DTX-nın xəbərdarlığı: dini zəmində qarışıqlıq yaratmaq istəyənlərin hədəfi

1-10-2021, 08:56   




Təhlükəsizlik məsələləri üzrə ekspert: “Şəhidlərin məzarları üstündə bu cür çıxışlar edilməsi xəyanətkarlıqdır”

Sentyabrın 27-də Vətən müharibəsi zamanı həlak olmuş vətəndaşlarımızın ruhuna ehtiram əlaməti olaraq respublikamızın şəhər və rayonlarında anım tədbirləri keçirilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı xəbərə görə,  bir sıra hallarda bəzi şəxslərin Vətən müharibəsi şəhidlərinin anım mərasimlərindən məqsədyönlü şəkildə, radikal dini-ideoloji ayrı-seçkilik təbliğatı niyyəti ilə istifadə etməklə müxtəlif dövlətlərə qarşı dini, irqi zəmində düşmənçilik çağırışları edib tədbirlərin keçirildiyi yerlərdən videoçəkilişlər apararaq yaymaları, cəmiyyətin və dövlətin mənafelərinə ziyan vuran hərəkətlərə yol vermələri təsbit olunub. Qeyd olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinə dəvət olunaraq qanunazidd davranışlarının qarşısı alınıb, dini, irqi və ya digər mənsubiyyətindən asılı olaraq nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarının Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən qaydada məsuliyyətə səbəb olduğu barədə xəbərdar edilib. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə və təhlükəsizlik maraqlarına zidd davranışların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
İranla yaşanan gərginlik fonunda belə çıxışlar ölkədə dini zəmində qarışıqlıq yaratmaq istəyənlər qüvvələrin marağında ola bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, şəhid məzarı qarşısında siyasətdən danışmaq, heç aid olmayan bir məsələni qeyd eləmək təxribatçı örgütün, dəstənin təşkilatçılığı ilə baş verib: “Bir qadının çıxıb o şəkildə danışması öz təşəbbüsü ilə deyil. Orada hamı göz yaşı tökür, şəhidlərə ağlayır, amma bu qadın sionist rejimin adını çəkir, İsraili lənətləyir. Bu, son günlər İran-Azərbaycan münasibətlərində yaşanan gərginlik zamanı baş verir. Bu adamlara ”5-ci kolon" belə demək düzgün deyil, potensial vətən xainləri deyərdim".
Politoloq İlham İsmayıl: "Yeni kadr siyasətinə köklü keçidin əsası qoyulur"
İlham İsmayıl 
Təhlükəsizlik məsələləri üzrə ekspert deyir ki, İranın ölkəmizi təhdid etdiyi, hədələdiyi bir vaxtda, hərbçilərinin, din xadimlərinin, mətbuat işçilərinin simasında xüsusi hədəfə aldığı zamanda belə çıxışlar xəyanət kimi qiymətləndirilməlidir: “İsrailin adını çəkmədən ”qonşuluqda sionist rejimin möhkəmlənməsini biz özümüzə təhdid hesab edirik" demək Azərbaycanı sionist rejimi adlandırmaq deməkdir. Bunu İranın xarici işlər naziri deyir. Ad çəkmirsə, kimi fikirləşir? Məgər İsrail Azərbaycanda hərbi baza yaradır?"
Onlar DTX-ya çağırıldı - Alp.Az
Təhlükəsizlik məsələləri üzrə ekspert qeyd edir ki, İsrail Azərbaycana siyasi-mənəvi, yeri gələndə hərbi dəstək verməkdən başqa hər hansı bir kömək etməyib: “Bu dəstəyin hədəfi də İran deyil. Bu olaylar fonunda Dövlət Təhlükəsizliyi Xidmətinin bütün addımları yerindədir, onun xəbərdarlığı profilaktik xarakter daşıyır. Bu profilaktika təhlükəsizlik orqanlarının fəaliyyətində həmişə çox vacib elementlərdən biridir. Bundan sonra da bu işi davam etdirmək lazımdır”.
Ekspert deyir ki, baş verənləri bir qadının fikirləri kimi qəbul edənlər çox ciddi şəkildə yanılırlar: “Bu bir qadının fikirləri deyil. Bu, İran rejiminin, İran hakimiyyətinin mövqeyidir, Azərbaycanda daxildə olan adamları vasitəsilə səsləndirilir. Bu, bizə dost münasibət bəasləməyən qonşu dövlətin mövqeyidir. Bizimlə bir qadının dili ilə danışırlar. Məsələyə Dövlət Təhlükəsizliyi Xidməti adekvat reaksiya verəndən sonra isə məsələni namus-qeyrət məsələsinə çevirirlər. Namus-qeyrət məsələsi hicabda deyil, namus-qeyrət həmin o şəhidlərimizdir. Onların məzarları üstündə bu cür çıxışlar edilməsi xəyanətkarlıqdır”.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.