Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli bilinən 33 yaşlı Etibar Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, E.Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə ifadə verən Etibar Qasımov deyib ki, həyat yoldaşı Fəridənin “İnstagram” sosial şəbəkəsində başqa şəxslə danışdığını öyrənib. Bu səbəbdən də aralarında narazılıq yaranıb: “ Şübhələnib telefonu əlindən aldım. Mane olmağa çalışırdı ki, telefonda yazılanları oxumayım. Yazışmalarını oxudum, göndərdiyi səsləri dinlədim, sonra da bıçaqladım”.Qətlə yetirilən Fəridə Qasımova
Mərhumun anası Tərgül Əcəmova deyib ki, hadisədən bir neçə gün əvvəl qızının evində olub: "Mənə bir səs yazısı dinlətdilər, dedilər ki, Fəridənin səsidir, başqasıyla danışır. Qızımın səsinə oxşatmadım. Fəridə özü də and içdi ki, yalandır. Bu söhbətdən bir gün sonra qızım qətlə yetirilib".
Qeyd edək ki, qətl hadisəsi bu il fevralın 1-də baş verib. 29 yaşlı F.Qasımova əri tərəfindən öldürülüb. Mərhumun iki azyaşlı övladı olub.
Fəridə Qasımova 17 yaşında ərə verilib. Həmin vaxt o hələ məktəbdə yaxşı oxuyurdu və təhsilini davam etdirmək istəyirdi. Valideynləri deyir ki, qohumları elçi gəldi deyə, qızlarına yaxşı baxacaqlarını düşünüb evliliyə razılıq verdilər. Qız isə bu evliliyə razı deyildi. Fəridə istəməsə də, 2009-cu ildə nikah baş tutur və 12 il sonra bu evlilik qətl ilə bitir. Onun əri və qatili qətli qısqanclıq zəminində törətdiyini deyir.Fəridənin anası qızının qətli haqda danışır
Valideynləri isə deyir ki, qızları öldürüləndən sonra ərinin onu tez-tez döydüyünü öyrəniblər. Fəridə isə bu haqda onlara heç nə demirmiş. Fəridənin valideyinləri istintaqdan narazı idilər, deyirdilər ki, qətllə bağlı daha yumşaq maddə (“qəsdən adam öldürmə”) maddəsi ilə cinayət işi açılıb. Əslində xüsusi amansızlıqla qətl törətmə maddəsi verilməliydi, çünki əri Fəridəni əvvəlcə qəddarcasına döyüb, sonra 7 bıçaq zərbəsi ilə öldürüb. Gənc qadının xüsusi qəddarlıqla döyülməsini onun bədənindəki çoxsaylı xəsarət izləri də təsdiq edib.Amma prokuror da təqsirləndirilən şəxsə yüngül cəza tələb edib-cəmi 14 il həbs. Hakim isə daha yumşaq cəza verib-10 il 6 ay. Belə ki, hakimlər qısqanclıq zəminində qətllərlə bağlı adətən bu cür yumşaq cəzalar verir.
Fəridənin anası Tərgül Əcəmova deyir ki, qızı qətlə yetirilən zaman orada qaynanası və qaynının yoldaşı olub. Onlar məhkəməyə şahid qismində çağırılsalar da, gəlməyiblər.
İ.Rafiqqızı
virtualaz.org