“Taliban” Əfqanıstanı hara aparır? – “Külli miqdarda vəsait lazımdır”

28-08-2021, 13:42   




“Əfqanıstanın gələcəyi çox dumanlı görsənir. "Taliban" qruplaşmasının əlinə keçən Əfqanıstan məhv olmağa davam edir. Bir neçə gün öncə Kabildə baş verən partlayış bunu sübut edir.  Əfqanıstanda baş verən terror aktını törfədənlər İŞİD-in "Xorasan" adlı terror qruplaşmasıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib. O, deyib ki, Əfqanıstanda baş verən hadisələri proqnozlaşdırmaq və ölkənin gələcəyi ilə bağlı fikir səsləndirmək mümkün deyil:
“Əfqanıstanda 1979-cu ildən başlayaraq bu günə qədər davam edən, idarə olunan xaosun yeni bir hissəsini müşahidə edirik. Bu proses kimlər tərəfindən idarə olunacaq, hansı istiqamətdə fəaliyyət müəyyənləşdirilib kimi sualların cavabı hələki müəyyən deyil.
Bir neçə gün bundan öncə məlum terror aktı törədilməyənə qədər hadisələr tamamilə başqa şəkildə yorumlanırdı. Terror aktının törədilməsi Əfqanıstanın gələcəyi və orada hadisələrin mümkün inkşafı ilə bağlı müxtəlif fikirlər yaratdı. 
Problem yalnız "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ alması deyil. Daha dərin, dağıdıcı proseslərin olması mümkündür. Növbəti mərhələdə nələr olacağını görmək üçün biz bir qədər də gözləməliyik. Hadisələrin bundan sonrakı inkşafı və ya bundan sonra baş verə biləcək bir-neçə məsələdən sonra yalnız müəyyən bir analiz aparmaq mümkündür. 
İndiki məqamda isə məsələ budur ki, "Taliban"ın Əfqanıstandakı hakimiyyəti bu ölkə probleminin sonu deyil, xaosun, daha güclü problemlərin başlanğıcıdır".
Politoloq İlqar Vəlizadə isə deyir ki, Əfqanıstandakı vəziyyət proqnozlaşdırıla bilməyən həddə çatıb: “Onların sabahı üçün proqnoz vermək çox çətindir. Bu cür halda Əfqanıstanın gələcəyi çox dumanlı görsənir.
Kabil hava limanında baş verən partlayış xəbər verir ki, "Taliban" ölkəyə nəzarət edə bilmir. Orada müxtəlif terror qruplaşmaları fəaliyyət göstərir. Hansı ki, "Taliban" və o qruplar arasında müəyyən fikir ayrılığı var. 
İdeoloji baxımdan onlar rəqib  sayılırlar. Bu da mürəkkəb mənzərəni daha da sərtləşdirir və Əfqanıstanda vəziyyətin hansı istiqamətdə inkşaf etməsi haqda bir mənalı fikirlər söyləməyin çətinliyini göstərir.
"Taliban" güc hesabına hakimiyyətə gəlib. Ölkənin keçmiş rəhbərlərinin əllərində kifayət qədər güc, silah-sursat, xarici güc var idi. Lakin bunlardan istifadə edə bilmədilər. Bu onu göstərir ki, "Taliban" hakimiyyəti daha effektli şəkildə saxlaya bilər. Lakin bu o demək deyil ki, qruplaşma effektli şəkildə ölkəni idarə edə bilər. Ölkənin çox ciddi problemləri var. İqtisadi, sosial bunların öhdəsindən gəlmək lazımdır.
"Taliban"a xarici dəstək, külli miqdarda vəsait lazımdır. Bu vəsaiti onlar əldə edə bilməzlər. Çünki onlar qeyri-qanuni yolla hakimiyyətə gəlib və qeyri-qanuni şəbəkə sayılırlar.
Əfqanıstanda baş verənlər beynəlxalq ictimaiyyətin probleminə çevrilib. Çıxış yolu BMT və ya digər regional oyunçular səviyyəsində tapılmalıdır".
Mehri Qurban 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.