Sedat Peker nə üçün yeni video çəkmədiyini açıqladı: “Mənə dedilər ki...”

5-09-2021, 10:30   






Uzun müddət xaricdə həm Türkiyə, həm də Azərbaycanla bağlı qalmaqallı videolar yayımlayan mafiya lideri Sedat Peker nə üçün yeni video çəkmədiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, tanınmış türkiyəli jurnalist İsmail Saymaz tərəfindən yayımlanan yazıda Sedat Pekerlə bağlı yeni məlumatlara yer verilib. Saymaz, Sedat Pekerlə əlaqə saxlayaraq bəzi suallara cavab tapdığını bildirib. Belə ki, Sedat Peker Birləşmiş Ərəb Əmirliklərində “başqa ölkəyə köçmək istəyirəm" dediyi vaxt pasportunun ləğv edildiyini deyib:
“Həyat yoldaşım və üç kiçik uşağım istisna olmaqla, ailəmin və ətrafımdakı hər kəsin pasportları ləğv edildi. Niyə ləğv edildiyini hələ də başa düşə bilmirəm. Daxili işlər nazirinin əmri və ya məhkəmə qərarı olmadan ləğv edildi. Dubayda bir şirkət qurdum. Üç illik yaşamaq icazəsi aldım. Mən iş adamıyam. Pasportum ləğv edildiyi üçün başqa ölkəyə getməyim mümkün deyil. Mübarizəmdən isə əl çəkməmişəm”.
Türkiyəli mafiya lideri “nə üçün yeni video çəkmirsən” sualına isə belə cavab verib:
“BƏƏ hökumətinin rəsmiləri mənə dedilər ki, “ölkəmizdə başqa bir ölkəni tənqid edən videolar çəkə bilməzsən". Bura xarici ölkədir və onun qanunlarına tabe olmaq məcburiyyətindəyəm. Ancaq, yeni video çəkmək üçün əlimdən gələni edəcəyəm. Haqqımda qırmızı bülleten qərarı yoxdur. Bu ölkədə cinayət törətməyincə heç kim məni başqa yerə göndərə bilməz. Ən yaxşısı, ölkələrini tərk etməyimi istəmələridir. BƏƏ bu vaxta qədər heç kimi təhvil verməyib. Öz ölkəsində hakimiyyətlə problemləri olan bir çox iş adamı və dövlət başçısı bu ölkədə yaşayır”.
Xatırladaq ki, Sedat Peker “youtube” vasitəsilə Türkiyədə bir çox vəzifəli şəxsləri, millət vəkilləri, üstü açılmamış cinayətlər və digər mövzularla bağlı qalmaqallı açıqlamalar yayırdı. O həmçinin, Azərbaycanla da bağlı məlumatlar paylaşırdı. Məşhur kriminal avtoritet "Lotu Quli"nin öldürülməsi hadisəsi, iş adamı Mübariz Mənsimovun həbsi və digər mövzulara toxunurdu. Hətta, son videolarından birində yaxın günlərdə Azərbaycanla bağlı ciddi qalmaqallara səbəb olacaq məlumat verəcəyini bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.