Prezident Vladimir Putinin Suriya, Liviya və Cənubi Qafqazda Rusiya-Türkyə əməkdaşlığını həlledici faktor kimi dəyərləndirməsi bağlı qapılar arxasında əldə olunan prinsipial anlaşmalardan xəbər verir; Ərdoğan-Putin görüşü ilə bağlı ilkin məlumatlar ABŞ və NATO-nu məyus edə biləcək məzmun daşıyır, dünyanın siyasi məkanında bundan sonra Türkiyə-Rusiya strateji tərəfdaşlığının daha ön plana çıxa biləcəyi qətiyyən istisna deyil...
Türkiyə-Rusiya münasibətlərində yeni mərhələ başlayır. Bu iki dövlətin beynəlxalq siyasət məkanında, eləcə də dünyanın bəzi regionlarında olduqca ciddi maraqları var. Və həmin maraqların bəziləri ortaqdır, üst-üstə düşür, bəziləri isə kəskin şəkildə toqquşur.Böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Kreml sahibi Vladimir Putin arasında keçirilən Soçi görüşü bir çox ortaq və ziddiyyətli maraqların gələcək taleyi aydınlaşmağa başlayacaq. Əlbəttə ki, Soçi görüşünün yekun nəticələri tam şəkildə ictimailəşdirilməyəcək. Yəni, bəzi anlaşmaların və ziddiyyətlərin üstüörtülü qalmasına üstünlük veriləcək. Bu, Türkiyə və Rusiya kimi dünyada xüsusi təsir gücü olan nəhəng dövlətlərin qarşılıqlı münasibətlərində tamamilə normal haldır.
Ona görə də, hesab etmək olar ki, bu görüşdə Türkiyə və Rusiya arasında ortaq maraqların daha da gücləndirilməsinə, ziddiyyətli istiqamətlərin isə mümkün qədər zəiflədilib, arxa plana keçirilməsində cəhd göstəriləcək. Çünki bu iki ölkə arasında ortaq maraqlar nə qədər güclü olsa da, bəzən ziddiyyətli istiqamətlər rəsmi Ankaraya və Kremlə taleyüklü qərarlar qəbul etməkdə müəyyən problemlər də yaradır.
Məsələn, rəsmi Ankara Rusiyadan Kipr məsələsində daha həssas yanaşma gözləyir. Kremlin Şimali Kipr türk Cümhuriyyətinin müstəqilliyini tanıya biləcəyinə ümid bəsləyir. Halbuki rəsmi Ankaranın “Krım platforması” üzrə prinsipial mövqeyi Kremli qətiyyən məmnun etmədiyindən hələlik bu məsələ ilə bağlı hər hansı qərarın verilməsində tələsmir.
Maraqlıdır ki, Ərdoğan-Putin görüşündən öncə də məhz Krım yarımadası ilə bağlı ziddiyyətlər istər-istəməz ön plana çıxmışdı. Rəsmi Ankaranın Avropa Birliyi ilə eyni mövqedən çıxış edərək, Rusiya Dövlət Dumasına Krım yarımadasında keçirilən seçkilərin nəticələrini tanımaması Kremldə ciddi məyusluq yaratmışdı.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Ukrayna Türkiyə ilə dost ölkədir. Rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünü tanıyır və müdafiə edir. Və Türkiyə Rusiya ilə normal münasibətlərinə baxmayaraq, Ukrayna ilə bağlı mövqeyindən qətiyyən geri çəkilmək niyyətində deyil.
Halbuki Kreml də bu məsələyə olduqca həssas yanaşır. Krım yarımadasını Rusiya ərazisi kimi təqdim etməklə yanaşı, rəsmi Ankaradan da dəstək gözləyir. Rusiya XİN-in rəsmisi Mariya Zaxarovanın Soçi görüşü ərəfəsində “Türkiyənin Krımla bağlı mövqeyindən nəticə çıxarılacaq” deməsi də, rəsmi Ankaraya yönəlik üstüörtülü mesaj sayıla bilər.
Ancaq hazırda bir çox beynəlxalq məsələlərə münasibətdə Rusiya və Türkiyənin maraqları böyük ölçüdə üst-üstə düşür. Bəzi regionlarda Rusiya və Türkiyə arasında müəyyən ziddiyyətlər olsa da, bu iki dövlət arasında olduqca ciddi geopoloitik ortaqlıqlar da var. Və Krım yarımadası ilə bağlı ziddiyyətlər ucbatından münasibətlərin pozulması hər iki ölkəyə ziyan vura bilərdi.
Ona görə də, əslində, M.Zaxarovanın eyhamları o qədər də böyük əhəmiyyət daşımır. Türkiyə-Rusiya münasibətləri birmənalı şəkildə bu iki ölkənin prezidentləri – R.T.Ərdoğan və V.Putin tərəfindən tənzimlənir. Rusiyanın beynəlxalq təzyiq və təhdidlərə hədəf olduğu indiki dönəmdə Kreml sahibi Türkiyə kimi güclü tərəfdaşı qətiyyən itirmək istəməz. Və yəqin ki, Kreml bu məsələnin üzərindən mümkün qədər sükutla ötməyə üstünlük verəcək.
Məsələ ondadır ki, məhz bu mərhələdə Türkiyə və Rusiyanın bir-birinə ciddi şəkildə ehtiyacı var. Rəsmi Ankaranın ABŞ-la ziddiyyətləri kəskinləşməkdə davam edir. Hətta prezident R.T.Ərdoğan Ağ Ev sahibi Co Baydenlə anlaşmağın demək olar ki, mümkün olmadığını vurğulayıb. Və buna paralel olaraq, Soçiyə səfər öncəsində Türkiyənin Rusiyadan yeni “S-400” raketləri almaq niyyətini açıqlayıb.
Bu, rəsmi Ankaranın olduqca önəmli siyasi manevridir. Kreml sahibi də hazırda Türkiyə prezidentinin bu cəsarətli siyasi manevrini qarşılıqsız qoymaq niyyətində deyil. Hər halda, ABŞ və NATO-nun sərt təzyiqləri və təhdidləri ilə üzləşən Rusiya üçün Türkiyə ilə strateji tərəfdaşlıq hava-su kimi lazımdır. NATO-nun ABŞ-dan sonra ikinci ən güclü dövləti olan Türkiyənin dəstəyini qazanmaq Rusiya üçün öz beynəlxalq rəqiblərini zəiflətmək anlamı daşıyır.
Məsələ ondadır ki, Türkiyə və Rusiya maraqlarını birləşdirəcəkləri təqdirdə, ziddiyyətləri və probkemləri arxa plana keçirə biləcəkləri qətiyyən şübhə doğurmur. Xüsusilə də, Türkiyə və Rusiya arasında əsas ziddiyyət qaynağı olan Suriya problemi də istisna deyil. Suriyanın gələcək taleyinin məhz Türkiyə və Rusiyanın ortaq maraqlar çərçivəsində anlaşmasından asılı olduğunu hətta daxilində xaos hökm sürən bu ölkənin qeyri-legitim lideri Bəşər Əsəd də bilməmiş deyil.
Bütün bunları nəzərə aldıqda, Türkiyə və Rusiyanı bir-birinə yaxınlaşdıran faktorların, onları uzaqlaşdıra biləcək amillərdən daha çox olduğunu düşünmək olar. Hətta Soçi görüşü ərəfəsində prezident Rəcəb Tayyib Ərdoğan bunu açıq mətnlə ifadə etmişdi: “Cənab Putindən və ümumiyyətlə, dost ölkə olaraq, Rusiyadan həmrəyliyimizin tələbləri çərçivəsində fərqli gözləntilərimiz var”.
Türkiyə lideri rəsmi Ankaranın ikitərəfli münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu da qətiyyən gizlətməmişdi: “Əgər hədəfimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdırsa, münasibətlərimizin daha da yaxşılaşdırılması lazımdır”.
Göründüyü kimi, rəsmi Ankara məhz Soçi görüşü ərəfəsində Kreml üçün böyük əhəmiyyət daşıyan iki həlledici təkliflə çıxış etmişdi. Bir tərəfdən ABŞ-ın bütün etirazlarına baxmayaraq, “S-400” raketlərinə göstərilən açıq ifadə olunan maraq Türkiyənin Rusiya ilə strateji tərəfdaşlığa müsbət yanaşdığını təsdiqləyir. Digər tərəfdən isə 100 milyard dollarlıq ticarət dövriyyəsinin təklif olunması bu iki ölkənin iqtisadi maraqlarının da uzlaşdırıla biləcəyindən xəbər verir. Və iqtisadi problemləri olan Rusiyanın hazırda bu iki təklifin reallaşmasına böyük ehtiyacı var.
Maraqlıdır ki, Ərdoğan-Putin görüşündən sonra verilən açıqlamalar ABŞ və NATO-nu məyus edə biləcək məzmun daşıyır. Nə qədər xəsisliklə ictimailəşdirilsə də, Türkiyə və Rusiya liderlərinin böyük ölçüdə anlaşdıqları artıq qətiyyən şübhə doğurmur. Hər halda, prezident V.Putinin Suriya, Liviya və Cənubi Qafqazda Rusiya-Türkyə əməkdaşlığını həlledici faktor kimi dəyərləndirməsi bağlı qapılar arxasında əldə olunan prinsipial anlaşmalardan xəbər verir.
Belə hesab etmək olar ki, Türkiyə ABŞ-ı Rusiyadan “S-400” ilə “vurdu”. Rusiya isə NATO-ya bu nəhəng hərbi-siyasi alyansın ən güclü ikinci üzv dövləti ilə strateji tərəfdaş olmaqla, zərbə endirdi, intiqam aldı. Böyük ehtimalla bağlı qapılar arxasında əldə olunmuş razılaşmaların məzmunu iki ölkənin müxtəlif beynəlxalq və regional problemlərə reaksiyası ilə daha aydın şəkildə ortaya çıxmağa başlayacaq. Və dünya siyasi məkanında bundan sonra Türkiyə-Rusiya anlaşmasının birbaşa təsiri ola biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu