PAŞİNYAN LAÇINI QAYTARMAQDAN İMTİNA ETMƏK İSTƏYİR – “Çalışacağıq ki, Laçın koridorundan keçən marşrut dəyişməsin...”

16-09-2021, 14:20   




Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında deputatlardan birinin Laçın dəhlizi ilə bağlı sualını cavablandırıb.
“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, müxalifətdən olan Tiqran Abramyan Paşinyandan hazırda Ermənistanı Qarabağla calayan və Laçın rayonunun mərkəzini və bir neçə kəndini əhatə edən marşrutun dəyişdirilməsi ehtimalının olub-olmadığını soruşub.
Xatırladaq ki, 10 noyabr razılaşmasına görə, 3 il müddətində Laçın dəhlizinə alternativ yol çəkilməlidir və həmin yol Laçın rayon mərkəzindən və bir neçə kəndimizdən yan keçməlidir. Bununla da ermənilərin Laçın dəhlizindən istifadəsi dayandırılmalıdır. Paşinyan isə deputatın sualına cavabında deyib ki, Laçın dəhlizi üzrə marşrutun olduğu kimi qalmasına çalışacaq: “Biz hər şey edəcəyik ki, Qarabağa Laçından keçən marşrut dəyişməsin. Hər şey edəcəyik ki, artsax (Qarabağ-red.) əhalisinin maraqları maksimum təmin olunsun. Əlbəttə ki, gərginlik var, ancaq aydın məsələdir ki, Ermənistan və “artsax” (Qarabağ-red.) hakimiyətləri hər şey edəcək ki, bu, baş verməsin”.

Ermənistanın Baş naziri hətta əlavə edib ki, Qarabağdakı qondarma rejimlə Rusiya hərbi kontingentinin rəhbərliyi bu məsələ ilə bağlı müzakirələr aparıb və həmin müzakirələrə Ermənistanın da qoşulacağı gözlənilir. Paşinyan deyib ki, üçtərəfli razılaşmaya görə, “bu cür məsələlər birtərəfli qaydada həll edilə bilməz”. Göründüyü kimi, Ermənistan 10 noyabr razılaşmasındakı Qarabağdakı hərbi birləşmələrini, qanunsuz silahlı dəstələri çıxarmaq, Azərbaycanın Qərb rayonlarını Naxçıvana birləşdirməli olan Zəngəzur dəhlizini açmaq kimi tələblərlə yanaşı, 3 ildən sonra Laçın dəhlizindən istifadənin dayandırılması və alternativ yol çəkilməsi şərtindən də boyun qaçırır. Hansı ki, Ermənistan və Rusiyanın da imza atdığı razılaşmanın 6-cı bəndində deyilir: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.”
Ancaq Paşinyanın dediyindən belə məlum olur ki, Ermənistan və Rusiya bu bənddən imtina etmək fikrindədir. Belə olmasaydı, rus “sülhməramlıları” Paşinyanın dediyi kimi, qondarma rejimlə bu məsələni müzakirə etməyə lüzum görməzdi. Hər şey razılaşmada göstərilib, müddət qeyd olunub, marşrutun Laçından yan keçəcəyi razılaşdırılıb. Belə olan halda ruslar qondarma rejimlə və Ermənistanla daha nəyi müzakirə edirlər? Bütün bunlar, yəni Ermənistan və Rusiyanın 10 noyabr sazişini kobud şəkildə pozması Azərbaycana əsas verir ki, bu davranışlara Laçın dəhlizinin bağlanması da daxil olmaqla, adekvat addımlarla cavab versin.
C.Məmmədov
“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.