Razılaşma Bakı və İrəvanda: İmzalanma Moskvada - Gürcü Baş nazirin səfərinin PƏRDƏARXASI

29-09-2021, 19:22   


Razılaşma Bakı və İrəvanda: İmzalanma Moskvada - Gürcü Baş nazirin səfərinin PƏRDƏARXASI

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanda səfərdədir.
Cebhe.info-nun məlumatına görə, Qaribaşvili Bakıya Azərbaycan və Ermənistan arasında barışığı təmin etmək üçün xüsusi təkliflərlə gəlib. Bu barədə hökumət başçısı özü “İMEDİ” telekanalına müsahibəsində açıqlama verib.
O, qonşu ölkələr arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacağına ümid etdiyini bildirib. Qaribaşvili Azərbaycan Prezidenti ilə yaxşı münasibətlərə və qarşılıqlı etimada malik olduqlarını deyib. “Ölkələr və liderlər arasında etimad olanda düşünürəm ki, bütün məsələlər düzgün həll olunacaq”,-deyə Gürcüstanın Baş naziri qeyd edib.
İrakli Qaribaşvili tərəflər arasında sülh yaratmaq məqsədilə Ermənistana da səfər edəcəyini söyləyib:
“Bir neçə həftə əvvəl Tiflisdə olan cənab Paşinyanla da eyni münasibətim var. Yaxın gələcəkdə Ermənistana da səfər etməyi planlaşdırıram. Düşünürəm ki, bütün enerjimi İrəvanla Bakı arasındakı münasibətlərin tənzimlənməsinə sərf edə və müsbət rol oynaya bilərəm”.
Əlavə edək ki, bu yaxınlarda Qaribaşvili BMT Baş Assambleyasının 76 -cı sessiyasında çıxışı zamanı dünya liderlərinə Qara dəniz regionunda sülh və sabitliyin təmin edilməsi üçün Dinc Qonşuluq Təşəbbüsünü təklif edib. Gürcüstan Baş naziri rəsmi Tiflisin sülh təşəbbüsü çərçivəsində ilk görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, yeni format dialoq qurmağa kömək edəcək və regional problemlərin praktiki həlli olacaq. Bundan sonra hökumət başçısı Gürcüstanın Tiflisdə Ermənistan və Azərbaycan tərəfləri arasında yüksək səviyyəli təmaslar üçün platforma yaratmaq təşəbbüsü ilə çıxış etdiyini söyləyib.
Bu yaxınlarda Gürcüstanın hökumətinin rəhbəri Türkiyə və Ermənistan arasında da sülhün yaradılması təşəbbüsü ilə də çıxış edib. O, Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyini ondan xahiş etdiyini Türkiyə Prezidentinə çatdırıb. Lakin Ərdoğan Nikol Paşinyanın görüşmək üçün konkret təkliflərlə gəlməsinin vacibliyini bildirib.
Bu, Gürcüstan hakimiyyətinin Azərbaycan və Ermənistan arasında ilk vasitəçilik missiyası deyil. İyunun 12-də Gürcüstanın təşəbbüsü ilə 15 nəfər diversantın Ermənistana qaytarılması müqabilində rəsmi İrəvan Ağdam rayonunun minalanmış ərazilərinin xəritəsini Azərbaycana vermişdi. Azərbaycanla Ermənistan arasında sülhyaratma missiyasının əsasən Rusiyaya məxsus olduğunu nəzərə alsaq, Gürcüstanın Tiflis platformasının yaradılması və hələ açıqlanmayan digər təkliflərlə çıxış etməsi rəsmi Moskvanın əks-reaksiyasına səbəb ola bilər.
Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, hazırda ən əlverişli vasitəçilik missiyası Gürcüstana məxsusdur. Çünki Rusiyanın mövqeyi ilə bağlı tərəflərin yanaşması birmənalı deyil və şübhəli görünür:

“Bu baxımdan, Qaribaşvilinin səfərinin Azərbaycanla Ermənistan, hətta Ermənistanla Türkiyə arasında sülhün yaradılmasına həsr olunduğu daha böyük ehtimaldır. Yəni Gürcüstanın Baş nazirinin hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Bakıya səfər etdiyini düşünmürəm. İqtisadi səfərin arxasında Gürcüstanın vasitəçilik missiyası dayanıb. Bundan əvvəl minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi, sonra Ermənistan-Türkiyə sərhədlərinin açılması ilə bağlı səylər oldu. Həmin təşəbbüslər bir sıra qapalı proseslərin həqiqiliyini göstərir. Belə ki, Zəngəzur dəhlizi boyunca bəzi işlərin yeklunlaşmasına dair xəbərlər daxil olmaqdadır. Ermənistan tərəfindən işlər görülür və Zəngəzur dəhlizinin açılması barədə açıqlamalar verilə bilər. İndi əsas məsələ tərəflərin mövqeyini hansısa prinsiplər əsasında razılaşdırmaqdan ibarətdir. Qaribaşvilinin missiyası da bu istiqamətdə növbəti addımları müəyyənləşdirməkdir”.
O bildirib ki, Gürcüstanın fəallaşması da İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni əməkdaşlıq platformasının meydana gəlməsi ilə bağlıdır:
“Eyni zamanda, Cənubi Qafqazda Türkiyənin təsirinin artması, region dövlətinə çevrilməsi Gürcüstan üçün müəyyən vəzifələr müəyyənləşdirdi. Hesab edirəm ki, Qərbin Cənubi Qafqaza yönəlik siyasətinin konturları dəyişməkdədir və bu kontekstdə Gürcüstanın xüsusi vəzifəsi var. Həm Azərbaycanla, həm Ermənistanla, eyni zamanda Türkiyə ilə münasibətləri koordinasiya edəcək tərəf Gürcüstandır. Ona görə də Qaribaşvlinin səfərinin alt qatında hansı maraqların dayandığını müəyyən etmək olar”.
Ekspert hesab edir ki, Rusiyanın Gürcüstanın vasitəçiliyinə sərt reaksiya verəcəyi inandırıcı görünmür. Çünki Gürcüstanın barışdırıcı missiyası “3+3” formatının irəli sürülməsindən sonra yaranıb. Bu baxımdan, çox güman ki, rəsmi Tiflisin sözügedən missiyası Rusiya ilə razılaşdırılıb:
“Gürcüstanın vasitəçiliyi Rusiyanın milli maraqlarının əleyhinə yönəlməyib. Yəni Gürcüstanın fəaliyyətində Rusiyanın əleyhinə davranış müşahidə olunmur”.
Əziz Əlibəylinin sözlərinə görə, Qaribaşvlinin Bakı və İrəvan arasında arasında sülh yaratmaq cəhdləri Gürcüstanın “3+3” platformasında iştirakına şərait yaradır:
“Burada Gürcüstanın öz iqtisadi maraqları var. O, həm yükdaşımalarla bağlı şirkətlər vasitəsilə yaranmış şəraitdən dividend götürməyə çalışacaq. Gürcüstanın “Altılıq” platformasına qoşulmasına həm Azərbaycan, həm də Türkiyə təminat aldı. Zəngəzur dəhlizinin Bakı-Tiflis-Qars dəmir yoluna alternativ olmadığına dair Gürcüstana təminat verilib”.
Ancaq politoloq Rusiyanın sülhyaratma prosesində əsas rolu Gürcüstana güzəştə getməyəcəyini düşünür:
“İndiyə qədər proseslərin yönünü dəyişəcək addımların atılması Moskva vasitəsilə mümkün olub. Bu missiyanı Gürcüstanın öz üzərinə götürüb Tiflisdə Azərbaycanla Ermənistan arasında yüksək təmaslar platforması təşkil etməsinə Rusiya razılıq verməz. Ona görə də Gürcüstanın vasitəçiliyi daha çox bağlı qapılar arxasında gizli razılaşmalar üçün əhəmiyyət daşıya bilər. Amma ciddi sənədlər, rəsmi protokollar Moskvada imzalana bilər”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.