Abdulla Abdullayev, Rövşən Əhmədov və digərləri “Bayraktar”ın sirlərini ələ keçirmək istəyirdilər?

24-10-2021, 18:49   


Türkiyə KİV-ləri bu ölkədə 4 Rusiya, bir Ukrayna və bir Özbəkistan vətəndaşının həbs olunduğunu xəbər verir. Əməliyyat hələ oktyabrın 8-də keçirilib, amma bu haqda mətbuata bir neçə gün əvvəl məlum olub. “Hürriyet” qəzeti oktyabrın 20-də yazıb ki, İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində “koordinasiyalı əməliyyat” keçirilib və nəticədə 6 nəfər həbs olunub. Bunlardan dördü Rusiya vətəndaşlarıdır-Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan Rasayev və Aslanbek Abdulmuslimov. Habelə Ukrayna vətəndaşı İqor Yefrim və Özbəkistan vətəndaşı Amir Yusupov da həbs olunublar. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib, qəzet bu şəxslərin “siyasi və ya hərbi casusluq fəaliyyətinə” görə həbs edildiklərini bildirir, amma rəsmən bu haqda heç bir açıqlama verilməyib.

Oktyabrın 21-də rəsmi “Anadolu” agentliyi də bu haqda məlumat yayıb və saxlanılan şəxslərin barəsində İstanbul 5-ci Ağır Cəza Məhkəməsinin həbs qərarı verdiyini bildirib. Agentlik həmin şəxslərin siyasi və ya hərbi casusluq fəaliyyətində ittiham olunduqlarını qeyd edib. Bu maddələr üzrə onları 15 ildən 20 ilə qədər həbs gözləyir.
CNN Türk kanalı isə öz reportajında saxlanılan şəxslərdən silah, pullar və Rusiya pasportları tapıldığını əks etdirən kadrları yayıb. Telekanal qrupun vəzifəsinin Türkiyədəki çeçen müxalifət fəallarını öldürmək olduğunu bildirib. Bu süjetdən dərhal sonra Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəyə qeyri-rəsmi səfər edib və qayıdanda bildirib ki, orada “şaytanlar” yoxdur. “RİA Novosti” agentliyi isə Türkiyə XİN-ə həbs olunanlarla bağlı sorğu göndərib. Sorğuya cavab olaraq bildirilir ki, XİN-də bu barədə heç nə məlum deyil.

“Gazeta.ru” qeyd edir ki, həbs olunanlarla bağlı Türkiyə hüquq-mühafizə orqanlarının rəsmi məlumatı yayılmayıb. Bütün məlumatlar “Hürriyet” və “Anadolu” ya əsaslanır. Türkiyənin güc strukturlarına yaxın mənbə isə “Gazeta.ru”ya bildirib ki, həqiqətən rusiyalılar həbs ediliblər. Mənbənin bildirdiyinə görə, saxlanılanlar nəinki müxalifətçiləri öldürmək, eləcə də hərbi sirləri ələ keçirmək niyyətində olublar. Belə ki, istintaq saxlanılan şəxslərin “Bayraktar” pilotsuz döyüş təyyarələri və perspektiv silah növlərinə dair digər layihələr barədə detallı informasiyaları araşdırmaq, ələ keçirmək cəhdlərini də araşdırır.
Sayt qeyd edir ki, bu “siyasi və hərbi casusluq” işi Türkiyə ilə Rusiya arasında Suriya ilə bağlı artan ziddiyyətlər fonunda inkişaf edir.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.