Putinin sentyabr sınağı: Navalnı tərəfdarları seçkidə Rusiyanı qarışdıra bilərmi...

24-08-2021, 09:34   




Son 30 ildə ilk dəfə ATƏT seçkiləri izləməyəcək, ekspertlərin fikrincə, 19 sentyabr parlament seçkiləri ölkənin siyasi simasını dəyişməyəcək - fərqli baxışlar

Sentyabrda Rusiyada parlament seçkiləri keçiriləcək. Amma ölkədə heç bir seçki ab-havası müşahidə olunmur. “Yeni Müsavat” yazır ki, bir aydan da az vaxt qalmasına baxmayaraq, ruslar seçkinin taleyi ilə bağlı entuziazmla danışmırlar. Hiss olunur ki, Kremldən idarə ediləcək seçkinin nəticələri indidən xalqa agahdır və hər hansı fundamental dəyişikliklər gözlənilmir.
Üstəlik, hakimiyyətin rəqibləri də zəiflədilib. Məsələn, yeni müxalif simalardan olan Aleksey Navalnı həbsdə saxlanılır və tərəfdarlarının bir-iki lokal mitinqlər keçirməkdən artıq taqəti yoxdur. Qərbin də Rusiya siyasətini qarışdırmaq, orada gəncliyi və liberalları ayağa qaldırmaq niyyəti və gücü görünmür. O baxımdan seçkinin prezident Vladimir Putinin xeyi-duası ilə yekunlaşacağı bəllidir. Bununla belə müəyyən gərginlik istisna deyil. Nəticələrdən narazı qalan müstəqil fəalların, Navalnı tərəfdalarının aksiyaları gözləniləndir. Sadəcə, nəticə etibarı ilə Putin iqtidarını silkələmək gücünə qadir deyillər.
Ümumiyyətlə, lideri həbsdə olan Rusiya müxalifətinin parlamentə düşə bilmək şansı da görünmür. Hətta Navalnı tərəfdarlarının seçkili orqanlarda təmsilçiliyi qanunla qadağan edilib. Deməli, yeganə yol kimi “məxməri inqilab” qalır, o da hakimiyyətin əlindəki resurslara baxanda mümkün görünmür. Rusiyada Dövlət Dumasına seçkilərdə namizəd qismində 6 minə yaxın şəxs qeydiyyata alınıb. Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Qeydə alınanlardan təqribən 4 mini partiya siyahıları üzrə, 2 mini isə birmandatlı dairələrdən namizəddir. Bütövlükdə, sentyabrın 19-da keçiriləcək seçkilərdə 90 mindən çox namizəd iştirak edəcək. Həmin günü federal parlamentin 450 yerdən ibarət aşağı palatası ilə yanaşı, regional parlamentlərin də tərkibi müəyyənləşəcək.
Bu arada Rusiya hakimiyyəti koronavirus pandemiyasını əsas gətirərək beynəlxalq müşahidəçi sayını azaldıb. ATƏT Rusiya Dövlət Dumasına sentyabrda keçiriləcək seçkini izləməyə müşahidəçi göndərməyəcək. Belə bir qərar son 30 ildə ilk dəfə verilir və Rusiya hakimiyyətinin qoyduğu “böyük məhdudiyyətlər”lə izah olunur. ATƏT PA-nın Prezidenti Marqareta Kederfelt müşahidəçi sayına məhdudiyyət qoyulmasından məyusluğunu dilə gətirib. Sentyabrın 19-da rusiyalılar parlamentin aşağı palatasının və 39 region parlamentinin üzvlərini, eləcə də doqquz region qubernatorunu seçəcəklər.
Azad MƏSİYEV
Azad Məsiyev
Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın dövlətçilik təcrübəsi və ənənələri var: “Rusiya dövlətinin seçki təcrübəsi var. Amma Qərb təşkilatları seçkilərin nəticələrinə kölgə salmaq üçün Navalnının həbsini göstərə bilər. Amma Rusiyada birmənalı qəbul olunub ki, Putinin alternativi yoxdur. Eyni zamanda dünya da bunu qəbul edib. Ona görə Putinin rəhbəri olduğu partiya böyük üstünlüklə qələbə qazanacaq. Sadəcə, Qərb müşahidəçiləri və beynəlxalq təşkilatlar nəticələrə kölgə salacaq bəyanatlarla çıxış edəcəklər”.
“19 sentyabr parlament seçkiləri də Rusiyanın siyasi simasını dəyişməyəcək”. Bunu pofessor Qabil Hüseynli deyib. Onun sözlərinə görə, qonşu ölkədə parlament seçkilərilə ciddi dəyişikliklərin olacağını gözləmir.
Qabil Hüseynli: “Ruslar yanılır, Türkiyə Qafqaza həmişəlik gəlib” »  Reyting.az
Qabil Hüseynli 
“Çünki Rusiya avtoritar qaydalarla idarə olunur. Bu mənada orada keçirilən parlament seçkiləri də formal xarakter daşıyır. Əvvəlki seçkilərdə saxtakarlıq halları olub. Səslərin hesablanmasında qərəzə yol verilir. Bu səbəbdən də hər zaman Rusiyada keçirilən parlament seçkiləri Putinin Vahid Rusiya Partiyasının qələbəsi ilə başa çatır. Sonrakı yerləri isə şovinist mövqedə olanlar, Kommunist Partiyası, Jirinovskinin Liberal Demokrat Partiyası və Ədalətli Rusiya Partiyası tutur”.
Q.Hüseynli hesab edir ki, ümumiyyətlə, Rusiyada seçki fəallığı hiss olunmur: “Seçkilərə bir aydan az vaxt qalır. Ancaq ölkədə siyasi qüvvələrin fəallığı müşahidə edilmir. Bir sözlə, partiya təmsilçiliyi baxımından əvvəlki parlament öz simasını dəyişməyəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.