Sülhəddin Əkbər: “Faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir ki, bu da Rusiyanın xoşuna gəlmir”“Rusiya kəşfiyyatı da bilir ki, Azərbaycanda Türkiyə Silahlı Qüvvələri var”“Görünən perspektivdə müharibə ehtimalı azdır, amma orta və uzaq perspektivdə bu ehtimal artacaq”Rusiya son 30 ildə olduğu kimi, 10 noyabr üçtərəfli sazişindən sonra da Ermənistanı silahlandırmaqda davam edir. Erməni rəsmilər elan edirlər ki, Moskva bu ölkəyə modern silahlar göndərir və bu, sistematik xarakter daşıyır. Ermənistan bu imkandan istifadə etməklə ordusunu modernləşdirmək niyyətindədir. Kremlin nəzarətindəki medianın, müxtəlif siyasətçilərin, deputatların anti-Azərbaycan mövqeyi, habelə rus rəsmilərinin bəzi açıqlamaları da göstərir ki, Moskva Bakıdan narazıdır və nəyin bahasına olursa-olsun, öz istəklərini Azərbaycana qəbul etdirmək istəyir. Rusiya sülhməramlılarının səlahiyyət zonasına aid olan ərazilərdən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması da bunun göstəricisi sayıla bilər.“AzPolitika.info” Rusiya-Azərbaycan münasibətləri mövzusunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik eksperti
Sülhəddin Əkbərlə müzakirə edib:
- Sülhəddin bəy, hazırda Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin heç də hamar olmadığını göstərən çoxlu sayda əlamətlər var. Sizcə, Rusiya Azərbaycandan nə istəyir və hansı səbəblərdən Moskva Bakı ilə təzyiq dilində danışmaq yolunu seçib?- Qeyd edim ki, noyabrın 10-da üçtərəfli razılaşma imzalanan kimi, mən bu sənədlə bağlı xüsusi yazı ilə çıxış etdim. Həmin yazımda Rusiya-Azərbaycan münasibətlərinə də toxunaraq, gələcəkdə bu münasibətlərin Azərbaycan üçün problemlər yaradacağını qeyd etmişdim. Təəssüflənirəm ki, həmin proqnozum özünü doğrultdu.
Hesab edirəm ki, bu durumun tarixi fundamental, strateji və operativ-taktiki səbəbləri var. Fundamental səbəblər Rusiya İmperiyasının tarixi və cənub strategiyası ilə bağlıdır. Bu imperiya yaranar-yaranmaz onun ilk yürüşü I Pyotrun cənub strategiyasına uyğun olaraq, məhz Xəzər boyunca yerləşən ərazilərə olmuşdu. 1721-ci ildə Rusiya İmperiyası elan olunub, 1722-ci ildə isə Xəzər boyu yürüşə başlanılıb. Başqa sözlə, bu imperiyanın ilk yürüşü məhz bizim torpaqlarımıza olub. Bunun ardınca Azərbaycanın şimalı Rusiya-Qacar müharibələri nəticəsində işğal və ilhaq edilib. Bundan sonra həm Osmanlıda, həm də Qacarlar İmperiyasında yaşayan ermənilər bizim Şimali Azərbaycan torpaqlarına köçürülüb. Əvvəl erməni vilayəti, sonra erməni dövlətinin yaradılması, nəhayətdə erməni dövlətinin genişləndirilməsi və Qarabağ probleminin əsasının qoyulması reallaşıb. Qarabağ probleminin bu günə qədər davam etməsi də göz önündədir. Bunlar hamısı tarixi-strateji arxa planı olan məsələlərdir.
Kimlər tarixi, Rusiya İmperiyasının cənub strategiyasını bilirsə, indi baş verənləri asanlıqla proqnozlaşdıra bilirdi. Bir sözlə, bu gün bizim yaşadığımız bu problem, əsası I Pyotr tərəfindən qoyulan cənub strategiyası ilə bağlıdır.İndiki dövrə baş verənlərə gəldikdə, mən dəfələrlə qeyd etmişəm ki, Ukrayna böhranından sonra dünya nizamı quruculuğu və bununla əlaqədar qarşıdurma həlledici mərhələyə daxil olub. Bu da özünü MDB məkanında göstərəcək. Əslində II Qarabağ Müharibəsi bu geopolitik qarşıdurmanın üzə çıxan və görünən nəticələrindən biridir.
Putin Rusiyası da əslində rus imperiya siyasətini davam etdirir. Yəni imperiya siyasəti yeni şəraitə uyğun aparılır. Üstəlik, onun qismən regiondan sıxışdırılması, Türkiyənin regiona daxil olması, Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsini imzalaması, yəni strateji müttəfiqlik sazişinin bağlanması, sözsüz ki, Rusiyanı ciddi şəkildə narahat edir. Burada geopolitik səbəb var - Türkiyənin regiona daxil olması və Azərbaycanda mövqeyinin güclənməsi.
Faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir. Bu da Rusiyanın xoşuna gəlmir. Çünki MDB məkanında buna bənzər situasiya Ukrayna, Moldova və Gürcüstanda mövcud idi. İndi artıq bu proses Azərbaycanda da yaşanır. Başqa sözlə, Rusiya Moldova, Ukrayna və Gürcüstanda geopolitik mühiti Qərblə bölüşürdüsə, bizdə də Türkiyə ilə hesablaşmalı olur. Üstəlik, nəzərə alınmalıdır ki, Türk faktorunun Qərb faktorundan fərqli nüansları var. Bu, Rusiyanı daxili amillər baxımından da ciddi narahat edir.
Çünki Türkiyənin güclənməsi, Qarabağ savaşında Azərbaycanın Türkiyənin dəstəyi ilə qələbə əldə etməsi bütövlükdə MDB məkanında olan türk xalqlarını ruhlandırır. Bunu da ruslar bilir və başa düşürlər.Yəni Türkiyənin regiona daxil olması, Azərbaycanı dəstəkləməsi məsələnin geopolitik tərəfidir. Strateji tərəfinə gəldikdə isə, qeyd edim ki, burada əsas məsələ Azərbaycan və Türkiyənin strateji müttəfiqlik sazişini imzalamasıdır. Moskva anlayır ki, bu, Azərbaycanın onun təsir dairəsindən çıxmasının əsasının qoyulmasıdır.
Azərbaycanın, hərbi istiqamət başda olmaqla, bütün sahələrdə Ankara ilə yaxınlaşması əvvəl-axır Türkiyə hərbi bazalarının burada yerləşdiriləcəyi deməkdir. Rusiyanın “sülhməramlı qüvvələrinin” müvəqqəti olaraq regionda yerləşdirilməsində də bu amil mühüm rol oynayıb.
Operativ-taktiki tərəfə gəldikdə, bu, daha çox üçtərəfli sazişin yerinə yetirilməsinin gedişi ilə bağlıdır. Diqqət edirsinizsə, gərginlik yaranandan sonra bu sazişin yerinə yetirilməsi tam dayanıb, heç bir irəliləyiş yoxdur. Səbəb də Rusiyanın yaranmış vəziyyətdən natahatçılığı və narazılığıdır
. Çünki proseslər Rusiyanın istədiyi kimi getmir. Rusiya “sülhməramlıları”na Azərbaycan tərəfindən status verilməsinə dair razılıq yoxdur, bu qüvvələrin gələcək perspektivi də qeyri-müəyyəndir. Bu baxımdan Rusiya ilə Azərbaycan arasında çoxsaylı səbəblər üzündən gərginlik yaşanır. Məncə, bu gərginliyi yaradan səbəblərin yaxın perspektivdə aradan qaldırılacağı inandırıcı görünmür. Əksinə, gərginliyin getdikcə artacağını, inkişaf edəcəyini və dərinləşəcəyini düşünürəm.
- Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirir ki, ötən ilin noyabrından Rusiya Ermənistana modern silahlar verir və İrəvan öz ordusunu modernizasiya edir. Moskvadan qaynaqlanan bu proses bizim üçün nə dərəcədə təhlükəlidir?- Nədənsə, Azərbaycan cəmiyyətində Rusiyanın bu davranışı qəribə qarşılanır. Burada gözlənilməz, qeyri-adi nə var ki? Nəzərə alaq ki, adi vətəndaşlarımızın böyük qismi məsələnin tarixi, geopolitik tərəflərini bilmir. Amma ən azından bilirlər ki, Ermənistan Rusiyanın hərbi-siyasi müttəfiqidir, eyni zamanda da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü və Cənubi Qafqazda da forpostudur. Üstəlik, II Qarabağ Müharibəsində də məğlub olub.
Amma eyni zamanda, məğlub olan həm də rus hərbi strategiyası, taktiki düşüncəsi, hərbi doktrinasıdır.
Bu baxımdan revanş hisləri ilə yaşayan təkcə Ermənistan deyil, ondan da qatı revanşist hislərlə Moskva yaşayır. Ona görə də, Rusiya imkan daxilində Ermənistanı silahlandıracaq və onun ordusunu müasirləşdirməyə çalışacaq. Amma Rusiyanın silahları nə dərəcədə moderndir? Məncə, II Qarabağ Savaşı bunu göstərdi. Əlbəttə, söhbət adi silahlı qüvvələrdən gedir. Aydındır ki, biz nüvə silahından və ya kütləvi qırğın silahlarından bəhs etmirik. Bunları kənara qoysaq, Rusiyanın adi silahlarını gördük. Türk hərbi sənayesinin inkişafının da necə sürətlə getdiyi göz önündədir.
Əslində, Rusiyanın Ermənistan ordusunun yenidən qurulması istiqamətində atdığı addımlar Azərbaycan üçün bir fürsətdir. Bundan istifadə edib Azərbaycan da öz ərazisində Türkiyə hərbi bazalarının yerləşdirilməsinin qaçılmaz olduğunu bildirə və de-fakto durumu de-yure vəziyyətinə gətirə bilər.
Onsuz da Rusiya kəşfiyyatı da, Müdafiə Nazirliyi də bilir ki, Azərbaycanda Türkiyə Silahlı Qüvvələri var. Sadəcə, de-fakto olan durumu de-yure vəziyyətinə gətirmək lazımdır.- Demək istəyirsiniz ki, Rusiyanın təzyiqləri həm də Azərbaycanı öz ərazisində Türkiyənin fəaliyyətini məhdudlaşdırmağa məcbur etmək üçündür?- Bəli. Prosesin geri dönüşünə çalışırlar. Mənə elə gəlir ki, artıq poses gedib və bunu geriyə qaytarmaq mümkün deyil. Qənaətimcə, Azərbaycanın əlində çoxlu səbəblər var ki, öz mövqeyini əsaslandırsın. Yəni bir tərəfdən Rusiya işğalçı ilə hərbi ittifaq sazişi imzalayır, onu təpədən-dırnağa silahlandırır, ona hərtərəfli dəstək verir. Digər tərəfdən Rusiyanın Ermənistanla ikitərəfli müttəfiqlik sazişi var, hər ikisi KTMT-də təmsil olunurlar.
Bu halda niyə Azərbaycan Türkiyə ilə müqavilə imzalayıb, onun bazasını öz ərazisində yerləşdirməsin? Bu addımı ilk olaraq Rusiya atıb. İndi atılan addımlar da Rusiyanın sülhməramlı qüvvə statusunu yerinə yetirə bilməyəcəyini, onun belə bir imkanının olmadığını ortaya qoyur.
Ümumiyyətlə, Rusiya burada sülhməramlı qüvvə statusunda iştirak edə bilməz. Rusiya tərəflərdən birinin müttəfiqi oluğu halda, necə bitərəf ola bilər? Axı o, faktiki olaraq tərəfdir. Ermənistanla müttəfiqdir, birgə müqavilələri, hətta qoşunları var.
Ermənistanı quran, onu genişləndirən bir dövlət necə bitərəf ola bilər? Belə bir ölkə nə bitərəf, nə də vasitəçi ola bilməz.- Belə çıxır ki, rəsmi Bakı rus sülhməramlıları məsələsini qaldırmalıdır?- Bəli. Düzdür, Azərbaycan rəsmiləri məlum səbəblərdən bunu açıq deməyə çəkinirlər. Əvvəl sətiraltı deyilirdi, indi dolayısı ilə deməyə başlayırlar, bəzən də bir sıra məqamları birbaşa deyirlər.
Amma bunu açıq şəkildə deməyin vaxtı çatıb. Bu məsələdə Azərbaycanda həm ictimai, həm də siyasi rəy formalaşıb. Əgər hakimiyyət açıq mövqe tutarsa, həm ictimai, həm də siyasi rəy onun arxasında olacaq.- Müşahidələr göstərir ki, bir sıra siyasətçilər rus sülhməramlıları məsələsinin qaldırılmasını, hətta onların ərazidən çıxarılmasını təklif edirlər, amma bunun nə qədər çətin proses olduğunu sanki nəzərdən qaçırırlar...- Əvvəla, bunun arxa planını, alt yapısını formalaşdırmaq, əsaslandırmaq lazımdır. Mən bir sıra məsələləri qeyd etdim. Azərbaycanın Xarici İşlər Nazirliyi və bir sıra müvafiq qurumları var. Onlar oturub bunu əsaslandırmalıdırlar - həm II Qarabağ Savaşına qədər olan vəziyyəti, həm müharibə dövrü, həm də müharibədən sonrakı razılaşma dövründə baş verənləri. Belə bir strateji sənəd hazırlanmalıdır.
Üstəlik, “rus sülhməramlıların” atdığı hər bir addım qeyd olunmalıdır. Beləcə, bir müddətdən sonra Azərbaycanın əlində kifayət qədər tutarlı şəkildə əsasandırılan sənədlər olacaq. Və bu yolla Azərbaycan davamlı olaraq Rusiyaya siyasi, diplomatik, psixoloji təzyiqlər göstərməlidir.- Düşünürsünüz ki, ruslar belə sənədləri nəzərə alırlar?- Mütləq nəzərə alırlar, ola bilməz ki, Moskvada bunu nəzərə almasınlar. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil
. Nə Azərbaycan xalqı, nə ordusu, nə də dövləti əvvəlki deyil. Azərbaycana Türkiyə və Pakistan kimi dövlətlərin birbaşa dəstəyi var. Həmçinin, İsrail və Böyük Britaniya kimi dövlətlərin, hətta Çinin müəyyən dəstəyi mövcuddur. Azərbaycan əvvəlki mövqedə deyil və getdikcə indiki mövqeyi güclənəcək.Onu da qeyd edim ki, Əfqanıstan məsələsindən sonra Rusiyaya yeni geopolitik cəbhə açılıb. Bu, Rusiyanın durumunu daha da ağırlaşdıracaq. Yəni qərb cəbhəsində Ukrayna, Belarus, Moldova, cənubda Qara dəniz, Cənubi Qafqaz, Xəzər cəbhəsi var. İndi isə Mərkəzi Asiya cəbhəsi də yarana bilər.
- Tarix göstərir ki, Moskva öz məqsədlərinə daha çox təzyiq və güclə nail olmaq yolunu seçir. Bunu nəzərə aldıqda bölgədə yeni müharibə riski nə dərəcədə real görünür?- Təbii ki, tərəflər bundan çəkinəcək. Görünən perspektivdə müharibə ehtimalı azdır. Amma orta və uzaq perspektivdə bu ehtimal artacaq. Bu, daha çox Rusiyaya qarşı yönələn Qərb strategiyasının inkişafından asılı olacaq. Bu mənada vaxtla bağlı proqnoz vermək ciddi olmazdı.
- Müharibə dövründə Siz də daxil olmaqla, bir sıra ciddi mütəxəssislər açıq deyrdi ki, Azərbaycan Rusiyanın nisbətən bitərəf qalmasını təmin edə bilib. Bəs nədən indi bu mümkün olmur?- Çünki proses elə bir nöqtəyə gəlib çatıb ki, o, bu nöqtədən də irəliyə getməklə geridönməz xarakter ala bilər.
Məsələn, deyək ki, Azərbaycanda Türkiyə hərbi bazaları quruldu. Bundan sonra Rusiya Azərbaycana təzyiq etmək üçün Türkiyəyə də təzyiq göstərməlidir. Yaxud Azərbaycanla birbaşa və ya Ermənistan vasitəsilə lokal müharibəyə başlamaq istəyirsə, bu zaman Türkiyə ilə də müharibə etməli olacaq. Burada Türkiyə-Rusiya münasibətlərini, bir sıra regionlarda Ankara-Moskva əməkdaşlığını, ikitərəfli münasibətlərdəki bəzi strateji elementləri nəzərə almaq lazımdır. Rusiya bütün bunların üzərindən xətt çəkməyə hazırdırmı? Buna hazırdırsa, Rusiya potensial, dolayısı düşmənçilikdən açıq düşmənçiliyə keçməli olacaq.
Bu halda Bakı və Ankaranın əli açılacaq, biz MDB məkanında, eləcə də Rusiyanın daxilində türk faktorundan istifadə etməklə daha sərt siyasət apara bilərik. Yəni proses elə həddə gəlib çatıb ki, bundan sonrakı növbəti addımlar ona geridönməzlik xarakteri verə bilər. Rusiya da bunu anlayır. Yəni bu, Rusiyanı həm qıcıqlandırır, həm də çəkindirir. Bu mənada yaranan vəziyyət Moskvanı əsəbləşdirir. Başqa sözlə, Rusiyanın istəkləri ilə imkanları üst-üstə düşmür.
- Siz hesab edirsiniz ki, zaman keçdikcə Moskva-Bakı münasibətlərində gərginlik pik həddə çatacq?- Məncə, bir müddət bu cür davam edəcək. Ancaq zaman bizim - Türkiyə və Azərbaycan ittifaqının xeyrinə işləyir.
Rasim Əliyev“AzPolitika.info”