Ərdoğan Putinlə görüşə hansı təkliflərlə gedir? - “Laçın dəhlizi, separatçıların tərki-silah olunması...”

28-09-2021, 17:14   


Ərdoğan Putinlə görüşə hansı təkliflərlə gedir? - “Laçın dəhlizi, separatçıların tərki-silah olunması...”

29 sentyabrda Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü baş tutacaq.
Görüşdə liderlər bir çox məsələləri, xüsusilə də, Suriyada, Əfqanıstanda və Liviyada yaranmış vəziyyəti geniş müzakirə edəcəklər. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Düşünürəm ki, ilk növbədə Suriya mövzusu gündəlikdə olacaq. Əlbəttə, Əfqanıstan, Liviya barədə və başqa beynəlxalq məsələlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Ərdoğan isə daha əvvəl bildirib ki, rusiyalı həmkarı ilə Türkiyə-Rusiya əlaqələrini və Suriyadakı vəziyyəti, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcək. Məlumdur ki, Qarabağ savaşı və müharibədən sonrakı dövründə hər iki ölkə lideri proseslərin mərkəzində yer alıb.
Bu isə onu deməyə əsas verir ki, liderlərin Soçi görüşündə Qarabağ bağlı məsələ də müzakirə olunacaq. Qeyd edək ki, bu, liderlərin Qarabağ müharibəsindən sonra ilk canlı görüşüdür. İki prezidentin son canlı təması 2020-ci ilin martında Kremldə olub.
Maraqlıdır, Ərdoğan -Putin görüşündən Qarabağla bağlı gözləntilər nədir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Ərdoğan Qarabağla bağlı bəzi narahatlıqverici məqamları Putinin diqqətinə çatdıracaq:

“Hesab edirəm ki, əsas mövzu yenə Suriya olacaq. Çünki Suriya ətrafında vəziyyət yenə gərgindir. Üstəgəl Rusiya İdlib bölgəsini intensiv bombardıman etməyə başlayıb, bu da Türkiyənin maraqlarına uyğun deyil. Türkiyənin orada hərbçiləri var və oradakı mülki əhalini qoruyurlar. Suriya mövzusunda fikir ayrılığı dərinləşib. Əsas müzakirə mövzusu Suriya olacaq. Dünən Türkiyənin milli müdafiə naziri Akar da Rusiyanın sərt tənqid edən açqlama verdi. Amma istisna deyil ki, Qarabağla bağlı da fikir mübadiləsi olsun. Çünki Ərdoğan da Azərbaycan hakimiyyəti və cəmiyyəti qədər indiki durumdan narahatdır. Məsələn, Laçın dəhlizinin nəzarətə götürülməsi, separatçıların tərki-silah olunması kimi məsələləri Putinin diqqətinə çatdıracaq. Putin bundan sonra hansı qərar verəcək, bunu demək çətindir. Amma önəmli olan Ərdoğanın bu mövzuları Putinin diqqətinə çatdırmasıdır”.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyandan Türkiyəyə münasibətləri yaxılaşdırmaqla bağlı çağırış var:
“Əslində Türkiyə bunun əleyhinə deyil, sadəcə olaraq Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bu istiqamətdə də Rusiya Prezidenti ilə fikir mübadiləsi aparıla bilər”.
Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.