Hacı Məhərrəmin kürəkənini həbsdən qorumaq üçün planları – VİDEO
5-10-2021, 09:34
Bu ilin iyununda Novxanı bağlar massivində 4 nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı məhkəmə araşdırmaları başlayır. Söhbət Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni, eyni zamanda bacısı oğlu, kompleksin satış müdiri olmuş Elşad Kəlbəliyevdən gedir. RealMedia.az xəbər verir ki, Elşad Kəlbəliyevin haqqında cinayət işinin istintaqı yekunlaşıb. İş materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu işi İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası araşdıracaq. Elşad Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham olunur. Bu maddədə 5 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 7 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub. Qeyd edək ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir. Ölkə gündəmini zəbt edən bu olayla bağlı maraqlı məlumatlar yayılıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə M. Novruzov kürəkənini həbsdən qurtarmaq üçün müxtəlif üsullara əl atıb. Hadisənin baş verdiyi ilk gün həcı titullu iş adamı yeznəsini azadlığa qovuşdurmaq üçün evsiz-eşiksiz birisini tapıb cinayəti onun boynuna qoymaq istəmişdi. İmkansız və kirayədə yaşayan Ələsgər Əliyev böyük vədlər müqabilində bu təkliflə razılaşıb. Ancaq bu variant baş tutmayıb. O zaman hüquq mühafizə orqanlarının çevik və ədalətli reaksiyası bu planın qarşısını aldı. Cumhuriyyet.az olaraq xatırladaq ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bütün bu panların üstündən xətt çəkərək bildirmişdi: “ “Range Rover”i Ələsgər Əliyevin idarə etməsi ilkin məlumat olub. Sonradan araşdırmalar zamanı məlum olub ki, avtomobili Elşad Kərbalayev sürüb və həmin zaman ağır sərxoş vəziyyətdə olub. Qəza baş verəndən sonra Ələsgər Əliyev xəstəxanaya zəng edərək qəzaya düşdüklərini deyib və təcili tibbi yardım xidməti göndərilməsini istəyib. Buna görə də ilkin olaraq sürücü kimi Ələsgər Əliyev qeydə alınıb. Hazırda Elşad Kəlbalayev tutularaq istintaqa cəlb edilib”. Bundan sonra E.Kərbəlayev haqqında dörd aylıq həbs-qəti imkan tədbiri seçilib və hazırda istintaq altında həbsdədir. Amma cumhuriyyet.az–ı məlumatlandıran mənbənin sözlərinə görə, müqəddəs Kəbə daşını öpməyə pullar xərcləyən M. Novruzov kürəkəninin həbsdə olması ilə hələ də barışmır və öz üsullarına əl atıb. Hadisə zamanı həlak olan şəxslərin ailələrinə böyük məbləğdə (bura Bakı şəhərinin mərkəzində ev, Masazırda villa, bahalı avtomobillər və 200mindən az olmayan pul daxildir) hədiyyələr edib. Bunun qarşılığında mərhumların yaxınları şikayətçi olmayacaqlarına və cəza üçün israr etməyəcəklərinə söz veriblər. Azərbaycan qanunvericiliyində bu kimi hallarda, yəni şikayətçinin ortadan qalxdığı hallarda cəzanın necə müəyyənləşdirildiyini deyə bilmərik. Amma E. Kərbəlayev bu hadisədən cəzasız qurtaracaqsa sadə vətəndaşın “Pulun varsa hamını əz keç” iddiası təsdidlənmiş olacaq.