Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərindəki erməni silahlı qruplarının Azərbaycan ordusunun Şuşa, Ağdam, Xocavənd istiqamətindəki mövqelərini son günlər tez-tez atəşə tutmasının ardınca sülhməramlılar reydlərə başlayıblar. virtualaz.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu reydlərin mobil patrul qrupları tərəfindən “Dağlıq Qarabağdakı hazırkı təmas xətti boyu” həyata keçirildiyini bildirir.
Qeyd olunur ki, ötən gün patrul qrupları BTR-82A zirehli transportyorlarında və yolsuzluq şəraitində hərəkət edə bilən “Ural” avtomobillərində ümumi istifadədə olan yollardan, eləcə də çətin keçilən qrunt yollardan istifadə edərək Rusiya sülhməramlılarının nəzarətindəki zonanın ucqar rayonlarını gəziblər.
“Gündəlik olaraq mobil patrul qruplarının qarşısına təmas xətti boyu Rusiya sülhməramlı kontingentinin iştirakını nümayiş etdirmək, habelə atəşkəs rejiminə əməl edilməsinə nəzarət etmək üçün yerdəyişmə həyata keçirmək vəzifəsi qoyulub”,-sülhməramlıların nümayəndəsi Aleksandr İsakov bildirib.
Onun sözlərinə görə, reydlər zamanı hava müşahidəsi həyata keçirilir, yerli sakinlərlə vəziyyətin necə dəyişdiyi barədə söhbətlər aparılır. Sülhməramlıların patrulu hər gün Ağdərə, Xocavənd və Laçın dəhlizi boyu patrul vəzifələrini yerinə yetirirlər.
virtualaz.org
◀▶