İqtidar-müxalifət dialoqu - "Partiyaların cəmiyyətdəki yerini Prezident Aparatı müəyyən edə bilməz"

11-09-2021, 10:19   



İqtidar-müxalifət dialoqunda "proporsional seçki sistemi, siyasi məhbus, söz və mətbuat azadlığı" müzakirəsi


Prezident Adminstrasiyası rəsmilərinin ölkənin bəzi siyasi partiyaları ilə cümə axşamı baş tutmuş görüşündə siyasi partiyaların cəmiyyətdəki rolu, proporsional seçki sistemi, siyasi məhbus məsələsi, söz və mətbuat azadlığı kimi məsələlər müzakirə olunub.

Görüşə qatılmış Ümid Partiyasının sədri İqbal Ağazadə BBC News Azərbaycancaya deyib ki, ölkədə "azad seçkilər keçirilmədiyindən" siyasi institutların perspektivi "sıfıra yaxınlaşır" və o bu narahatlığını hakimiyyət nümayəndələrinə bildirib.

Görüşə dəvət edilməyən, Azərbaycan hakimiyyətinin sərt tənqidçisi sayılan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası iqtidar təmsilçiləri ilə keçirilən belə görüşləri "dialoq" yox, "siyasi imitasiya" sayır.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə görüşlərin Prezident İlham Əliyevin tapşırığı əsasında keçirildiyini, irəli sürülən təkliflərin öyrənildiyini deyib, Azərtac yazır.

Ədalət Vəliyev söyləyib ki, Azərbaycanda çoxpartiyalılığın inkişafına yönəlmiş addımlar "ali siyasi iradənin təzahürüdür" və iqtidar hər hansı amilə görə ayrı-seçkilik qoymadan "bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazırdır".

Görüşə ölkədə fəaliyyət göstərən 45 siyasi partiya rəhbəri qatılıb.


"Partiyaların cəmiyyətdəki yerini Prezident Aparatı müəyyən edə bilməz"

"Biz siyasi partiyaların cəmiyyətdəki yeri və rolu ilə bağlı təkliflər verdik. Çox açıq bildirdim ki, bunu Prezident Aparatı və yaxud hər hansı bir şöbə müəyyən edə bilməz, bunun yerini demokratik, azad seçkilər müəyyənləşdirməlidir,"- görüşdə iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, görüşdə "azad seçki olmadığından siyasi institutların seçki perspektivinin sıfıra yaxınlaşdığını" diqqətə çatdıraraq proporsional seçki sisteminin bərpasının vacibliyini vurğulayıb: "Konstitusiyada islahatlar getməli, parlamentin səlahiyyətləri artırılmalı, proporsional seçki sistemində ən azı 50-nin 75-ə majoritarla qarışıq sistem həyata keçirilməlidir".

İqbal Ağazadə hesab edir ki, bu dialoqda tərəflər daha çox "münasibətləri yumuşaltmağa" yönəlik addımlar atırlar.

"Hərə bir-birinə fərqli baxır. Mən çıxışımda da qeyd etdim ki, dialoqa açığam və sizdən şəxsim, partiyam üçün bir şey istəmirəm, istəyəcəyim şey cəmiyyət, dövlət, xalq üçündür. Ona görə də bu dialoqdan çəkinmirəm. Bu, hələ yeni mərhələdir. Bu tipli proseslər indiki kimi sistemli olmasa da, bundan əvvəl də dialoqa cəhdlər olub, bir neçə dəfə görüşlər olub, sonra hakimiyyət bu siyasətindən geri durub. İndi də bəlli vaxt çata bilər ki, hakimiyyət geri dura və ya əksinə, irəli gedib bu prosesi daha da dərinləşdirə bilər".

Cənab Ağazadə deyir ki, o, iqtidar-müxalifət arasındakı bütün təmasları, münasibətlər sistemini "effektiv" hesab edir.

O vurğulayır ki, "uzaqdan durub dalaşmaqdansa, masa arxasında fikir mübadiləsi aparmaq daha yaxşıdır".

"İqtidarla müxalifət arasında və iqtidarla cəmiyyət arasında problemlər var. Bu problemlərin çözülməsi istiqamətində fürsətləri dəyərləndirməliyik. Bu fürsətlərin ən yaxşısı hətta uzun çəksə də, masa arxasında əyləşməkdir. Yoxsa, hər kəs çəkilməli və müharibəyə hazırlaşmalıdır. İqtidar uzun müddətdir müharibə aparır və müxalif düşərgədə xeyli insan həbs edib. Biz istəyirik, bu vəziyyət olmasın.

İqtidarın mesajı da o oldu ki, dialoqumuz dərinləşməlidir, danışmalıyıq, ümummilli məsələlər, Qarabağ kimi məsələlər - onlar təkcə Qarabağı ümummilli məsələ hesab edirlər, mən demokratiyanı, insan haqlarını, məhkəmə azadlığını da ümummilli məsələ hesab edirəm, - danışaraq çözülməlidir".

"Parlamentdəki 5 boş yer üçün niyə seçkilər keçirilmir?"

REAL partiyasının sədri İlqar Məmmədov deyir ki, bu görüşdə "dialoqun perspektivinə baxış daha çox idi".

İlqar Məmmədov görüşdə parlament seçkiləri, vətəndaş cəmiyyəti, məhkəmələrlə bağlı danışıb.

"Mən təklif etdim ki, parlamentdə boş qalan 5 yerə tezliklə seçkilər keçirilsin. Azərbaycan konstitusiyasında parlamentin tərkibinin 125 nəfər olduğu göstərilib, artıq 2 ilə yaxındır ki, parlamentin tərkibi 120 nəfərdən ibarətdir. 5 yer üçün niyə seçkilər keçirilmir? Hal-hazırda konstitusiya pozulmuş haldadır. Bu vəziyyəti tezliklə düzəltmək lazımdır. 300 minə yaxın əhali hazırda parlament təmsilçisi olmadan yaşayır".

Cənab Məmmədov söyləyir ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı müzakirələr hər görüşdə qaldırılır və burada "müəyyən hərəkətlilik" var.

O, müzakirələr zamanı Azərbaycanın Avropa Məhkəməsində seçkilərlə bağlı "mənfi rekordçu" olduğunu, bunun düzəldilməli olduğunu vurğulayıb:

"Avropa Məhkəməsi 1959-cu ildən bu yanadək seçkilərlə bağlı 102 qərar qəbul edib, ondan 25-i Azərbaycana aiddir. Azərbaycanla bağlı 20 ildə qəbul olunan qərar digər ölkələrdən daha çoxdur. Ümumiyyətlə, Avropa Məhkəməsinin qərarları icra olunmalıdır. Azərbaycan burada da antirekordçudur".

"Prosesin dialoqa heç bir aidiyyatı yoxdur"

Müsavat Pariyasının başqanı Arif Hacılı deyir ki, iqtidar-müxalifət dialoqu əvvəlcədən müəyyənləşdirilmiş konkret mövzular ətrafında hakimiyyətlə Azərbaycanın aparıcı siyasi partiyaları arasında olmalıdır.

O ,hazırki prosesləri "dialoqun imitasiyası" sayır.


Cənab Hacılı deyir ki, ötən il Prezident Administrasiyasının rəsmiləri ilə iki görüş keçirib və burada Qarabağ probleminin həlli, müharibənin gedişində atılmalı olan addımlar, vətəndaş həmrəyliyi, xarici siyasət və digər məsələlər barədə müzakirələr aparılıb.

Müsavat başqanı əlavə edir ki, o, "ümummilli məsələlərlə bağlı" müzakirələr aparmağa hazırdır.

"Biz Qarabağ, postmüharibə problemləri, ölkənin sosial-iqtisadi problemləri, Azərbaycanın daxili və xarici siyasətinin qurulması, ölkədə demokratik islahatların aparılması, hüquqi dövlətin, demokratik cəmiyyətin yaradılması istiqamətində addımların atılması və digər məsələlər barədə müzakirələr apara bilərik. Müsavat Partiyasının təhsil, səhiyyə və sosial sahələrdə konkret konsepsiyaları var və bunları da Azərbaycan hakimiyyəti ilə müzakirə edə bilərik".

"Hakimiyyət dialoq altında siyasi partiyaları özünə yamamaqla məşğuldur"

Azərbaycan Xalq Cəbhəsi Partiyası dialoqu "mübarizə vasitəsi kimi qəbul edir".

Partiya sədri Əli Kərimlinin sözlərinə görə, "ölkənin demokratikləşməsi yönümündə iradə olarsa", hökumətlə "yüksək səviyyədə" müzakirələr apara bilərlər.

"Hazırda [hakimiyyətlə] aramızda mübahisə yaradan məsələlər var. Məsələn, biz hesab edirik ki, ölkədə fundamental hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşıb, çoxpartiyalı sistem faktiki ləğv edilir. Burada mətbuat azadlığı, müstəqil məhkəmə, seçki sistemi məsələsi var, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı problemlər var, hüquq-mühafizə orqanlarında islahat məsələsi var, XXI əsrdə ölkədə işgəncənin tətbiqi məsələsi var, Tərtərdə açılmamış, hələ də hüqiqi qiymətini almamış cinayətlər var.

Hökumət özünün korrupsiya və repressiya kursunu doğru hesab edir, dialoq adı altında isə siyasi partiyaları özünə yamamaqla məşğuldur. Dünənə qədər müstəqil olan müəyyən siyasi partiyaları da məcbur edir ki, onun siyasi kursunu paylaşsınlar," - deyə AXCP sədri əlavə edib.

Prezident Adminstrasiyası ötən ilin əvvəlindən siyasi partiyalarla görüşlər keçirir.

Prezident İlham Əliyev ötən il Novruz bayramı münasibəti ilə xalqa təbrik çıxışında "siyasi partiyalara dialoq təklifini" "ciddi addım" kimi qiymətləndirmişdi. O, dialoqdan imtina edənlərə xitabən bu prosesdə "uduzan tərəf"in onlar olmayacağını vurğulamışdı.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.