RUSİYADAN AZƏRBAYCANA QARŞI MƏQSƏDLİ TƏXRİBAT... – Müdafiə Nazirliyi “texniki səhvini” niyə düzəltmir?

4-09-2021, 20:02   





Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmiş Rusiyanın son hərəkətləri getdikcə daha çox “qırmızı cizgiləri” aşır. Son günlər artan təxribatlar Moskvanın Qarabağla bağlı məkrli planlarının olduğunu düşünməyə əsas verir.
Məlumdur ki, Rusiya Müdafiə Nazirliyi (MN) Qarabağa yerləşdirilmiş sülhməramlılarına xidmət üçün tender elan edib və elanın mətnində “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlədib. Bu, texniki səhv də ola bilər. Ancaq belədirsə də, çox güman ki, bu, Rusiyanın Cənubi Qafqazda stereoptiplərini əks etdirən bir məqamdır.
Yox, əgər səhv deyilsə, bu, Rusiyanın Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı Bakıdan tam fərqli mövqe tutduğunu göstərən əlamət sayıla bilər.
Rəsmi Bakının mövqeyi belədir ki, Qarabağda yaşayan azsaylı erməni əhalisinə hər hansı status verilməsi məsələsi artıq gündəmdə deyil. Qarabağ erməniləri digər etnik azlıqlar kimi Azərbaycan vətəndaşlarıdır.
Dünən Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: "Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımı şəkildə cavablandırılacaqdır".

XİN bəyan edib ki, Ermənistanın iddialarına baxmayaraq, Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq miqyasda tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.
Rusiya MN-in saytındakı ifadəsini isə Azərbaycan XİN-dən hələ ki, cavablandırmayıblar.
Rusiyadakı MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Novikov deyir ki, bu ifadədə qeyri-adi heç nə görmür.
O, BBC-nin sualına belə cavab verib: "Biz başa düşürük ki, Rusiya Federasiyasının rəsmi doktrinası deyir ki, status müəyyən edilməyib, burada belə bir şey görmürəm. Bəli, Azərbaycan statusun cəhənnəmə getdiyini bəyan edir... Minsk Qrupunun əsas qurucuları - ABŞ, Fransa və Rusiya Federasiyası dünya siyasətinin münaqişəli gündəmləri haqqında fərqli fikirlərə sahibdirlər, amma Dağlıq Qarabağın statusunun müəyyən olunmadığı və onun hələ müəyyən olunacağı barədə onlar eyni fikirdədirlər".
Millət vəkili Aydın Mirzəzadə ümid edir ki, Rusiya Müdafiə Nazirliyinin satınalma elanında ifadə olunan "Dağlıq Qarabağ Respublikası" texniki yanlışlıqla yazılıb.

"Rusiya Azərbaycanın ərazi bütovlüyünü tanıyır, üçtərəfli 10 noyabr və 11 yanvar sazişlərini imzalayanlardan biridir və belə bir xəta yol verilməzdir,"- millət vəkili “BBC News Azərbaycanca”-ya deyib.
O əlavə edib ki, Azərbaycan buna ciddi reaksiya verməlidir və Rusiya tərəfi bu xətanı mütləq düzəltməlidir.
Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, hazırkı mərhələdə Azərbaycanın Rusiyaya ciddi təsir rıçağı yoxdur. Onun fikrincə, Azərbaycanda Türkiyə hərbi bazalarının yerləşdirilməsi belə bir təsir vasitəsi ola bilər. Amma bu da Azərbaycanla Rusiya arasındakı münasibətləri böhrana soxardı: "Bu halda isə Rusiya Qarabağda Abxaziya, Osetiya ssenarilərini təkrarlaya bilər. Ona görə, rəsmi Bakı çalışır ki, Rusiya ilə münasibətlərdə hər nə qədər ziddiyyət, narazılıq yaransa belə, bu, böhrana çevrilməsin".

Aydın Mirzəzadə hesab edir ki, artıq "Dağlıq Qarabağ anlayışı yoxdur, Azərbaycan Respublikası var və müvəqqəti Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazi anlayışı var. Rusiya bu məsələlərdə həmişə bu terminləri gözləməlidir".
Millət vəkili əlavə edib ki, Rusiya rəsmiləri indiyə kimi keçmiş Qarabağ məsələsində beynəlxalq hüquq normalarını gözləməyə çalışıblar: "Hər halda araşdırılmalıdır. Mən fikir söyləməyə tələsmirəm. Bu artıq Rusiya tərəfindən araşdırılmalıdır. Qoy araşdırsınlar, səhvdir mi, bilərəkdəndir mi, bu xətanı törədən cəzalandırılmalıdır".
Hazırda Azərbaycan Rusiya sülhməramlılarından Qarabağdakı erməni qüvvələrin çıxarılmasını tələb edir. Bakı burada ötən il müharibəyə son qoyan 10 noyabr bəyannaməsinə istinad edir.
Bu sənədin dördüncü bəndini göstərən Azərbaycan bildirir ki, bölgəyə Rusiya sülməramlıları yerləşdirilən kimi erməni qüvvələri Qarabağdan geri çəkilməli idi. Ancaq Rusiya sülhməramlıları bu tələbi yerinə yetirmək əvəzinə ötən ay ilk dəfə Azərbaycanı Qarabağda atəşkəsi pozmaqda ittiham etmişdi.
Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə olunarsa, beş il sonra Rusiya sülhməramlıları Qarabağı tərk etməlidir.
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.