İranın məşhur nüvə alimi, İnqilab Keşikçiləri Korpusunun zabiti və Tehrandakı imam Xomeyni Universitetinin fizika professoru Möhsin Fəxrizadənin ötən ilin noyabrında “Mossad” əməkdaşları tərəfindən məsafədən idarə edilən silahla necə öldürüldüyünün təfərrüatları üzə çıxıb. Bu haqda “The New York Times” qəzeti yazır.Fəxrizadənin öldürülməsində məsafədən idarə olunan pulemyotdan istifadə olunduğuna dair məlumatlar hələ ötən il, hadisədən az sonra yayılmışdı. Alimin sui-qəsdə məruz qaldığı yerdə partladılmış avtomobilin qalıqları tapılsa da heç bir insan izinə rast gəlinməmişdi. Əvvəlcə güman edilirdi ki, qatillər çox peşəkar olduqlarından iz buraxmayıblar, amma daha sonra hadisə yerinin təhqiqatı belə ehtimal irəli sürməyə əsas vermişdi ki, sui-qəsddə istifadə olunan silah məsafədən idarə olunub.İndi qəzet bu ehtimalı təsdiqləyir və yazır ki, həmin silah “Mossad” əməkdaşları tərəfindən istifadə olunan, orbital peykdən idarə edilən, Belçika istehsalı FN MAG pulemyotudur.Bildirilir ki, pulemyot qurğusu İrana sökülərək, hissələrlə aparılıb. Avtomobildə quraşdırılıb və Fəxrizadənin idarə etdiyi qara rəngli “Nissan Teana” avtomobili yaxınlaşanda məsafədən işə salınıb. Əməliyyatda habelə onlarla videokamera istifadə olunub. Hücumun ardınca ağırlığı 1000 kiloqrama yaxın olan qurğu operatorları tərəfindən partladılıb.
Bu əməliyyatı “Mossad” İran hüdudlarından uzaqdakı komana mərkəzindən idarə edib. Qəzet Amerika, İsrail və İran mənbələrinə istinad edir, onların arasında kəşfiyyat nümayəndələri, o cümlədən əməliyyatın planlaşdırılmasında və icra edilməsində iştirak edənlər yer alır.
Onların ifadələrinə əsasən Fəxrizadəni “Mossad” hələ 2007-ci ildən izləməyə başlamışdı. Onun öldürülməsi üçün əməliyyata hazırlıq isə 2019-cu ilin sonlarından başlayıb. Əməliyyata şəxsən “Mossad” direktoru Yossi Koen rəhbərlik edib, İsrail tərəfi bu əməliyyatla bağlı ABŞ prezidenti Donald Trampla, dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspellə əməkdaşlıq edib.
59 yaşlı Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehrandan təxminən 70 kilometr məsafədə yerləşən Absard qəsəbəsində öldürülüb. O, “Nissan Teana” avtomobilinin sükanı arxasında olub, alimin arvadı isə arxa oturacaqda oturmuşdu. Avtomobilin arxasında mühafizəçilərin eskortu gəlirdi.
Kompüterləşdirilmiş silah isə mavi rəngli “Nissan Zamyad” cipində quraşdırılmışdı, həmin avtomobil yol ayrıcında dayanmışdı. Fəxrizadənin avtomobili yaxınlaşanda robot-pulemyot ona 15 güllə vurur, bütün əməliyyat cəmi 60 saniyə çəkir. Nə alimin arvadı, nə mühafizəçilər zərər çəkməyiblər.
Robot-pulemyot elə layihələndirilmişdi ki, “pikap”ın kuzovunda yerləşə bilsin. Orada habelə bir neçə istiqaməti izləyən kameralar və operatora dəlilləri məsafədən məhv etməyə imkan verən partlayıcı da yerləşdirilmişdi. Əməliyyat planlaşdırılarkən daha bir problem bu idi ki, sükan arxasında məhz Fəxrizadənin olması təminat altına alınsın və onun ailə üzvləri zərər çəkməsin. Bu problem üztanıma kamerası ilə təchiz edilmiş və guya xarab olmuş avtomobilin Fəxrizadənin keçəcəyi döngədə park edilməsi ilə həllini tapıb. Əməliyyat o dərəcədə mükəmməl planlaşdırılıb ki, Fəxrizadənin öldürülməsi 1 dəqiqədən də az vaxt aparıb və dəlillər məhv edilib.Qəzet yazır ki, robot-pulemyot həmin əməliyyatda ilk dəfə tətbiq olunurdu. Daha sonra İsrail məsafədən idarə olunan təkmilləşdirilmiş pulemyotu döyüş PUA-sı ilə əlaqələndirib və özünün yüksək texnologiyalı silahları arsenalına daxil edib. Bu silah hədəfləri məsafədən məhv etmək üçün istifadə ediləcək və belə görünür ki, təhlükəsizlik və casusluq aləmini dəyişdirmiş olacaq./virtualaz.org