Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yeridilməsi bu ölkənin özündə ziddiyətli reaksiyalara səbəb olub. Bir çoxlarına görə Rusiya Qarabağ müharibəsinin nəticəsi olaraq ciddi geosiyasi məğlubiyyətə uğrayıb.Virtualaz.org xəbər verir ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı Nikolay Silayev Yerevan Dövlət Universitetində
“Rusiya Cənubi Qafqazda: təhdidlər və Ermənistan-Rusiya strateji müttəfiqliyi üçün çağırışlar” mövzusunda məruzə ilə çıxış edərkən belə deyib.
Rusiyalı ekspert bildirib ki, Moskvanın Qarabağ müharibəsindən nə qazandığı haqda elə o vaxtdan ziddiyyətli rəylər mövcuddur. Bir çoxlarına görə, Rusiya sülhyaradan qismində çıxış edə və Qarabağda hərbi əməliyyatları dayandıra bilərdi, amma bunu etmədi və faktiki olaraq özünün regiondakı hərbi iştirakını gücləndirdi, daha da genişləndirdi.
“Belə mövqelər də var ki, bu Rusiya diplomatiyasının uğuru və Rusiyanın Cənubi Qafqazdakı yüksək hərbi-siyasi statusunun növbəti dəfə təsdiqlənməsidir”,-Silayev deyib.Amma ekspertin qeyd etdiyi kimi, bu nəzəriyyənin opponentləri Rusiyanın ciddi geosiyasi məğlubiyyətə uğradığını hesab edirlər. Bu məğlubiyyət isə öz növbəsində Türkiyənin regionda yeni təsir və status qazanmasına, öz qətiyyətini nümayiş etdirməsinə, harada zəruri hesab etsə orada güc tətbiq etməyə hazır olduğunu göstərməsinə səbəb oldu.
“Bu isə Rusiyanın təsirlərini əhəmiyyətli şəkildə zəiflətdi, çünki məhz Rusiyanın müttəfiqi bu müharibədə uduzdu”,-Silayev qeyd edib.Ekspert əlavə edib ki, onun özü də bu sonuncu mövqeni dəstəkləyir. Çünki “Qafqazda heç bir top Kremlin icazəsi olmadan atəş aça bilməz” nəzəriyyəsi Qarabağda işə yaramadı. Silayevin sözlərinə görə, buna dəlalət edən həm də odur ki, hərbi əməliyyatların gedişində Moskva dəfələrlə Moskvaya və Bakıya müraciət edib hərbi əməliyyatları dayandırmağa çağırdı, amma bütün çağırışlar nəticəsiz qaldı. Bu isə Rusiyanın Cənubi Qafqazda dominantlıq edən regional nəhəng imicini sarsıtdı.
“Rusiya hətta bu hərbi əməliyyatlara cəlb olunanlara ən ciddi siqnallar göndərməli oldu. Mən Suriyada Türkiyənin dəstəklədiyi yaraqlılara aviazərbələrin endirilməsini, Qara dənizdə və Xəzərdə irimiqyaslı təlimlərin keçirilməsini, qanadlı raketlərdən təlim atəşlərini nəzərdə tuturam. Lakin bütün bu siqnallara baxmayaraq iş bax belə qurtardı”,-Silayev bildirib.
Qeyd edək ki, 44 günlük Qarabağ müharibəsinin nəticəsində Rusiyanın geosiyasi məğlubiyyətə uğradığı haqda daha əvvəl də rusiyalı təhlilçilər tərəfindən müəyyən fikirlər, rəylər səsləndirilib. Məsələn, bu günlərdə Rusiyanın strategiyaların və texnologiyaların analizi Mərkəzinin hazırladığı, 44 günlük müharibədənin analizinə həsr edilmiş “Qafqazda fırtına” adlı kitabında da bu haqda danışılır. Bildirilir ki, Rusiya hərbi əməliyyatların dayandırılmasında moderatorluq etdi, öz sülhməramlılarını regiona yeritdi, amma geosiyasi baxımdan ciddi şəkildə uduzdu. Çünki Türkiyənin Qafqazda öz mövqeyini gücləndirməsi ilə barışmalı oldu.
Siyasət şöbəsi
virtualaz.org