Bu necə olur ki, yoluxanların 60 faizi peyvənd olunanlardır? İSRAİL PARADOKSU: İZAH TAPILDI

27-08-2021, 19:49   



Dünyada koronavirusa qarşı ən uğurlu peyvəndləmə kampaniyası aparan ölkələrdən olan İsraildə yoluxmaların yeni və sayca dördüncü dalğası baş qaldırıb. Əhalinin 60 faizə yaxınının koronavirusa qarşı ən effektiv peyvəndlərdən olan “Biontech/Pfizer” lə peyvəndləndiyi ölkədə yoluxmaların yenidən artması hazırda mütəxəssisləri düşündürən və narahat edən mövzudur. Çünki bu vəziyyət virusun “delta” ştammına qarşı peyvəndlərin işə yaramadığı haqda qənaət formalaşdırır.
Bəs əslində necədir? virtualaz.org xəbər verir ki, “Focus” jurnalı bu suala cavab axtarıb. Belə qənaətə gəlib ki, əslində məsələ heç də ilk baxışdan göründüyü kimi deyil.

Dünya bir daha və bir daha İsrailə baxır-bu ölkə koronavirusla gələcək mübarizədə nümunə olmalıydı. Çünki burada “turbovaksinasiya” həyata keçirmişdilər və ölkə əhalisinin əksəriyyətini istənilən başqa ölkədən tez peyvəndləmişdilər. Nəticədə karantin rejimini ləğv etmişdilər. Lakin indi ümidlər öləziyir. İsrailin indiki göstəriciləri həyəcana səbəb olur. Rəsmi məlumatlar göstərir ki, avqustun 15-də koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin 60 faizə yaxını peyvənd olunanlardır. Paradoksaldır ki, peyvəndləmə baxımından nümunəvi ölkə bu vəziyyətlə qarşılaşıb. Lakin detallara nəzər salanda ziddiyyət aradan qalxır”,-nəşr yazır.

Koronavirusa yoluxma İsraildə iyunun əvvəllərindən yenidən artmağa başlayıb. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 25-nə qədər xəstəxanalarda ağır vəziyyətdə olan xəstələrin sayı cəmi 603 nəfərdir. Bu da mart ayından bəri ən yüksək göstəricidir. Bu da belə qənaət yaradır ki, peyvənd ağırlaşmaların və ölüm hallarının qarşısını almaq vəzifəsinin öhdəsindən gələ bilmir. Amma problem əslində başqadır.
“Bir çoxları bu məlumatlardan narahat olublar ki, İsraildə xəstəxanaya yerləşdirilənlərin yarıdan çoxu peyvənd olunanlardır. Və hesab edirlər ki, deməli peyvənd işləmir”,-ABŞ-ın Pensilvaniya Universiteti yanında Perelman Tibb Məktəbinin biostatistika professoru Ceffri Morris yazır.  “Der Spiegel” dərgisi yazır ki, professorun analizləri tamam əks vəziyyəti ortaya çıxarır.
“Birincisi, ölkədə peyvəndləmə səviyyəsi nə qədər yüksəkdirsə xəstəxanalardakı pasiyentlərin arasında peyvənd olunanların payı da o qədər yüksəkdir. İndi İsraildə peyvənd olunanların sayı olunmayanlardan çoxdur. İkincisi, peyvəndin effekti yaş amilindən və başqa xəstəliklərin olub-olmamasından asılıdır. İsraildə istifadə olunan “Pfizer” vaksini yüksək effektivliyə malikdir. Lakin elə əhali qrupları var ki, daha az immunitet qazanır, məsələn, yaşlılar, müəyyən immun xəstəlikləri olanlar...”,-məqalədə bildirilir.

Professor Morrisin apardığı analizlər bunu ortaya çıxarıb ki, İsraildə peyvənd olunanların  xəstəxanaya düşməsi olunmayanlardan 67.5 faiz aşağıdır. Yəni peyvənd xəstəxanaya düşmək riskini azaldır və “Pfizer” koronavirusun “delta” variantına qarşı çox yaxşı işləyir.
İsraillə bağlı ziddiyyətli görünən vəziyyətin izahlarından biri də budur ki, ölkədə əhalinin 60 faizdən bir qədər artığı peyvənd olunub, kollektiv immunitet üçün isə mütəxəssislər azı 85 faiz əhalinin peyvənd olunmasının zəruriliyini bildirir. “Focus” yazır ki, peyvəndləmə sahəsində digər qabaqcıl ölkə Almaniyada da analoji vəziyyət hökm sürür. Bu ölkədə əhalinin 59 faizə yaxınına peyvənd vurulub və xəstəxanalara yerləşdirilən pasiyentlər arasında 40-49 yaşında olanların sayı artır. Və xəstəxanalarda olan koronaviruslu pasiyentlərin əksəriyyəti peyvənd olunmayanlardır...
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.