İran indi də Rusiyanı arzulayır

21-10-2021, 12:15   


MüəllifYuliya Medvedeva, haqqin.az saytının Moskva müxbiri
İran Silahlı qüvvələrinin qərargah rəisi general-mayor Məhəmməd Hüseyn Bakiri bəyan edib ki, ölkəsi özünün şərqə istiqamətlənmiş siyasətinə uyğun olaraq Rusiya ilə hərbi əməkdaşlığın səviyyəsini yüksəldəcək.
İran ordusunun beyni olan Baş qərargaha rəhbərlik edən general Bakiri Sergey Şoyqunun dəvəti ilə getdiyi Moskvadan gümrah və ruhlanmış halda qayıdıb.  Səfərin gündəliyində iki mövzu vardı - Rusiyadan silah almaq və Əfqanıstan. Və Bakiri deyir ki, tərəflər hər iki məsələdə tam razılığa gələ bilib.
Bu müqavilələrlə bağlı Moskva da, Tehran da konkret heç nə söyləmədiyindən güman etmək olar ki, reallıqda hər şey heç də Bakirinin təqdim etməyə çalışdığı dərəcədə nikbin deyil. Tehran Pekinlə olduğu kimi Rusiya ilə də 25 illik strateji əməkdaşlıq sazişi imzalamaqdan  çox uzaqdır.  Rusiya tərəfi ilə hərbi-texniki sahədə əməkdaşlıq da İran üçün reallıqdan daha çox arzu və ümidlər səviyyəsindədir.

Bakiri Moskvadan çəhrayı xəyallarla və hədsiz gözləntilərlə qayıtdı...
İlk növbədə ona görə ki, İranla əməkdaşlığın dərinləşməsində Moskvanın marağı məhdud xarakter daşıyır, xüsusən də söhbət hərbi sahədən gedirsə.  Çin-İran strateji əməkdaşlığı məsələsindəki tarixçə təkrarlanır - Tehranla sıx əlaqələr Səudiyyə Ərəbistanı, BƏƏ və İsraillə münasibətləri mürəkkəbləşdirə bilər. Hələ ABŞ-ın reaksiyasından danışmırıq.  Bu isə Moskvaya qətiyyən lazım deyil, onsuz da onun xarici siyasət səhnəsində problemləri yetərincədir.
Üstəlik, İran silahları böyük həcmdə, ancaq kreditlə əldə etmək istəyir - Rusiya tərəfi buna hazır deyil.  Deməli, İranın silah alışı məhdud xarakter daşıyacaq - kiçik partiyalarla alaraq əldə etdiyi nümunələrin nüsxələrini hazırlayacaq. Bu isə Moskvaya sərf etmir.
Və nəhayət, ən əsası - əməkdaşlıq münasibətləri özündə bu və ya digər bölgələrdə fəaliyətin müəyyən səviyyədə razılaşdırılmasını ehtiva edir. Bu anlamda İran Rusiya üçün çox əlverişsiz əməkdaşdır, çünki Tehran özünün beynəlxalq münasibətlərdə “əlahiddəliyinə” çox güvənir. İranın xarici siyasəti olduqca eksklüzivdir və müttəfiqləri üçün çoxlu sürprizlər vəd edir - stabillik sıfırdır və bu, çətin ki kiminsə xoşuna gəlsin.

Moskva riskləri hesablayır və anlayır ki, Tehranla uzlaşmaq və sinxronlaşmaq alınmayacaq, Suriya misalı buna parlaq sübutdur.  Tehranı durdurmaq üçün Rusiyanın yalnız bir vasitəsi var - siyasət, ona isə bel bağlamaq çətindir, bu substansiya çox dəyişkəndir.
Moskvanın İran bazarında yeri çox dardır, orada Rusiyanın iri şirkətləri üçün perspektiv azdır, orta və kiçik biznesdə isə İran kənd təsərrüfatı məhsullarının tədarükünü çıxmaqla digər sahələrdə Rusiya ilə çalışmağa hazır deyil.
Nəticədə bəlli olur ki, 2 milyard dollar həcmində ticarət dövriyyəsi və silah müqavilələri Rusiya və İranın mümkün əməkdaşlığı üçün maksimumdur. Bu cür xırda məbləğlə strateji əməkdaşlıq qurmaq olmaz.  Ona görə də general Bakirinin səfəri ilə bağlı İran tərəfinin nikbin bəyanatları tamamilə dekorativ xarakter daşıyır:  şirin arzular, ifrat gözləntilər, nikbin perspektivlər - ancaq konkretlik yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.