Son günlər Türkiyə və Rusiya arasında münasibətlərdə müəyyən gərginlik müşahidə edilir. Ankaranın Krımdakı Duma seçkilərini tanımamasından Moskvada narazlığını ifadə edib.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həddini aşaraq bildirib ki, Rusiya Türkiyənin bəyanatını diqqətdən kənar qoymayacaq: “Türkiyə gözəl bilir ki, Krım Rusiya Federasiyasının suveren tərkib hissəsidir və onu da əla bilir ki, biz heç vaxt bu cür bəyanatları diqqətdən kənarda qoymuruq. Biz müvafiq nəticələr çıxarırıq, bu isə qətiyyən ikitərəfli əlaqələrin xeyrinə olmur”.
Prezident Vladimir Putinin köməkçisi Dmitri Peskov da Ankaranın Krımdakı seçkiləri qeyri-legitim saymasının qəbul etmədiklərini ifadə edib: “Biz bu cür bəyanatları qəbul etmirik və türk həmkarlarımıza bunu açıq deyirik. Krım bizim mövqelərimizin diametral ayrıldığı bir mövzudur. Biz Türkiyənin bu mövqeyindən təəssüflənirik, ümid edirik ki, zamanla Türkiyə siyasi iradə göstərərək bu barədə mövqeyini dəyişəcək və sadəcə olaraq, həqiqətə, reallığa hörmət göstərəcək”.
Məlumdur ki, Türkiyənin Azərbaycan və Ukrayna ilə hərbi əməkdaşlığı dərinləşdirməsi də Rusiyada narahatlıqla izlənir. Suriyada – İdlib ətrafında vəziyyət isə yendən əvvəlki qaynar dövrə qayıtmağa başlayıb. Ötən həftə Suriyada diktatoru Bəşər Əsədin Moskva ziyarətindən sonra idlib ətrafında Türkiyənin nəzarətində olan Azad Suriya Ordusunun mövqeləri bombalanıb.
Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi şübhəsiz ki, Cənubi Qafqaza da təsirsiz ötüşmür. Hər iki region ölkəsinin bölgədə təhlükəsizlik və siyasi maraqları var, onlar Suriyada olduğu kimi, burada da maraqlarını balanslaşdırmağa çalışırlar.Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, son illər Türkiyə-Rusiya münasibətlərində müşahidə olunan qeyri-sabit, enişli-yoxuşlu inkişaf tendensiyası bu gün də davam edir.
Onun sözlərinə görə, bu dövlətlərin maraqları əksər regional məsələlərdə toqquşsa da, liderlərin – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin təmkinli və praqmatik yanaşmaları fərqli maraqların və ziddiyyətlərin qarşıdurmaya çevrilməsini əngəlləyir: "Başda Suriya məsələsi olmaqla, bir çox istiqamət üzrə tərəflər arasında örtülü gərginlik idarəolunmaz səviyyəyə çatdıqda prezidentlərin görüşü təşkil olunur və bu görüşdə problemlər həllini tapmasa belə, ən azından ya təxirə salınır, ya da müəyyən qarşılıqlı anlayışa nail olunur. Hazırda yenə iki ölkənin toqquşan maraqlarının münasibətlərdə gərginliyi artırmağa başladığı bir dönəmdəyik".
Ş. Cəfərli vurğulayır ki, Türkiyənin postsovet məkanına müdaxiləsi, konkret desək, Azərbaycan və Ukrayna ilə əməkdaşlığın siyasi və iqtisadi istiqamətləri ilə yanaşı, hərbi aspektini də son aylarda sürətlə dərinləşdirməsi Moskvada narahatlıqla izlənir: "Bu günlərdə Azərbaycanın müxtəlif ərazilərində Türkiyə ilə bərabər keçirilən hərbi təlimlərlə bağlı Moskva öz mövqeyini Bakıya çatdırıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə açıqlama versə də, mövqelərinin nədən ibarət olduğunu söyləməyib.
Böyük ehtimalla söhbət Laçın dəhlizində, yəni Rusiya sülhməramlı qüvvələrinin postlarının çox yaxınlığında, eləcə də Xəzərdə təşki olunan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən gedir. Rusiyanın bu təlimlərdən narazı qaldığını sezmək mümkündür. Məlum olduğu kimi, İran XİN Xəzərdə türk əsgərlərinin iştirakı ilə keçirilən təlimlərin su hövzəsinin hüquqi statusuna dair Konvensiyaya zidd olduğunu bəyan edib. Rusiya tərəfi də yəqin ki, İranın bu narahatlığını bölüşür".
Təhlilçi, Türkiyə-Ukrayna strateji tərəfdaşlığının inkişafının da Moskvada narazılıqla qarşılandığını qeyd edir: "Məlum olduğu kimi, Ukrayna Türkiyədən “Bayraktar TB2” zərbə dronlarının yeni partiyasını almağa hazırlaşır.
Türkiyədə ukraynalı hərbçilərə bu dronlardan istifadə qaydaları öyrədilir. Yaxın vaxtlarda Türkiyə Ukrayna ərazisində təlim mərkəzi açacaq və Ukrayna hərbçiləri öz ölkələrində dron texnologiyasının sirlərini türk mütəxəssilərdən öyrənməyə davam edəcəklər.
Türkiyədə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün 2 ədəd “Ada” tipli korvetin tikintisi də plan üzrə gedir. İki ölkə arasında azad ticarət zonasına dair müqavilənin hazırlanması da yekun mərhələdədir. Bu dövlətlərarası müqavilə ilə Türkiyə-Ukrayna tərəfdaşlığı yeni səviyyəyə yüksələcək.
Krımın ilhaqı məsələsində də Ankaranın mövbeyi birmənalıdır. Türkiyə avqust ayında Kiyevdə keçirilən Krım Platformasının təsis toplantısında xarici işlər naziri səviyyəsində təmsil olundu və bu qurumun həmtəsisçilərindən biridir. Son olaraq, Ankaranın 17-19 sentyabr tarixlərində Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkiləri tanımadığını bəyan etməsi Moskvada narazılıqla qarşılanıb".Şahin Cəfərli daha sonra hazırda Suriyada – İdlib bölgəsində hərarətin artmasının müşahidə olunduğunu xatırladır: "Son günlər Rusiya hərbi aviasiyası orada Türkiyəyə yaxlın silahlı qruplara ardıcıl zərbələr endirir. Bombardmanlar Türkiyə sərhədlərinin, eləcə də Suriyadakı türk hərbi kontingentinin yerləşdiyi məntəqələrin çox yaxınlığında həyata keçirilir. Əsəd rejiminin İdlibi geri almaq üçün hərbi əməliyyata hazırlaşdığı sirr deyil. Bəşər Əsədin ötən həftə Moskvaya qəfil səfəri və Putinlə görüşünün bununla əlaqədar olduğu bildirilir. Putin həmin görüşdə bəzi ölkələrin Suriya ərazisində qanunsuz hərbi mövcudluğunu əsas problem kimi qeyd etdi. Onun ABŞ və Türkiyəni nəzərdə tutduğu sirr deyil".
Təhlilçinin sözlərinə görə, Ankara da bu proseslərdən ciddi narahatdır: "Çünki İdlib əməliyyatı Türkiyəyə doğru növbəti qaçqın axını yaradacaq, bu isə ölkə daxilində qaçqınlarla bağlı mövcud olan narazılığı partlayış həddinə çatdıra bilər. İdlibdə təxminən 3 milyon adam məskunlaşıb. Bu sayda adamın Türkiyəyə axını hakim AKP hökumətinin reytinqinə mənfi təsir edə bilər. Bundan başqa, əməliyyat İdlibdəki türk əsgərlərinin həyatını da təhlükəyə atacaq və ölkə rəhbərliyi güman ki, onların geri – ölkəyə qayıtması barədə göstəriş vermək məcburiyyətində qalacaq. Bu səbəblərdən Ankara Əsəd rejimi qüvvələrinin İdlibə hücumunu yolverilməz sayır. Yeni qaçqın dalğasından qorxan Avropa Birliyi də bu məsələdə Türkiyə ilə paralel düşüncəyə sahibdir. Bütün bu məsələlərin yaxın günlərdə Putin və Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacağı gözlənilir. Necə deyərlər, görüş yetişib".
"AzPolitika.info"