Bəlli olduğu kimi Azərbaycan da daxil olmaqla hazırda dünyanın əksər ölkələrində koronavirusun mutasiya uğramış yeni ştammı-“delta” variantı yayılmaqdadır. Bu ştamm sürətli yoluxdurma qabiliyyəti ilə fərqlənir və mütəxəssislərə görə, “delta” ştammına yoluxanlar xəstəliyi daha ağır keçirirlər, eləcə də indiyədək koronavirusa qarşı tətbiq edilən müalicə sxemi bu ştamma qarşı praktiki olaraq işə yaramır.
virtualaz.org xəbər verir ki, rusiyalı həkimlər də “delta” ştammına qarşı mübarizədə aciz qaldıqlarını deyirlər. Xəstəlik çox sürətlə inkişaf edir, xəstənin vəziyyəti müalicənin ilkin mərhələsində tətbiq edilən antivirus preparatlarına baxmayaraq ağırlaşır və virus ağ ciyərlərə keçərək onları dağıdır, parçalayır.
Pavlov adına Sankt-Peterbuq Tibb Universitetinin infeksionisti Oksana Staneviç lenta.ru-ya danışıb ki, xəstəliyin kliniki mənzərəsi daha parlaq özünü göstərməyə başlayıb, bütün hadisələr sürətlə inkişaf edir. “Bunu təkcə mən yox, başqa stasionarlarda işləyən həmkarlarım da təsdiqləyir”,-mütəxəssis bildirib.
İnfeksionist deyib ki, aparılan təhlillər xəstəliyin inkubasiya dövrünün də qısaldığını göstərir. Əgər əvvəllər inkubasiya dövrü virusa yoluxandan etibarən 14 günə qədər davam edirdisə indi əlamətlər özünü xeyli tez, cəmi bir neçə gün sonra göstərməyə başlayır. Yaxud əvvəllər xəstədə “tsitokin qasırğası” (immun sisteminin virusa qarşı bütün gücü ilə reaksiya verməyə başlaması, nəticədə orqanizmin ümumi vəziyyətinin ağırlaşması) simptomların başlamasından 14-15 gün sonra müşahidə edilirdisə indi bu, təxminən 10-12 gün sonra baş verir. “Və indiki “delta” dalğasının üçüncü xüsusiyyəti-virus əleyhinə preparatların effektivliyi praktiki olaraq görünmür”,-Oksana Staneviç deyib.
Onun sözlərinə görə, əvvəl virus daha az aqressiv idi və nəticədə virus əleyhinə preparatların effektivliyi haqda hansısa təxminlər irəli sürmək olurdu. İndi isə istər favipiravir olsun, istər remdisivir, hətta antikovid plazması pasiyentlərin əksəriyyətində heç bir nəticə göstərmir.
Mütəxəssis qeyd edib ki, “delta” variantının xüsusi əlamətləri yoxdur, amma virusun ilkin variantında müşahidə edilən simptomlar-ürəkbulanma, qusma, qarında ağrı, diareya daha kəskin şəkildə özünü büruzə verir. Pasiyentlərin çoxu xəstəliyin başlanmasını bu cür xarakterizə edirlər.
İnsanlar bir çoxu belə düşünürlər ki, onlarda adi bağırsaq infeksiyası yaranıb və nəticədə düzgün olmayan müalicəyə başlayırlar. Məlum olanda ki, söhbət adi infeksiyadan getmir, o vaxt xəstələr artıq çox maye və elektrolitlər itirmiş olurlar. Və stasionara heydən düşmüş vəziyyətdə gəlirlər. Orqanizmin çoxlu maye itirməsi nəticəsində böyrəklər də sıradan çıxır.
“Bu dalğada bizim müşahidə etdiyimiz tendensiyalardan biri də budur ki, ağ ciyərlərin spontan olaraq daha çox dağılması baş verir. Bu cür ağırlaşmalarda hava kütləsi plevra boşluqlarına yığılır, ağ ciyərlərin funksiyası pozulur və tənəffüs çatışmamazlığı yaranır. Bu artıq cərrahi situasiyadır, ağ ciyərləri deşmək lazımdır ki, yığılan hava kütləsi çıxsın”,-o bildirib.
Mütəxəssis qeyd edib ki, ağ ciyərlərin spontan dağılmaları xəstəliyin istənilən fazasında baş verə bilər, amma daha çox ikinci və üçüncü fazada müşahidə edilir. Yəni xəstəliyin birinci fazası təxminən yeddi gün davam edir, bu müddət ərzində qızdırma, öskürək, diareya və digər simptomlar özünü göstərir. Amma tənəffüsün pozulması simptomları olmur. İkinci faza isə xəstəliyin 7-ci günündən 10-12-ci gününə qədər olan dövrdür. Əgər pasiyentin immuniteti zəif deyilsə bu müddət ərzində virus yüklənməsi azalır, amma eyni zamanda ağ ciyər simptomları özünü göstərir. Ağ ciyərlərdə “buzlu şüşə” yaranır, öskürək və boğulma artır. Saturasiya aşağı düşür. Üçüncü fazada, yəni xəstəliyin başlamasından təxminən 12 gün sonra isə ağ ciyərlərdə iltihab proseslərinin sürətlənməsi müşahidə olunur. Bu zaman kəskin respirator distress-sindrom, tsitokin qasırğası baş verə və ölümlə nəticələnə bilər.
Həkim bildirir ki, ağ ciyərlərin parçalanması heç də onların maksimal zədələnməsi halında baş vermir. Bu, xəstəliyin ikinci fazasında da baş verə bilər. Ağ ciyərlərin spontan, yəni qəflətən parçalanması və xəstənin qəfil ölümü koronavirusun “delta” ştammının xüsusiyyətlərindən biridir. “Hətta ağ ciyərlərdə “buzlu şüşə” sahəsi kiçikdirsə belə bu, parçalanma üçün kifayət edir. Əlbətdə, bu zaman ağ ciyərlərin xroniki xəstəliklər nəticəsində, o cümlədən siqaret çəkmə nəticəsində zədələnməsi də öz rolunu oynayır”,-rusiyalı mütəxəssis bildirib.
Onun sözlərinə görə, pandemiyanın əvvəlində belə hallar baş vermirdi. İkinci dalğada isə belə hallar müşahidə olunmağa başladı. Yəni koronavirus mutasiyaya uğradıqca daha güclü iltihabi proseslər yaradır. “Ola bilsin hansısa genetik xüsusiyyətlər də təsir edir, çünki heç də bütün pasiyentlərdə belə proseslər müşahidə olunmur”-Oksana Staneviç deyib.Mütəxəssis təsdiq edir ki, peyvənd olunanlar arasında yoluxma halları qeydə alınsa da çox cüzidir, üstəlik onlar xəstəliyi daha yüngül keçirirlər və peyvənd vurduranlardan heç kim ölməyib.
Həkim deyir ki, müalicə sxemi dəyişməyib-erkən mərhələdə antivurus preparatları, o cümlədən antikovid plazması təyin etmək lazımdır. Daha sonra immun sistemi qasırğasına qarşı hormonal dərmanlar təyin edilir. Amma bu hormonları preventiv tədbir kimi təyin etmək olmaz, çünki nəticə vermir və mürəkkəbləşmələrə gətirib çıxara bilər. Onları xəstəliyin konkret mərhələsində-ağ ciyərlərdə “buzlu şüşə”nin yaranmasından sonra, saturasiyanın otaq havasında 94-dən aşağı düşməsi halında tətbiq etmək lazımdır. Antibiotiklər isə ancaq paralel olaraq bakterial infeksiyanın başlaması zamanı tətbiq edilməlidir. İstənilən halda, mütəxəssis deyir ki, koronavirusa qarşı yeni, nəsə unikal və effektiv müalicə metodu hələ meydana çıxmayıb...
virtualaz.org