Kiprdə sentyabrın 27-də həbs olunan, Rusiya pasportu daşıyan və israilli biznesmenləri öldürmək üçün bu ölkəyə göndərildiyi bildirilən 38 yaşlı azərbaycanlı killerin işi üzrə yeni sensasion məlumatlar açıqlanıb. virtualaz.org xəbər verir ki, noyabrın 1-də Kipr məhkəməsi onun barəsində həbs qətimkan tədbirini növbəti, səkkizinci dəfə uzadıb. Bu, rəsmi ittiham irəli sürülməmiş şübhəlinin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair görünməmiş təcrübədir. Və Kipr polisinin məhz terror versiyası üzrə istintaq apardığını göstərir.
Xəbər verildiyi kimi, istintaq çərçivəsində həmin azərbaycanlıdan başqa daha beş nəfər həbs olunub. Bir neçə gün əvvəl isə həbs olunanlardan birinin-27 yaşlı pakistanlı yemək kuryerinin Pafos şəhərində yaşadığı evin yaxınlığında basdırılmış “Xtouch Technology Sub Compac” tapançası tapılıb. İş üzrə həbs edilənlərin 4-ü pakistanlı, biri isə 21 yaşlı livanlıdır. Başlıca şübhəli isə yemək kuryeri kimi işləyən həmin 27 yaşlı pakistanlıdır.
Kiprdə nəşr olunan “Politis” qəzetinin əməkdaşı Fanis Makrides “Iran İnternational” saytına bildirib ki, onun polisdəki və xüsusi xidmət orqanlarındakı mənbələri şübhəlilərin barəsində terrorçuluqla bağlı istintaq aparıldığını təsdiqləyiblər. “Biz artıq bilirik ki, İsrail baş nazirinin dəftərxanası bu barədə bəyanat verib, 38 yaşlı azərbaycanlının İranın Kiprdə israillilərə zərər vermək planları ilə bağlı olduğunu təsdiq edib”,-jurnalist bildirib.
“Məsələ artıq üçüncü tapançanın tapılmasına gəldikdə bu o deməkdir ki, ortada həqiqətən təşkil edilmiş nəsə plan olub”,-Makridis əlavə edib. Jurnalist deyib ki, şübhəlilər Nikosiya, Limasol və Pafos şəhərləri arasında yerdəyişmə ediblər, bir-birləri ilə əlaqə saxlayıblar. Yəni nəsə irimiqyaslı plan hazırlayıblar.
Makridis onu da deyib ki, mənbələri Kiprdə həmin azərbaycanlının yaxalanmasının İsrailin xarici kəşfiyyat xidməti “Mossad” sayəsində mümkün olduğunu deyiblər. “Biz bilirik ki, Kipr polisi 2021-ci il sentyabrın əvvəllərindən Kiprdə olan, müşahidələr aparan və adanın türk hissəsinə gedib-qayıdan 38 yaşlı azərbaycanlının izinə “Mossad”dan daxil olan informasiyadan sonra düşüb və onu müşahidə etməyə başlayıb”,-Makridis deyib. Jurnalist bildirib ki, şübhəli “öz hədəflərinə çatmaq üzrəykən” polis onu həbs edib.Makridis killerin hədəfindəki biznesmenlərdən birinin Kipr vətəndaşlığı daşıyan israilli milyarder Tedi Saqinin olduğu barədə məlumatların da araşdırıldığını bildirir. “Mənim mənbələrim bildiriblər ki, əgər bu planının arxasında İran dayanmışdısa deməli Tedi Saqi kimi milyarderi hədəf almaqla daha böyük nəticə əldə edə bilərdi”,-o deyib.
Kipr mətbuatı da azərbaycanlı killerin “Mossad”ın əməliyyat məlumatı sayəsində yaxalandığını yazır. “Cyprus Daily News” nəşrinin yazdığına görə, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan həmin azərbaycanlının çoxdan İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi məlum idi.Qəzet onu da yazır ki, İran xüsusi xidmət orqanları Kiprdə israilli biznesmenlərin barəsində məlumat toplamaq üçün yemək çatdırılması xidmətlərinin qeyri-qanuni olaraq topladığı məlumat bazasından istifadə edə bilərdi. Belə ki, yemək çatdırılma şirkətlərində kuryer olaraq istənilən adamı işə götürə bilərlər və bir çox hallarda xarici xüsusi xidmət orqanları öz agentlərini bu şirkətlərə kuryerlərin briqadiri olaraq yerləşdirir. Habelə kuryerlər müştərilərin məlumat bazasını toplayır və onları öz briqadirlərinə təqdim edir, briqadirlər isə məlumat bazasını maraqlı şəxslərə, yaxud xüsusi xidmət orqanlarına verir.
virtualaz.org