Avqustun 25-də Qubadlı rayonunda əsgər Ruslan Şirəliyevin düşmənin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmasından sonra Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan yolu tərəfdə Ermənistanla dövlət sərhədini mühafizəyə götürüb. Avtomobil yolu ilə Ermənistana məxsus nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti hələ ki, açıqlama yaymayıb. Amma Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) onlarla Azərbaycan əsgərinin Ermənistanın cənubunda Sünik (Zəngəzur) regionunu birləşdirən yolu kəsdiyini açıqlayıb. MTX-nın məlumatına görə, Gorus-Qafan magistralının Karmrakar-Şurnux hissəsi
avqustun 25-də axşam 11-də bağlanıb, yoldan avtomobillər çıxarılıb.
Məlumatda deyilir ki, yolun yenidən açılması üçün Rusiya sərhədçiləri vasitəsi ilə Azərbaycan tərəfi ilə danışıqlar aparılıb.
Xatırladaq ki, Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən
21 kilometrlik yol sovet dövründə yerli relyefin xüsusiyyətlərindən dolayı Azərbaycan ərazisindən çəkilib. Keçmiş sovet respublikalarının sərhədləri əsasən inzibati olduğundan o zaman problem çıxmayıb.
Sovet İttifaqı parçalanandan sonra, 1992-1994-cü illər Qarabağ müharibəsi zamanı ərazi ermənilərin nəzarətinə keçib. Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Əldə olunan razılaşmaya görə, Ermənistan alternativ yol çəkənəcən Rusiya sərhədçilərinin nəzarəti altında 21 kilometrlik yoldan istifadə edəcəklər.Qeyd edək ki, bu yolun bağlanması ilə bağlı Azərbaycan ictimaiyyətindən dəfələrlə hökumətə müraciətlər ünvanlanıb. Amma rəsmi Bakı münaqişənin tam çözülməsi və qalan ərazilərə nəzarətin bərpa edilməsi ilə bağlı apardığı mürəkkəb diplomatik fəaliyyətə görə bu addımı atmağa tələsməyib.
Lakin müharibənin dayanmasından 10 aya yaxın vaxt keçir və Ermənistan vəziyyətin nizamlanması, 10 noyabr bəyanatının tam icra olunması istiqamətində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Üstəlik, müharibədən sonra Azərbaycanın yaratdığı imkanlardan faydalansa da, qarşılıqlı addımlar atılmayıb. Söhbət Qarabağdakı erməni azlığına Rusiyadan gətirilən humanitar yüklərin, tikinti materialların Azərbaycanın hava, dəmiryolu və avtomobil yolu ilə daşınmasından, Ermənistanın 1 aydan artıq qaz təchizatının həyata keçirilməsindən gedir. Rəsmi İrəvan sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı real addımlar atmır, Zəngəzur dəhlizinin çəkilməsi ilə razılaşmır.
Üstəlik, Qarabağdakı erməni separatçılarına hərbi dəstəyi davam etdirir, sərhədboyu mövqelərimizi atəşə tutur. Yeri gəlmişkən, Azərbaycanın güzəştli yanaşması Rusiya tərəfindən də lazım olduğu kimi qiymətləndirilmir və bölgədə yerləşdirilən sülhməramlılar açıq-aşkar şəkildə suverenliyimizi pozur. Rusiya Müdafiə Nazirliyinin Qarabağı Azərbaycandan kənar müstəqil subyekt kimi təqdim etməsi, oradakı erməni silahlı birləşmələrini də "respublikanın müdafiə ordusu" kimi qələmə verməsi, Xocalı aeroportunda 50 metrlik bayraq açması, Laçın dəhlizini separatçıların ixtiyarına buraxması və s. qanunsuz hərəkətləri Bakının səbr kasasını daşırıb.
Bütün bunlardan sonra Azərbaycan nəyə görə separatçı rejimə qarşı əlindəki çoxsayl təzyiq vasitələrini işə salmamalıdır? Artıq ilk addım atılıb, Ermənistanın Gorus-Qafan yolundan istifadə hüququ məhdudlaşdırılıb. Amma bu son deyil, yaxın zamanlarda başqa addımlar da atıla bilər.Məsələn, Xankəndində ciddi su qıtlığı yaşanır, məlumdur ki, işğal dövründə onlar Azərbaycanın başqa mənbələrindəki su ehtiyatlarından gen-bol faydalanıblar. İndi o mənbələr kəsilib, həmin qaynaqlardan onun sahibi Azərbaycan kənd təssərrüfatı üçün istifadə edir.
Daha sonra Qarabağdakı erməniləri mobil rabitə və internetlə Ermənistanın dəstəyi ilə qurulmuş
"Karabakh Telecom" operatoru təmir edirdi. Erməni Teleqram kanallarının yaydığı məlumata görə, son vaxtlar bu rabitə və internet xidməti olduqca pis işləyir.
Əlbəttə, Azərbaycanın əlində daha böyük texniki imkanlar var ki, ümumiyyətlə həmin ərazidə Bakıdan nəzarət olunmayan heç bir şirkətə rabitə, internet, telekommunikasiya xidmətləri təşkil etməyə imkan verməsin.Qarabağın bütün hava sahəsi də Azərbaycan hərbi radarlarının, müşahidə peykinin və HHM-lərinin tam nəzarəti altındadır. Ermənistan istəsə belə ondan maneəsiz istifadə edə bilməz. Havada hərəkət edən bütün obyektlər dərhal Azərbaycan Ordusunun nəzarəti altına düşür, onların vurulması an məsələsidir. Bu reallıq oradakı qanunsuz silahlı birləşmələr üçün hər an reallaşacaq ölüm təhlükəsi deməkdir. Sabah anti-terror əməliyyatları həyata keçirilərsə, bu üstünlüyün nə ilə nəticələnəcəyi 44 günlük müharibənin təcrübəsindən məlumdur.
Nəhayət, Qarabağın həmin hissəsində kənd təsərrüfatını dirçəltmək imkanları da sıfıra düşüb. Məlumdur ki, işğal dövründə Ermənistan taxıla, ətə, süd məhsullarına və s. kənd təsərrüfatı mallarına tələbatının əhəmiyyətli hissəsini bu ərazilər vasitəsi ilə ödəyib. Bu torpaqlar separatçılar üçün həyati vacib gəlir mənbəyi olub. Amma indi əkinə yararlı ərazilərin
80 faizdən çoxu Azərbaycanın nəzarətindədir. Qalan torpaqların əksər hissəsi dağlıq ərazilərdə yerləşir və kənd təsərrüfatı üçün yararlı deyib. Habelə, onların su mənbələri də mövcud deyil.
Bunlara rəğmən, Rusiya ermənilərin Qarabağda məskunlaşdırılması üçün əlindən gələni edir. Ermənistan və xaricdəki erməni lobbisi də bu məsələdə onunla birgə çalışır, əsas hədəf kənar dəstək hesabına yerli infrastrukturu bərpa etmək, iş yerləri açmaq və s. gəlir mənbələri yaradıb, erməni azlığının orada qalmasını təmin etməkdir. Rusiya bu günə qədər müharibədə dağılmış binaların, infrastrukturun bərpası, yeni yaşayış evlərinin tikilməsi, humanitar yardımların çatdırılması, su probleminin həll edilməsi və s. işlərlə məşğul olub. Ermənistanın maliyyə naziri
Atom Cancuqazyan isə bəyan edib ki, Qarabağa yeni dəstək paketi hazırlanır və sənəd bir neçə istiqaməti əhatə edir. Məsələn, əsirlikdən qayıdanlara
17 milyon dollar ayrılacaq ki, bunun da bir hissəsi kommunal ödənişlərə, qalan hissəsi ümumi büdcə xərclərinə sərf olunacaq. O, təəssüflə əlavə edib ki, 2021-ci il üçün "Qarabağ hakimiyyətinə" ayrılan dövlətlərarası kredit bu ilin yarısında tam xərclənib və indi yeni vəsaitlərə ehtiyac var.
Baş nazir Nikol Paşinyan isə deyib ki, Ermənistan hakimiyyəti 2020-ci ilin noyabr ayından bu yana separatçı rejimə və Qarabağ sakinlərinə 14 dəstək proqramı həyata keçirib və bu proqramlar çərçivəsində artıq 100 milyon dollar xərclənib. Məsələn, Qarabağdan qaçanları evlərində qəbul edən Ermənistan sakinlərinə təxminən 4 milyon dollardan bir qədər az vəsait verilib.Bundan başqa 109 min (
Bu rəqəm reallıqdan çox uzaqdır, şişirdilib-red.) Qarabağ ermənisinin hər birinə dörd ay ərzində 68 min dram ödənilib. Əmlakları itirilmiş və ya zədələnmiş "Qarabağın hüquqi şəxslərinə" 20 milyon dollar yardım verilib. Qarabağdakı təqaüdçülərə və müavinət alanlara, "dövlət qulluqçularına" və onların kommunal xərclərini ödəməyə də külli miqdarda vəsait xərclənib. Rəqəmlərdən göründüyü kimi, bütün xərc kənar mənbələr hesabınadır, cinayətkar rejimin özünə məxsus heç bir resurs yoxdur.
Əlbəttə, müharibədn yarımcan çıxmış, iqtisadiyyatı dağılmış Ermənistan da bu qədər xərcləri ödəmək iqtidarında deyil. Erməni lobbisinin dəstəyi ilə "Hayastan" fondu dünya ermənilərindən ümumilikdə 200 milyon dollar vəsait toplayıb, xərclərin mənbəyi də bu vəsaitdir.Amma bu dəstək nə qədər davam edəcək? Ermənistan və Rusiya yaşamaq üçün heç bir resursu olmayan bu ərazidəki ermənilərin mövcudluğu üçün nə zamanadək büdcədən xərcləyəcək?Nəzərə alsaq ki, qarşıda Azərbaycan əlindəki rıçaqlarla təzyiqi daha da gücləndirəcək, o zaman separatçı rejim və onların havadarlarının onsuz da bölgədən qaçmağa çalışan erməniləri necə saxlayacağı maraq doğurur.
Söhbət 10 noyabr bəyanatına uyğun olaraq, Azərbaycanın iki ildən sonra Laçın dəhlizinə nəzarəti bərpa etməsindən gedir. Qeyd edək ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgəyə gələn qaz, elektrik və internet xətti dəhlizlə paralel şəkildə uzanır. Yəni Ermənistandan ötürülən bu resurslar Azərbaycan ərazisi vasitəsi ilə separatçı erməni azlığına çatdırılır. Bu gün Rusiya sülhməramlıları dəhlizə nəzarət edir, bu xətlər fəaliyyət göstərir, üstəlik, silah-sursat da daşınır. Sabah necə olacaq? Axı 10 noyabr bəyanatında yeni çəkiləcək dəhlizdə Azərbaycan üzərinə bu kommunikasiyaların saxlanması ilə bağlı heç bir öhdəlik götürməyib?! O zaman Qarabağdakı bir ovuc erməni qazı, işığı, interneti necə əldə edəcək? Bu tələbat su deyil ki, sülhməramlılar maşınlarla daşıyıb versinlər...
Beləliklə, Rusiya və Ermənistan sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etməzdən əvvəl bu barədə ciddi-ciddi düşünməlidirlər. Bu dəfə heç bir güzəşt olmayacaq, onlar anlamalıdırlar ki, Qarabağda təminatlı həyat ancaq Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etdikdən sonra mümkündür.
Elçin Rüstəmli"AzPolitika.info"