Gəncə şəhərində yerləşən “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru Kərimova Ülkər Nadir qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:“Hörmətli cənab Prezident!Yazıb Sizə bildirirəm ki, mən 2017-ci ildən “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi, Milli Məclisin sabiq deputatı, Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev tərəfindən “Yeni Gəncə” Tibb Mərkəzinin icraçı direktoru vəzifəsinə təyin olunmuşam. İşlədiyim dövr ərzində əhaliyə yüksək tibbi xidmət göstərilməsi istiqamətində öz bilik və bacarığımı əsirgəməmişəm və daim klinikanın nüfuzunu yüksəltmişəm. Nümunə olaraq ordumuzun zəfər çaldığı 44 günlük müharibə dövründə klinikada yaralı əsgərlərimizə göstərilən xidmətimizi qeyd edə bilərəm. Dəfələrlə Müdafiə Nazirliyinin Hərbi hissələrinin Təşəkkürnaməsi və Fəxri fərmanları ilə təltif olunmuşam.
Mən icraçı direktor vəzifəsinə təyin olunarkən heç bir təhvil- təslim aparılmayıb və bu barədə müvafiq akt tərtib olunmayıb. Təsisçi ilə mənim aramda maddi məsuliyyət haqqında müqavilə bağlanaraq imzalanmayıb. 2021-ci ilin sentyabr ayının hasabatını verdikdən sonra, mən təsisçi İlham Əliyevə onun gündən-günə artan tələblərini yerinə yetirməyimin mümkün olmadığını və bu səbəbdəndə tutduğum vəzifədən azad olunmaq istəyimi bildirdim. İlham Əliyev işdən azad olunacağım təqdirdə, məni audit etdirərək klinika yaranandan etibarən yaranmış bütün çatışmamazlıqları mənə ödətdirəcəyi ilə hədələdi.
Təsisçi İlham Əliyev 14.10.2021-ci il tarixdə Gəncə şəhərinə gələrək, məni 14 oktyabr 2021-ci il tarixdən 3 gün müddətinə ödənişsiz məzuniyyətə göndərilməyim barədə ərizə yazmağa məcbur etdi və mənim iştirakım olmadan özü ilə Bakı şəhərindən gətirdiyi Aygün adlı xanıma klinikanı yoxlatdırmağa başladı. Təsisçi mənə bildirdi ki “mən zəng edib səni çağırmayanadək klinikaya yaxın gəlmə”. Həmin gündən xidməti otağımdan özümə məxsus bəzi şəxsi əşyalarımı istifadə üçün özümlə götürərək, kirayədə yaşadığım evə gəldim.
Təsisçi İlham Əliyevin şifahi göstərişinə əsasən bu günədək klinikanın ərazisinə daxil olmamışam. “Yeni Gəncə” Tibb Mərkəzinin möhürü və elektron imzası məndən rəsmi akt tərtib olunaraq təhvil götürülüməyib. Möhürdən və elektron imzadan hal-hazırda qeyri-qanuni istifadə olunur və hətta keçmiş tarixlərə saxta sənədlər hazırlanaraq, təsdiq olunmasına dair ehtimalım var. Mənim klinikada olmadığım dövrdə iştirakım təmin olunmadan İlham Əliyevin özü ilə gətirdiyi Aygün adlı xanım tərəfindən bu günədək yoxlama aparılır, müəyyən işçilərdən mənim əleyhimə izahatlar alınır. Mənim əleyhimə izahat verməkdən imtina edən işçilər işdən çıxarılmaqla təhdid olunur. Mənimlə təsisçi arasında maddi məsuliyyət üzrə müqavilə olmadığı halda, mənim görmədiyim və mənə rəsmi şəkildə təhvil verilməmiş, adını da bilmədiyim tibbi avadanlığın mənim tərəfimdən mənimsənildiyi fikiri artıq klinikada formalaşdırılmışdır.
16 oktyabr 2021-ci il tarixində, təxminən saat 17 radələrində klinikanın üç nəfər işçisi (Mahir həkim, Zülfüqar və Kəyan) mənim yaşadığım ünvana gələrək mənzilə daxil olmuşlar. Mahir həkim əlində olan telefonu mənə üzadaraq təsisçi İlham Əliyevlə danışmağımı tələb etmişdir. Mən İlham Əliyevlə danışarkən telefonda mənə təhqiramiz formada gələn adamların istədiklərini təmin etməyimi əmr etmişdir. Həmin adamlara mən otaqlara girməməyi bildirərək qarşılarını almaq isrəyərkən klinikada mühafizəçi vəzifəsində işləyən Kəyan adlı şəxs mənim qolumdan tutaraq dəhlizin divarına çırpmış, zor tətbiq edərək, mənzilin bütün otaqlarında axtarış keçirərək, dəhlizdə
Bakı şəhərinə aparmaq məqsədilə qutulara yerləşdirdiyim şəxsi əşyalarımı və 2000 manat pulmu, brilliant qızıl-zinət dəstimi götürərək mənzildən çıxmışlar. Mən səhhətim pozulduğu üçün Təcili tibbi yardıma, sonra isə mənzilımə basqın olduğu üçün 102 qaynar xəttinə müraciət etmişəm. Hal-hazırda fakt üzrə Gəncə şəhər Baş Polis İdarəsinin Təhqiqat və istintaq idarəsində təhqiqat aparılır.
Ərizədə göstərdiyim halları və təsisçinin mənə qarşı qərəzli mövqeyini nəzərə alaraq, 20 oktyabr 2021-ci il tarixdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə təsisçi İlham Əliyevə rəsmi müraciət etmişəm.
Hörmətli Prezident!Siz hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının qarantısınız. Mən iki uşaq anasıyam. Daim dövlətimə və onun Prezidentinə sadiq olmuşam və qanunlarımızın aliliyinə hörmətlə yanaşaraq, qanunlarımızı pozmamağa çalışmışam. Sizdən bir köməksiz ana kimi xahiş edirəm, “İNTERMEDSERVGİS” MMC-nin təsisçisi İlham Əliyev tərəfindən mənə qarşı başlanmış və məni intihar etmək dərəcəsinə gətirmiş repressiyanın qarşısının alınması məqsədi ilə aidiyyatı orqanlara göstəriş verəsiniz”.
Hurriyyet.az