"Pegasus" yenə də gündəmdə: Fransanın 5 naziri dinlənilib

25-09-2021, 09:00   


NSO iddianı qəti şəkildə rədd edib
Fransada 5 kabinet üzvünün telefonlarında casus proqramı tapıldığı iddia olunur.
Fransanın "Mediapart" araşdırma saytının yazmasına görə, telefonlar NSO şirkətinin Pegasus casus proqramı tərəfindən hədəf alınıb.
Sayt xəbəri anonim mənbəyə və məxfi kəşfiyyat sənədinə istinadən hazırlayıb.
Bildirir ki, azı 5 nəfərin telefonunda "Pegasus" proqramının izləri aşkarlanıb.
"The Guardian" yazır ki, "Pegasus" proqramı ilə izlənənlərlə bağlı iyulda yayımlanan araşdırma sənədlərində Fransa prezidenti Emmanuel Macron, onun kabinetinin 20 üzvü və Fransanın yüksək vəzifəli şəxslərinin telefon nömrələri olub.
Bu məqalə də məhz həmin araşdırma layihəsindən 2 ay sonra dərc olunub.
İsrailin NSO şirkətinə məxsus "Pegasus" proqramı hansısa cihaza tətbiq edildikdə, istifadəçilərin söhbətləri dinlənə, mətn mesajlarına, fotoşəkillərinə baxıla və harada olduğu təsbit edilə bilər. Bir sözlə, proqram telefonu uzaqdan idarə olunan dinləmə, izləmə cihazına çevirir.
2 ay öncə, iyulun sonlarında bir neçə media qurumun birgə araşdırması nəticəsində ərsəyə gələn məqalədə müxtəlif ölkələrdən olan insan haqları fəalları, jurnalistlər, vəkillər və bəzi dövlət nümayəndələrinin "Pegasus"la izləndiyi ortaya çıxmışdı.
Həmin vaxt NSO şirkəti verdiyi açıqlamada bildirirdi ki, casus proqramı vətəndaş cəmiyyəti üzvlərini hədəf almaq üçün yox, ağır cinayətləri araşdırmaq məqsədilə istifadə edilir.
Şirkət "Pegasus" layihəsi tərəfindən araşdırılan, sızan məlumat bazası ilə heç bir əlaqəsinin olmadığını bəyan etmişdi.
Sırf Fransa Prezidenti və hökumət nümayəndələrinin bu proqram vasitəsilə izlənməsinə gəlincə, NSO bunu da qəti şəkildə rədd edib: “Hökumət adamları, eləcə də Fransa Prezidenti Macron proqramın hədəfi olmayıb”.
NSO cümə axşamı yaydığı daha bir açıqlamada isə bildirir ki, Fransa hökumət rəsmiləri ilə bağlı əvvəlki ifadələrinin arxasındadır: “Onlar heç vaxt "Pegasus"un hədəfi olmayıb. Anonim mənbə iddialarına şərh verməyəcəyik".
"Mediapart" isə izlənənlərin təhsil, ərazi birliyi, kənd təsərrüfatı, mənzil və xarici işlər nazirləri (Jean-Michel Blanquer, Jacqueline Gourault, Julien Denormandie, Emmanuelle Wargon və Sebastien Lecornu) olduqlarını bildirir.
Qeyd edir ki, məhz onların hər birinin telefonlarında "Pegasus" izləri tapılıb.
Sayt iddia edilən qurbanlar bu barədə danışmaq istəməyib. Bəziləri onları Fransanın müdafiə və milli təhlükəsizlik baş katibliyinə (SGDSN) yönləndirib. Ancaq onlar da şərh verməkdən imtina ediblər.
Yelisey Sarayı hələ də davam edən uzun və mürəkkəb araşdırmalara şərh verməyəcəyini söyləyib.
Paris Prokurorluğundan isə istintaqın gedişatını şərh etməkdən imtina ediblər.
Bildiriblər ki, nazirlərin telefonlarının izlənib-izlənmədiyi barədə məlumat istintaq sirridir və açıqlana bilməz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.