“İnsanlar evdə yanlış müalicə olunurlar”
Azərbaycanlı alim: ““Delta”dan da təhlükəli virus növünün olması qaçılmazdır"
Koronavirusa yoluxma sayı artan templə davam edir. Azərbaycanda son statistikaya görə koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2216 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45 755 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.
Türkiyədə isə gündəlik yoluxma sayı 20 mini ötüb. Azərbaycandan Türkiyəyə turistlərin gəlişini, gedişini nəzərə alsaq, vəziyyətin nə dərəcədə təhlükəli olması anlaşılandır. Düzdür, dünyada və ölkəmizdə vaksinasiya prosesi sürətlə davam etdirilir. Amma vaksinasiya ilə bərabər yoluxma sayı da azalmaq əvəzinə artır. Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirus peyvəndlərinin paylanmasını “dəhşətli dərəcədə ədalətsiz” olaraq xarakterizə edib: “Bir neçə təhlükəsiz və təsirli peyvəndin qısa müddətdə hazırlanması və təsdiqlənməsi dünyaya pandemiyanın nəzarət altına alınacağına real ümid verdi. Deməyə ehtiyac yoxdur, peyvəndlərin paylanması olduqca ədalətsizdir. Hamımız bu ədalətsizlikdən məyusuq”. O qeyd edib ki, bu günə qədər dünyada koronavirusa qarşı təxminən 4.8 milyard peyvənd edilib: “Bunlardan yalnız 87 milyonu, yəni ümumi miqdarın 2%-dən az hissəsi Afrikanın payına düşür. İndiyə qədər dünyanın 140 ölkəsinin əhalisinin ən azı 10%-i peyvəndlənib. Bu siyahıya yalnız dörd Afrika ölkəsi daxildir. Halbuki ÜST əvvəllər sentyabrın sonuna qədər dünyanın bütün ölkələrində əhalinin ən azı 10%-nin peyvəndlə təmin edilməsini qarşıya məqsəd qoymuşdu”.
Bəs görəsən, ölkəmizdə yoluxmanın qarşısının alınması üçün nə kimi tədbirlər görülməlidir? Nilufər Məmmədova Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a danışıb: “Azərbaycanda artıq xeyli sayda insan vaksinasiya olunub, iki doza vaksini alıblar. Bunun nəticəsində yoluxma sayı artsa da, ağır xəstəxanaya yerləşdirmə ehtiyacları xəstəxanaları yüklənmiş vəziyyətə hələ gətirib çıxarmayıb. Baxmayaraq ki, rəqəmlər yüksəkdir, əksər insanlar xəstəliyi yüngül keçirir və ya orta ağırlıqda keçirir. Amma təbii ki, bu rəqəmin daha da yüksələcəyi istisna olunmur. Yoluxma sayı artdıqca ağırlaşan insanların sayının və ölüm göstəricilərinin artacağı da istisna olunmur. Xatırlatmaq istəyirəm ki, rəqəmlər yalnız Azərbaycanda yüksəlməyib, yəni Azərbaycandan öncə artıq səhiyyə sistemi güclü inkişaf etmiş ölkələrdə biz yoluxma sayının sürətlə yüksəldiyini görürdük və təxmini olaraq proqnozlaşdırırdıq ki, avqust ayının sonuna doğru Azərbaycanda da yoluxma rəqəmləri yüksək hədlərə çatacaq. Yenə də deyirəm, yoluxma rəqəmləri nə qədər yüksələrsə, ağırlaşma və ölən xəstələrin sayı da bir o qədər yüksəlir. Rəqəmlərin bu yüksək həddə olmasına görə əhalidən xahişimiz odur ki, insanlar özləri öz hərəkətlərini məhdudlaşdırsınlar. Ehtiyac olmadıqca qapalı yerlərə kütləvi insanların toplaşdığı məkanlara getməsinlər. Hər bir müəssisədə, hər yerdə - istər açıq, istər qapalı məkanlarda sosial məsafəni gözləsinlər. Maskadan mütləq qapalı məkanlarda istifadə olunsun. Əl gigiyenasından hər zaman istifadə olunsun. Simptomları olan şəxslərdən çox-çox xahiş edirik ki, mütləq şəkildə sahə poliklinikasına müraciət edib, COVİD testini versinlər. Çünki virus əlamətləri varsa, risk qrupuna aid olanlar hətta öz yaxınlarını belə yoluxdura bilərlər. COVİD olub-olmadığına əmin olmadıqca cəmiyyət içinə çıxmasınlar. Biz özümüz də məsuliyyətimizi artırmaqla bu xəstəliyin ciddi şəkildə yayılmasının qarşısını ala bilərik. Eyni zamanda özbaşına dərmanlardan istifadə etməsinlər. Təcrübələrimizdən görürük ki, bundan əvvəlki xəstəliyin yüksəlməsi zamanı istifadə etdiyiniz antibiotiklər, antiviral preparatlar artıq bu ştamda effektsizdir. Biz onu xəstələrə verdikdə heç bir effekt ala bilmirik. Bu da ondan irəli gəlir ki, pasiyentlər gərəkli oldu-olmadı, bütün hallarda antibiotik istifadə etdiyi üçün davamlı mikroblar, bakteriyalar, viruslar ortaya çıxmağa başlayır. Biz artıq ənənəvi istifadə etdiyimiz preparatlardan effekt ala bilmirik. Bu baxımdan ehtiyacı olan və olmayan hər kəsin antibiotiklərdən istifadə etməməsini tövsiyə edirik”.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev öz sosial şəbəkə hesabında ölkəmizdə vəziyyətin ürəkaçan olmadığını deyib: “Ölkədə yoluxma halları pik həddə çatdıqca bir neçə ay öncə ciddi problemlər üzə çıxdığını demişdim. Bunlar xəstələrin çarəsiz qalaraq evdə özbaşına bütün dərmanları qəbul etmələri, xəstələrin həkimsiz qalması, daha doğrusu, həkim və tibbi xidmət üçün edilən rəsmi müraciətlərin cavabsız və ya icrasız qalması və ölüm qorxusu ilə bağlıdır. Sadaladığım problemlərin sayını artırmaq da olar. Amma məhz bu 3 bənd artıq kifayətdir ki, səhiyyə sisteminin bu gün ”dekompensə" olduğunu, artıq bacarmadığını söyləyək. Bugünlərdəki yoluxma sayını da nəzərinizdə saxlayın. Bu qədər sayla ortada göstərilə bilməyən tibbi xidmət varsa, heç vaxt inkişaf etmiş və ya inkişaf etmək istəyən səhiyyədən danışmaq olmaz. Amerikada və Böyük Britaniyada yayılan, hazırda AY.3 Delta variantı adlandırılan virus bütün məsələləri ciddi şəkildə qəlizləşdirir. Yoluxduruculuq əmsalı yüksək olduğu görsənir. Ümumiyyətlə isə son günlər tanış olduğum elmi tədqiqatlar və müzakirələr onu deməyə əsas verir ki, “Delta” variantından da təhlükəli virus variantının olması mütləqdir və qaçılmazdır. Önümüzdəki aylarda bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda peyvənd alan insanlar arasında yoluxmalar maksimuma qalxacaq. Azərbaycanda isə vəziyyəti daha təhlükəli edən “Sinovac” peyvəndinin çoxluq təşkil etməsi olacaq. Digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəliyin əvvəlki şəkildə ağır keçmə riski daha böyükdür. Bu istiqamətdə əhalinin maarifləndirilməsi mütləq aparılmalıdır və səhiyyədə ciddi addımlar atılmalıdır. Eyni zamanda “Sinovac” rəsmilərinin “Delta” variantı barədə dediklərini və eləcə də müxtəlif ölkələrin praktikasında rast gəlinənləri görməməzlikdən gəlib insanları bu mərhələdə “CoronaVac” peyvəndini vurdurmağa çağırmaq elmi əsaslı deyil".
Nuran Abdullayev N.Abdullayev əlavə edib kİ, Azərbaycanda 3-cü dozanın önəmliliyi məsələsi artıq digər ölkələrdən ciddi fərqlənir: “Burada ortaya qoyulacaq strategiya daha əvvəllər yüksək effektli peyvənddən istifadə edən və 3-cü doza ilə virusa qarşı kifayət qədər immunitet yaradacaq ölkələrdəki kimi olmamalıdır. Bu strategiyanın da əsasında bu gün ”Sinovac"ın Azərbaycanda dəqiq nə qədər effektivlik göstərməsi durmalıdır ki, bunu da təəssüf ki, Azərbaycanda dəqiq demək artıq mümkün deyil".
Qeyd edək ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq bildiriblər ki, son elmi tədqiqatlara əsasən, COVİD-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir. “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın (“buster” doza) vurulması onun müddətinə təsir etmir.
Səhiyyə Nazirliyindən o da bildirilib ki, peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayonları əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. Bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib. Adıçəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.
Vüqar CavadzadəTibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə isə insanların yenə də düzgün müalicə edilməməsindən narazılıq edib: “Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən kankret dərman yoxdur. ”Favipiravir", “Remdesivir” və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib. Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb qəbul edirlər. İnsanlar sanki beyinlərinə yeridib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından asılı olmayaraq bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar. Antiviral preparatların olmayan xeyrindən yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada sadə “Herpes” virusunu məhv edən dərman preparatı tapılmayıb, nəinki koronavirusa qarşı tapılsın.
Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVİD-in müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə COVİD-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib".
Afaq MİRAYİQ,“Yeni Müsavat”