Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qarabağla bağlı iki fikir söyləyib. Lavrov deyib ki, 2020-ci il noyabrın 9-dan keçən müddətdə başlıca nəticə ondan ibarətdir ki, stabillik təmin olunub, qorunub saxlanılır və Rusiya sülhməramlı kontingenti buna imkan yaradır, hansısa zorakı hərəkətlər biz hazırda müşahidə etmirik. Rusiyalı nazir həmçinin deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətlərini bərpa ediblər, Azərbaycana, Ermənistana və Qarabağa səfərə hazırlaşırlar.
Sergey Lavrovun açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Lavrovun səsləndirdiyi hər iki fikrin bizə faydası yoxdur: “Bəli, bölgədə sakitlik bərpa olunub, ancaq Laçın dəhlizinə nəzarət edilmir, kim istəyir, nə istəyir keçirir, üstəgəl də rusiyalı hərbçilərin Qarabağdakı separatçıları tərk-silah etmək planları yoxdur. Rusiyalı baş diplomatın sözlərindən isə çıxan nəticə odur ki, təki sabitlik olsun, qalan məsələlər onlar üçün vacib deyil. Azərbaycan torpaqları işğal altında olanda da ”təki sakitlik olsun" deyirdilər. Lavrovun həmsədrlərin fəaliyyətlərini bərpa etməsi və bölgəyə səfərə hazırlaşmalarının da Azərbaycana xeyri yoxdur. Prezident İlham Əliyev 27 sentyabrda müsahibəsində bir daha xatırlatmışdı ki, həmsədrlər gəlib nəyi müzakirə edəcəklər, status məsələsi bizim üçün bitib".
Xatırladaq ki, Prezident İlham Əliyev hələ bu ilin əvvəlində həmsədrlərin Bakıya səfərində onlara demişdi ki, Sizi biz dəvət etməmişik. Yəni onlarlıq bir işin qalmadığını, Azərbaycanın ərazi bütövlüyünü həll etdiyini söyləmişdi.İki gün öncə isə Prezident İlham Əliyev Fransanın “France-24" televiziya kanalına müsahibəsində bildirib: ”Mənim məsələnin həll edilmədiyini deyən həmin ölkələrə tövsiyəm odur ki, öz ərazilərində erməniləri yerləşdirmək və öz ərazilərində ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər. Niyə onlar hesab edirlər ki, hər hansı hüquqi, siyasi və tarixi əsaslar olmadan Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmalıdır? Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud reallıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Bu, o deməkdir ki, onu həll etmək üçün düşmənçilik xarakterli digər hərəkətlərə ehtiyac var. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır".
Sonra Azərbaycan Prezidenti “Yəni onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?” sualını cavablandırıb: “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”.Şübhəsiz ki, Azərbaycanın razılığı olmasaydı Mnsk Qrupu həmsədləri Azərbaycana gəlməzdilər. Bəs maraqlıdır, indi masada hansı şok razılaşma var ki, Azərbaycanın Minsk Qrupuna olan qəzəbli münasibəti dəyişir?Xəyal BəşirovPolitoloq Xəyal Bəşirovun dedi ki, artıq Azərbaycan tərəfi Qarabağ münaqişəsinin bitdiyini ən yüksək səviyyədə bəyan edib: “Minsk Qrupunun həmsədrləri ilə yalnız Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması və imzalanmasına hazırlıq məsələsi müzakirə edilə bilər. Əgər sülhməramlı missiyanı həyata keçirən Rusiya münaqişənin bitdiyini qəbul edirsə və münaqişədən sonra sülhməramlı missiyanı həyata keçirməyi 10 noybar bəyanatı ilə üzərinə götürübsə, bundan sonra başqa söhbət gedə bilməz. Dediyimiz kimi, yalnız və yalnız sülh sazişi məsələsindən söhbət gedə bilər. Sülh sazişi üçün də bir sıra addımlar atılmalıdır. İlk növbədə erməni silahlıların Azərbaycan ərazisindən çıxarılması tam olaraq həyata keçirilməlidir, eyni zamanda Zəngəzur dəhlizi açılmalıdır. Çünki bu tələblər həm 10 noyabr üçtərəfli bəyanatında da əksini tapır. Hesab edirəm ki, Minsk Qrupu həmsədrləri artıq Azərbaycanın yaratdığı yeni reallığı qəbul edirlər. Reallığı qəbul etməyəcəkləri halda onların buraya gəlişinin heç bir faydası olmayacaq. Masada başqa hər hansı yeni mövzu olması mümkün deyil”.
Taleh Sahsuvarlı Tanınmış jurnalist Taleh Sahsuvarlı isə hesab edir ki, bu səfərin sonucu Prezident İlham Əliyevin artıq "Feance 24" kanalında elan etdiyi kimi, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü olacaq. Görüşlərdə Qarabağdakı ermənilərin statusu məsələsi müzakirə edilməyəcək. Bunun qarşılığında Qarabağda erməni icmasının azərbaycanlılarla birgə yaşayış məsələləri müzakirə mövzusu olacaq. Beləliklə, ATƏT Minsk Qrupu prosesdə aktivləşsə də, artıq Azərbaycana qalib tərəf kimi yanaşmalı olacaq: “Əks halda, Azərbaycan bu qrupun fəaliyyətini yenə praktiki olaraq donduracaq. Məsələnin ən ilginc tərəfi odur ki, Azərbaycanın əlində artıq başqa bir rıçaq- Üçtərəfli Bəyanatın mətni və tərəfləri var. Həmin bəyanata görə, işğalçı ordunun qalıqları Xankəndini tərk etməlidir. Bu, o deməkdir ki, Minsk Qrupunun ixtiyarında daha 30 il yoxdur. Real iş görmək istəyəcəklərsə, bu səfər onlar üçün test olacaq. Ona görə ki, Bakıda Əliyev qoltuqlarına bir papka verib göndərəcək İrəvana ki, sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması üçün iradə ortaya qoyun”.
Etibar SEYİDAĞA,“Yeni Müsavat”