Rusiyanın Federal Təhlükəsizlik Xudmətinin sərhəd qüvvələri hələ 44 günlük müharibə ərzində Zəngəzurun Arazdəyən kəndinə yerləşdirilib. Virtualaz.org xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni xidmətinin sorğusuna cavab olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti bildirib. Arazdəyən kəndi istiqamətində son günlər tez-tez atışmalar baş verir və erməni tərəfi Azərbaycan ordusunun Sədərək ətrafında yerləşən mövqelərinə atəş açır.
Sorğuya verilmiş cavabda göstərilir ki, Rusiya sərhəd qüvvələri ötən il oktyabrın 19-da Naxçıvanla sərhəddə “Yerasx” (ermənilər Arazdəyən kəndini belə adlandırırlar,-red.) sərhəd zastavasını yaradıblar və orada dislokasiya olunublar.
Bununla belə Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirir ki, sərhədin həmin hissəsi Rusiya sərhəd qoşunlarının Arazdəyən kəndində yerləşdirilmiş bölmələri tərəfindən mühafizə olunmur. Həmin istiqamətdə Ermənistan ordusunun bölmələri mövqe tutub.
Rusiya sərhəd qoşunlarının qüvvələrinin Ermənistanın Azərbaycanla sərhəd Tavuş və Qeqarkunik vilayətlərində yerləşdirilməsi məsələsi ilə bağlı suala isə cavab verilməyib.
Xatırladaq ki, bu günlərdə Rusiya sərhəd qoşunları Tavuş vilayətinin Əskipara kəndində zastava qurub, vilayətin daha bir neçə kəndində rusların göründüyü haqda xəbərlər yayılmışdı.
virtualaz.org