Moskvanın ordu planı baş tutmur:Pul və siyasi iradə çatışmır

17-09-2021, 15:29   


Moskvanın ordu planı baş tutmur:Pul və siyasi iradə çatışmır

Avropa İttifaqı müdafiə olunmaq üçün öz ordusunu qurmaq niyyətindədir.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib. Onun sözlərinə görə, Əfqanıstanda baş verən son hadisə təkcə NATO bloku üçün deyil, həm də Aİ-yə daxil olan ölkələr üçün də ciddi suallar doğurur:
“Avropa Müdafiə İttifaqının yaradılmasını sürətləndirmək lazımdır. Yeni bölmələrin də yaradılmasına ehtiyac yoxdur. ABŞ və NATO -nun köməyi olmadan beynəlxalq işlərdə hərbi vasitələrdən istifadə etmək üçün kifayət qədər siyasi iradəyə malik olması lazımdır. Artıq növbəti mərhələyə keçmək vaxtıdır”.
Qeyd edək ki, Avropa İttifaqının vahid silahlı qüvvələrinin yaradılması təklifi vaxtaşırı gündəmə gəlir. Son illər bu təşəbbüslə daha çox Fransa Prezidenti Emmanuel Makron çıxış edib. Onun bu ideyası NATO-nun mövcudluğuna ciddi təhlükə yaratdığından ABŞ-la Fransa arasında narazılığa səbəb olub. Almaniyanın da Makronun təklifini dəstəkləməsi hər iki ölkənin ABŞ-ın Avropadakı hərbi-siyasi təsirinin qarşısını almağa hesablanıb. Yəni Vaşinqtonla yaranmış ziddiyyətin əsas səbəblərindən biri məhz ABŞ-ın bölgədəki təsirini zəiflətmək cəhdi ilə bağlıdır.
Ancaq nə Almaniya, nə də Fransa 2014-cü ildə Ukrayna münaqişəsinin başlanmasından sonra Rusiya tərəfindən Avropanın müdafiə sisteminə qarşı yaranmış təhlükənin qarşısını almağı öz üzərinə götürür. Avropanı Rusiya və qlobal terror təhlükəsindən qorumağı ABŞ və NATO öz üzərinə götürür. Ona görə də Şərqi Avropa ölkələri Avropa Birliyinin Silahlı Qüvvələrinin yaradılması ideyasını dəstəkləmir. 2019-cu ilin yanvar ayında Fransa və Almaniya arasında Avropa ordusunun qurulması məqsədilə əməkdaşlığı nəzərdə tutan Axen sazişi imzalansa da, indiyə qədər həmin sənədi reallaşdırmaq mümkün olmayıb. Çünki Axen müqaviləsi digər Avropa ölkələrini cəlb etmir.
PESKO-ya qoşulmuş ölkələrin Qərarverici Şurasının yaradılması 2017-ci ilin dekabr ayına nəzərdə tutulsa da, bu prosesi gerçəkləşdirmək mümkün olmayıb. Xatırladaq ki, Avropa Birliyinin vahid silahlı qüvvələrin yaradılmasının əsasını ittifaqın təhlükəsizlik və müdafiəsi üzrə strukturlaşmış daimi əməkdaşlıq proqramı-PESKO təşkil edir. 2017-ci ildə Avropa İttifaqı tərəfindən təsdiqlənmiş həmin sənədə 25 ölkə imza atıb. Ancaq Malta, İrlandiya, Danimarka, Portuqaliya və Böyük Britaniya PESKO-ya qoşulmaqdan imtina edib. Ona görə də vahid Avropa Silahlı Qüvvələrinin yaradılmasına dair proqram bütün tərəflər üçün açıq saxlanılıb. Avropa Birliyi ordusunun yaradılması NATO-nun bölünməsinə potensial təhlükə hesab edildiyindən, PESKO-nun reallaşması Rusiyanın maraqlarına cavab verir. Bu, ilk növbədə, ABŞ-ın Mərkəzi və Şərqi Avropada hərbi-siyasi üstünlüyünün qarşısını almaq baxımından, Rusiya üçün əlverişlidir. Lakin Avropa ordusu ideyası Fransa və Almaniyadan başqa digər ölkələr üçün cəlbedici görünmür.
PESKO üçün digər problem isə koronavirus pandemiyasının Avropa ölkələrinin iqtisadiyyatına vurduğu ziyanla bağlıdır. Çünki Avropa silahlı qüvvələrini yeni strukturda formalaşdırmaq güclü maliyyə vəsaiti tələb edir. Belə ki, 2019-cu ildə qəbul edilmiş qərara görə, PESKO-nun layihələrinin maliyyələşdirilməsi üzrə fonda köçürülən məbləğin 2021-ci ildə 1 milyard avro kvotaya çatdırılması nəzərdə tutulur. Layihənin səmərəsini artırmaq üçün fonda hər il 5 milyard avro investisiya ayrılmalı idi. Ancaq 2020-ci ilin əvvəlindən yayılan koronavirus pandemiyası Avropa ölkələrinin iqtisadiyyatını böhran durumuna saldı. Ona görə də Avropa silahlı qüvvələrinin yaradılması üçün qeyd edilən vəsaitin ödənilməsi mümkünsüz olub. Hətta sözügedən ideyanın əsas təşəbbüskarları olan Fransa və Almaniya da bu məsələni arxa plana keçirib. Böhran hələ aradan qalxmadığından, yaxın perspektivdə də Avropa ölkələrinin vahid silahlı qüvvələrin yaradılmasına maliyyə ayıracağı inandırıcı görünmür.
Politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Avropa silahlı qüvvələrinin yaradılması daha çox Fransa və Almaniyanın maraqlarına cavab verir. Bu baxımdan, həmin təklifin yaxın gələcəkdə həyata keçməsi real görünmür:

“Avropanın vahid silahlı qüvvələrinin yaradılması təklifi ilə hələ XX-ci əsrin sonlarında Fransa Prezidenti Jak Şirak, Almaniya kansleri Helmut Kol çıxış edirdilər. Onların hakimiyyəti dövründə birgə hərbi korpus yaradılmışdı və səhv etmirəmsə, həmin hərbi birlik fəaliyyətini indi də davam etdirir. Ondan əvvəl də Qərbi Avropa İttifaqı adlı hərbi alyans var idi. Bu alyansın əsasında da Fransa-Almaniya tandemi dayanırdı. Yeni tarixi mərhələdə Avropa silahlı qüvvələrinin yaradılması ideyası bərpa olunub. Bunun əsas tərəfdarları Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkeldir. Ursula fon der Leyen də vaxtilə Almaniyanın müdafiə naziri olub və bu ideyanı fəal təbliğ edən əsas simalardan biri idi. Ona görə də onun bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Ancaq başqa ölkələr bu ideyaya maraq göstərmir. Çünki söhbət Fransa və Almaniyanın dominantlığından gedir. Məsələn, Polşa, Macarıstan və digər Şərqi Avropa ölkələri bu məsələyə tənqidi yanaşır. Bu səbəbdən, Avropa silahlı qüvvələrinin yaradılması ideyasına kifayət qədər dəstək yoxdur”.
Digər tərəfdən, bu gün pandemiya ilə əlaqədar nəinki digər Avropa ölkələri, Almaniya və Fransanın özü birgə ordu yaratmaq üçün maliyyə ayırmaq imkanına malik deyil:
“Almaniyanın ordusu bərbad vəziyyətdədir. Belə ki, Almaniyanın hərbi aviasiya parkı yaxşı vəziyyətdə deyil. Fransanın ən böyük hərbi şirkətləri dünya bazarında müştəri tapa bilmir. Fransanın istehsal etdiyi hərbi texnikanın keyfiyyəti xeyli aşağı düşüb. Belə olan halda digər ölkələr hesabına hərbi güc qurmaq ideyası spektik qəbul olunur. Yaxın illər ərzində bu ideyanın reallaşacağına inanmıram. Bütün hallarda bu istək Avropa silahlı qüvvələrinin yaradılmasına dair fikirlərin Fransa və Almaniya tərəfindən gündəmdə saxlanılmasına xidmət edir”.
İlqar Vəlizadə hesab edir ki, NATO rəhbərliyi və ABŞ Avropanın vahid ordusunun təşkilinə qarşıdır. Çünki bu təklifin həyata keçməsi NATO-nun parçalanması deməkdir. Ancaq Avropa silahlı qüvvələrinin yaradılması Almaniya və Fransanın müdafiə sisteminə mənfi təsir göstərə bilər:
“Almaniyada ABŞ-ın mövcudluğu kifayət qədər hiss olunur. ABŞ-ın əsas hərbi bazası Almaniyanın Raymştayen hərbi bazasında cəmləşib. Burada NATO müdafiə sistemi üstünlük təşkil edir. Almaniyanın özünün ayrıca müdafiə sistemi yoxdur. Fransada bu, az da olsa, var. Amma bu ölkələrin müdafiə sistemini yenidən qurması, daxili imkanlardan istifadə etməklə bu resursları yaratması nə qədər səmərəli olacaq? Bir çox ölkələrin hərbi sistemləri NATO standartlarına uyğunlaşdırılır. Bir sistemdən digərinə keçmək asan deyil. Ona görə də düşünürəm ki, Avropa silahlı qüvvələri ideyası xülyadır və onun yaxın gələcəkdə reallaşması müşkül görünür”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.