Müəllif: Tengiz AblotiyaHazırda vaksinasiya planetin bütün ölkələrinin daxili siyasətinin əsas problemlərindən birinə çevrilib. Hətta ən inkişaf etmiş və öndə gedən dövlətlərdə də əhalinin heç də az olmayan qismi peyvənd olunmaqdan inadla imtina edir. Yəni, infeksiyanın yayılmasında ciddi təhlükə rolunu oynayır …Kütləvi vaksinasiyanın yenicə başladığı dövrlərdə hələ güman etmək olardı ki, həmin vətəndaşların heç bir pis niyyəti yoxdur - kimsə vaxt tapmayıb, kimsə hər şeyi sabaha saxlamağa öyrəşib, kimsə də artıq xəstələnib və sağalıb, odur ki, anticisimlər yox olmayana qədər peyvənd oluna bilməz. Ancaq oxşar illüziyalardan xilas olmaq üçün çox zaman keçib - artıq vətəndaşların bəzilərinin açıq-aşkar və qətiyyətlə peyvənddən imtina etdiyi aydınlaşıb.
Peyvənd üçün ən yaxşı imtahan ÜST-ün lisenziyası yox, zamanın sınağıdırVə onların heç də hamısı sözün klassik anlamında peyvənd əleyhdarı deyil, yəni, prinsipial olaraq bütün peyvəndlərə və istənilən vaksinasiyaya qarşı çıxmır. Bir çoxları koronavirusa münasibətdə tamamilə şüurlu və məntiqli vətəndaşlardır, sadəcə tələsik işlənib hazırlanmış və praktik olaraq sınaqdan keçirilməmiş preparatlardan ehtiyat edirlər.
Əlbəttə, onları korona-peyvəndin eynilə sakitcə və təhlükəsiz şəkildə körpələrə vurulan qızılca peyvəndi kimi ziyansız olduğuna uzun-uzadı inandırmağa cəhd etmək olar. Danışmaq olar ki, tibb tarixində immunlaşmadan üç ay keçəndən sonra neqativ nəticələr göstərən peyvənd indiyədək qeydə alınmayıb …
Bunların hamısı əbəsdir. İstənilən peyvənd üçün ən yaxşı imtahan ÜST-ün lisenziyası yox, zamanın sınağıdır. Məsələn, tetanus əleyhinə peyvənd hələ 1890-cı ildə hazırlanıb … Korona peyvəndi isə məhz bu imtahandan keçməyib - fizik olaraq keçə də bilməzdi. Pandemiyanın başlanmasından çox az zaman keçib. Və bunu hamı bilir.
Nəticədə yaşlı adamların hamısının immunizasiyası üçün yetərincə preparatın olmasına baxmayaraq, inkişaf etmiş ölkələrdə vaksinasiya səviyyəsi orta hesabla ən yaxşı halda 60%-dir. Daha aşağı göstəricilər də var: ABŞ-da yaşlı əhalinin cəmisi 52%-i tam peyvənd olunub. Texnologiyalar sahəsində dünya lideri olan və dünyaya ən məşhur Pfizer peyvəndini verən ölkə üçün bağışlanmaz dərəcədə aşağı rəqəmdir.
Bir sözlə, ümumiləşdirsək, dünyanın bütün ölkələrində vətəndaşların orta hesabla 30%-dən az olmayan hissəsi qətiyyətlə peyvənddən imtina edir, bununla da qlobal iqtisadiyyatın tam bərpasına mane olur. Hökumətlər baş sındırırlar - onların öhdəsindən necə gəlməli? Görünən odur ki, bu adamlar tərs və əqidəlidirlər. Əgər 9 ay ərzində onları yola gətirmək olmayıbsa, növbəti 9 ayda da vəziyyət dəyişməyəcək. Ona görə də get-gedə daha çox ölkədə hökumətlər məcburi vaksinasiya haqda fikirləşməyə başlayırlar və hesab edirlər ki, onsuz keçinmək olmayacaq.
Ancaq bəla ondadır ki, hətta peyvənd olunanlar da daxil olmaqla ictimai rəy hər yerdə məcburi vaksinasiyanın əleyhinədir. “Məcburi peyvənd” kəlməsi xoşagəlməz assosiasiyalar doğurur - təsəvvürdə çarpayıya bağlanmış, bağıran və isterika keçirən xəstələrin bədəninə iri şprislərlə şübhəli preparatlar yeridən zəhmli həkimlər canlanır.
“Məcburi peyvənd” kəlməsi xoşagəlməz assosiasiyalar doğururBir sözlə, bunda yaxşı heç nə yoxdur və hələlik heç bir ölkə məcburi ümumi immunizasiya yolunu seçməyib. Peyvəndlər hər yerdə yalnız müəyyən peşələr üçün məcburidir - həkimlər, müəllimlər, satıcılar, vəssalam. Ancaq hakimiyyət kabinetlərindəki ağıllı adamlar qərar verdilər: könüllü alınmır, onda könüllü-məcburi edərik. Yəni, heç kəsi məcbur etməyəcəyik, ancaq elə şərait yaradacağıq ki, vaksinasiyadan imtina insanın normal yaşaya bilməyəcək.
Bu, məsələyə başqa tərəfdən yaxınlaşmaqdır - vahid böyük qadağa yox, çoxsaylı xırda, lokal qadağalar tətbiq etmək. Bu vaxt açıq-aşkar məcburiyyət olmayacaq - kim istəsə, inadkarlığını davam etdirə bilər. Onları bu hüquqdan məhrum etmirlər, sadəcə peyvənd olunmayanların yaşayışı miskin, darıxdırıcı və maraqsız olacaq.
Avropa və ABŞ-da bu təşəbbüs aşağıdan və ortadan başladı - misal üçün, bir çox şirkətlər təntənə ilə bəyan edib ki, əməkdaşlarına peyvənd olunmalarını inadla məsləhət görəcəklər, əks halda necə deyərlər, adam yoxdur - problem də yoxdur. İşçini işdən qovmaq həmişə mümkündür - heç kəs mələk deyil və istək olsa, bəhanə tapılar. Bir sözlə, “təki adam olsun - maddəni həmişə taparıq”.
Paralel olaraq həyat fəaliyyətinin müxtəlif sahələrində peyvənd olunmayanlar üçün məhdudiyyətlər tətbiq etməyə başlayırlar - restoranlara, teatrlara, adamların sıx toplaşdığı yerlərə və s. buraxmırlar.
Proses yenicə başlayıb - o cümlədən, Cənubi Qafqazda.
İlk addımı Azərbaycan atıb - restoranlar yalnız peyvəndi olanlar üçün açılacaq. Nəzərə alsaq ki, bu günədək ölkədə tam immunizasiyadan əhalinin yalnız 26%-i keçib, yaxşı vaxt keçirmək istəyənlər peyvənd vurdurmağa tələsməli olacaqlar. Yox, bu, məcburiyyət deyil, sadəcə restoranda nahar etmək istəyirsinizsə - peyvənd olunun. İstəmirsiniz - öz işinizdir.
Restorana getməyi kim sevmir ki?Peyvənd olunanlar üçün müxtəlif imtiyazların tətbiqindən Gürcüstanda da danışmağa başlayıblar. Əgər gürcü xalqının restoranlara sevgisini və peyvənd olunanların sayının cəmisi 14%-ə yaxın olduğunu nəzərə alsaq, Azərbaycandakı kimi məhdudiyyətləri burada tətbiq etmək öz əlinlə restoran sənayesinin boğazını kəsmək olardı. Əvəzində hökumətdə yalnız immunizasiya olunanların yararlana biləcəyi xüsusi lotereyaların təsis edilməsinin mümkünlüyü müzakirə olunur.
Ermənistanda da vaksinasiyanı həvəsləndirilmək yolunu tuturlar. Burada hər hansı məhdudiyyət tətbiq etməyin mənası yoxdur - əhalinin vur-tut 3%-dən çoxu peyvənd olunub. Belə vəziyyətdə bütün ölkə qadağalarla üzləşir, odur ki, daha yaxşısı həvəsləndirməkdir. Ermənistan hökuməti peyvənd olunmuş vətəndaşlara müxtəlif dövlət xidmətlərində güzəştlər təklif edir. Ancaq qorxu, skeptisizm və biganəliyə üstün gəlmək üçün bu cüzi bonuslar bəs edəcəkmi? Bunu zaman göstərəcək.
Bir sözlə, dünya peyvənd əleyhdarlarının üzərinə yeriyir - qlobal iqtisadiyyat əhalinin müəyyən təbəqəsinin şıltaqlığına göz yummaqdan olduqca vacibdir.
Deməli, bundan sonra da yeni-yeni məhdudiyyətlər olacaq və peyvənd olunmayanlarla daha tələbkar davranacaqlar.
Əvvəl-axır, əgər siyasətçilər əyilməsə və geri çəkilməsə, skeptiklər və peyvənd əleyhdarları həkimlərin tövsiyyələrinə əməl etməli olacaqlar. Restorana getməyi kim sevmir ki?