəcə, bahalı NATO-nu xərci olmayacaq Taliban ilə əvəzləyib. Hazırda Əfqanıstanda yerləşməyə tələsən həmin ölkələrə Taliban vasitəsilə ciddi problemlər yaradıla bilər.
Böyük ehtimalla Rusiya və Çin kimi ölkələr ABŞ-ın onlara hazırladığı "xaos sürprizi"nin nə qədər ciddi olduğunu anlayırlar. Çünki hazırda Kreml üçün Orta Asiya və Rusiyanın bu regionla hımsərhəd bölgələrində xaosun və terrorun baş qaldırma təhlükəsi olduqca aktualdır. Çin isə bu xaos və terror dalğası təhlükəsi ucbatından yeni İpək Yolu layihəsindən məhrum buraxıla bilər.
Göründüyü kimi, ABŞ Əfqanıstanda dünyanın, xüsusilə də öz beynəlxalq düşmənlərinin başına "corab hörmək" ilə məşğuldur. Ağ Ev Əfqanıstanda ABŞ-a problem yaradan dövlətlərə qarşı "dərin quyu" qazmağa çalışır. Hazırda məcburiyyət qarşısında Əfqanıstana can atan həmin dövlətlərin bu "quyu"ya düşməkdən xilas olması isə hələlik bir qədər çətin görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu