Azərbaycanda DƏHŞƏTLİ QƏTL - “Uşaq səndən deyil” deyən hamilə arvadını öldürdü ŞOK DETALLAR

14-10-2021, 13:59   



2020-ci ilin avqustun 7-də 1986-cı il təvəllüdlü Anar Əhmədovun hamilə həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə boğub öldürməsinin təfərrüatı məlum olub.  

Musavat.com Oxu.Az-a istinadən cinayətin baş verməsinə səbəb olan motivləri təqdim edir.
Anarı cinayətə təhrik edən düşüncələrə keçməzdən öncə onun mərhum Şəhanə ilə ailə təməli qurmasına və sonrakı gedişatlara nəzər yetirək.
Anar hərbi xidmətdən qayıtdıqdan sonra, Ağdaşda təsərrüfat işləri ilə məşğul olub, gündəlik qayğılarını və ehtiyaclarını qarşılayır. Sakit, el dili ilə desək, heç kimlə işi olmayan Anar 2003-cü ildə Şəhanə ilə tanış olur, onlar arasında münasibətlər istiləşir və evlənmək qərarına gəlirlər. Dörd illik münasibətdən sonra onlar 2007-ci ilin mayında ailə həyatı qururlar. Ağdaşın Ərəbşəki kəndində yaşayırlar, ancaq ailənin ehtiyaclarını qarşılamaq çətinləşir, çünki rayonda ailəni dolandırmaq üçün normal maaşa iş tapmaq müşkülə çevrilir.
Anar və Şəhanə rayonlarda yaşayan bir çox cütlük kimi daha çox iş imkanı olan coğrafiyaya üz tuturlar, onlar evlilikdən 6 ay sonra Abşeron rayonunun Saray qəsəbəsinə, oradan da Sumqayıt şəhərinə köçürlər.
Onların bu nikahdan iki övladı dünyaya gəlir. Anar işləyir, qazanır, artıq özünə bir ev tikmək qərarına gəlir. 2010-cu ildə Sumqayıtın Xəzri yaşayış massivindən torpaq alaraq özünə ev tikir...
Eyni xarakterli adamlar
Ancaq sən demə bu evin bünövrəsi üzərində ucalan ev cütlüyün ailə təməllərini sarsıdan səbəblər sırasına əlavə olunur. Belə ki, Anar evinə anası və bacısını da köçürür, onlar birlikdə yaşayırlar. Bir müddətdən sonra Şəhanə etiraz edir, o, ailəsi ilə tək yaşamaq istədiyini dilə gətirir...
Əslində ailədə söz-söhbətlərin tarixi ev məsələsindən də əvvələ gedib çıxır. Ərlə arvadın ikisi də eyni düşüncədədir, onların ikisi də aşırı qısqancdır. Bir-birlərini qısqanırlar. Evləndikdən bir müddət sonra Şəhanənin qonşuluqlarında yaşayan bir qadınla mübahisəsi düşür. Çünki qonşuluqdakı qadınla Anar bir-birlərini gördükdə salamlaşır, hal-əhval tuturmuş. Şəhanə isə bunu düşüncələrinin həzminə verə bilmir, qısqanclığın yaratdığı hikkədən dolayı həmin qadına son sözünü deyir: “Bir də Anara salam vermə”.
Anar da xarakterinə görə həyat yoldaşından geri qalmır. Qarşılıqlı qısqanclıq mübahisələri dərinləşdirir və bu, tərəflərin bir-birinə qarşılıqlı qadağa şərtləri ilə nəticələnir.
Hətta vəziyyət o həddə çatır ki, Şəhanə Qəbələdə bacısının toyunda olarkən Anar onu toy çadırına buraxmır, səbəb isə sadədir: Çadırda kişilər var!
Toy bitdikdən sonra Şəhanə valideynləri ilə danışır, Anarla dolana bilmədiyini deyir. Boşanmaq məsələsi ailənin müzakirəsinə çıxarılır, amma bu da var ki, qısqanclığın paralelində onların münasibətlərini soyuqlaşdıran Anarın anası və bacısı ilə birgə yaşamaq qərarından vaz keçməməsi dayanırdı...
Şəhanə boşanmaq qərarından vaz keçir, amma ər-arvad arasındakı münasibətlərdə buzlar ərimir.
Mübahisələr davam edir, artıq Anar Şəhanəyə əl qaldırır, istintaqa verilən ifadələrdən aydın olur ki, Anar Şəhanəni bir neçə dəfə vurub.
Şəhanə 2019-cu ildə atası evinə yollanır, 2020-ci ilin iyul ayına qədər orada qalır...
Ailənin arzusu suda boğuldu...
Anarla Şəhanənin nikahından iki qız övladı dünyaya gəlib, ailədə nə qədər mübahisələr olsa da, onlar oğlan övladlarının olmasını da arzulayıblar. Taleyin işinə bax ki, Şəhanə öldürülərkən hamilə imiş, özü də bətnindəki körpənin cinsiyyəti də oğlan imiş.
Anar və Şəhanə nə qədər mübahisə etsələr də, bir-birlərindən ayrıla da bilmirlər, Şəhanə 2020-ci ilin iyul ayında Anara zəng edərək onunla danışır və onlar yenidən bir yerdə yaşayırlar. Amma bu zəng sən demə Şəhanə üçün çalınan “əcəl zəngi”nin müqəddiməsi imiş.
Necəsə, ailə 2020-ci ilin avqustun 7-də Novxanı çimərliyinə gedirlər. Ancaq çimərlikdə də ər-arvad arasında mübahisə yaranır, yenidən boşanmaq məsələsi onların danışıqlarında qırmızı xətt kimi keçir.
Şəhanə boşanacaqları halda uşaqların onda qalacağını bildirir, bu barədə övladlarının da fikirlərinə müraciət edirlər.
Qız övladları ataları ilə qalmaq istədiklərini bildirir, Şəhanə isə bundan hiddətlənir və hədə-qorxu gəlməyə başlayır. O, uşaqların atası ilə qalacağı təqdirdə övladlarını öldürəcəyini bildirir.
İstintaqa əsasən, ərlə-arvad arasında emosiyalar soyuyandan sonra onlar axşam saat 9-da dənizə girirlər. Az sonra isə ər dənizdən qayıdır, övladlarından analarının yerini soruşur.
Uşaqlar bilmədiklərini deyir, Anar isə bu zaman arvadının dənizdə boğulduğunu uca səslə bildirir. Hadisə uşaqlara pis təsir edir, çünki onlar “anamızın qarnındakı uşaq da öldü?” deyə sual edirlər.
Polisə məlumat verilir, sahə rəisi əraziyə gəlir. Söhbət zamanı Anar arvadı Şəhanəyə üzməyi öyrətdiyini, qaranlıq vaxtı dənizə girdiklərini və bir müddət sonra sonuncunu yuyunub hazırlanması üçün uşaqlarının yanına göndərdiyini özünün isə suda qaldığını deyir.
Lakin polis Anarın ziddiyyətli danışdığını o dəqiqə anlayır.
Polis əməkdaşı Anara deyir:
“Əgər arvadın üzə bilmirsə nə üçün onu geriyə tək göndərmisən və niyə qaranlıq vaxtı dənizə girmisiz?” - 1-0 polisin xeyrinə, çünki Anar bu suallara cavab verməkdə çətinlik çəkir.
Polis 2-ci “qolu” da vurur. Belə ki, Anarı işıqlı yerə çəkəndə onun sifətinin sol nahiyəsində, qollarında cırmaq izləri görür.  
O, Anardan həmin xəsarətlər barədə soruşduqda o, uşaqlarını dənizdə çimizdirərkən həmin xəsarətlərin uşaqları tərəfindən yetirildiyini deyir. Polis isə soyuqqanlılığını itirmədən qətiyyətlə Anara “Sənin sifətində, qollarında olan cızıqlar çox dərindir uşaqlar tərəfindən yetirilməsi qeyri-mümkündür” deyərək sonuncuya üzərində olan köynəyi çıxartmağı təklif edir.
Anar köynəyini çıxartdıqdan sonra polis onun boğazında, sinəsində, belində, qarın nahiyələrində dərin və çoxsaylı cırmaq izlərinin olduğunu görür.
Polisin sualları intensivləşir, cavab verə bilməyən Anar isə törətdiyi cinayəti etiraf edir...
İstintaq materiallarına əsasən, cinayətin baş vermə anını təsvir etməyə çalışaq. Anar Şəhanəni dənizdə üzmək adı ilə qaranlıqda gözlə görünə bilən ərazidən uzaqlaşdırır.
Ər vəziyyətdən istifadə edir, Şəhanənin suda boğulması fəaliyyətinə başlayır. Şəhanə bir neçə dəfə sudan çıxmaq istəsə də, o sonuncunun boyun və başından tutaraq yenidən suya salır. Anar Şəhanəni təxminən 10 dəqiqə suyun altında saxlayır.
O, Şəhanənin sudan çıxmadığını və müqavimət göstərmədiyini görüb öldüyünə əmin olur.
Anar istintaqa ifadəsində yoldaşının hamilə olduğundan xəbərsiz olduğunu desə də, onun yalan danışdığı aydın olur.
Anar arvadının hamilə olmasından əvvəldən məlumatlı idi, bunu sübut edən məqamları istintaq müəyyənləşdirir.
Artıq bunu bilən Anar ifadələrinin mətnində dəyişiklik edir. O sonrakı ifadələrində bildirir: “Arvadım mənə dedi ki, bətnimdəki oğlan uşağı səndən deyil. Mənim onu öldürməyimə səbəb bu ifadə idi”
Məhkəmə Anarın dediyi həmin dialoqun baş verib-verməməsini nə təkzib, nə də təsdiq edib. 
Məhkəmənin hökmü ilə Anar Cinayət Məcəlləsinin 120.2.8-ci maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.