ABŞ “Soyuq müharibə”dən sonra ilk dəfədir ki, qərargahı Almaniyada yerləşən 56-cı artilleriya komandanlığını bərpa edib və bununla yanaşı, silahlı qüvvələrin döyüş cərgəsinə “Qara qartal”(Dark Eagle) adlanan uzaq mənzilli hipersəs raket bölmələrini qoşmağa hazırlaşır. Raketlər tam hazır olduqdan və lazımi mövqedə yerləşdirildikdən sonra saatda
6500 kilometr sürətlə uça biləcək start vəziyyətinə gətiriləcək.
Bu raketlər 21 dəqiqə 30 saniyə ərzində Rusiya paytaxtına zərbə endirə bilər. Bir neçə gün öncə ABŞ Müdafiə Nazirliyi 56-cı artilleriya komandanlığının yenidən bərpa olunması ilə əlaqədar rəsmi tədbir keçirib. Həmin artilleriya komandanlığının qərargahı Almaniyada yerləşəcək (Mayns-Kastel dairəsində).
Uzaq mənzilli raketlərin yaradılması sahəsində Rusiyanın irəli çıxması ilə əlaqədar Pentaqonun keçirdiyi narahatlıq fonunda
56-cı komandanlığın bərpasına qərar verilib. Bu komandanlıq ilk dəfə 1942-ci ildə formalaşıb və İkinci Dünya Müharibəsi zamanı Avropadakı döyüşlərdə iştirak edib, lakin 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra onun fəaliyyətinə xitam verilib.
Yeni artilleriya strukturunun komandanı, general Stiven Maranian bildirib:
”Çoxpilləli əməliyatlar aparmaq üçün ABŞ ordusunun Avropada və Afrikada böyük potensiallı birləşmiş komandanlıqla təchiz edilməsi üzərində iş gedir”.
Əvvəllər hesab olunurdu ki, ABŞ hipersəs silahının yaradılması sahəsində geridə qalır, amma keçən ay elan olunub ki, Amerika
“Qara qartal” (Dark Eagle) raketinin yaradılması işini uğurla başa çatdırıb. ABŞ ordusunun hipersəs silahlarının hazırlanması üzrə direktoru, general- leytenant Nil Turqud (Neil Thurgood) deyib:
"2019-cu ilin martında ağ vərəqdən başlayaraq, hipersəs sahəsi üzrə işləyən əməkdaşlarımız və birləşmiş xidmət qrupuyla iki ildən az müddətə bu silahı yarada bildik”.Ötən ay Çin hipersəs silahı yarışmasında lider mövqeyinə çıxıb ki, bu da hamıda şok yaradıb. Bəlli olub ki, Pekin Yer kürəsi boyunca uçan nüvə başlıqlı raket buraxıb.
Əldə edilmiş məlumatlara görə, Çinin kosmosa qalxdıqdan sonra Yer kürəsi ətrafında dövrə vurub, sonra isə hədəfi məhv etmək üçün aşağıya enən hipersəs raketi buraxmasından ABŞ kəşfiyyat xidmətinin rəhbərliyi heyrətə gəlib. Gələcək nəsil silahın saatda
34 min kilometr sürətlə uçduğu (bəlkə də daha artıq) qeyd olunur və bu yeni raket müharibənin ən müasir üsullarla aparılmasının rəmzi mənası kimi böyük dağıdıcı vasitə hesab edilir.
Hipersəs raketləri hərb tarixinin dönüş anıdır və silahlanma ilə bağlı vəziyyəti kökündən dəyişir, çünki ballistik raketlərdən fərqli olaraq, hipersəs raketləri kosmik fəzada uçandan sonra kəskin trayektoriya ilə sıx atmosfer təbəqəsindən çıxaraq, daha aşağı hündürlükdə hədəfinə doğru yaxınlaşır.Səsin sürətini beş dəfə aşan (yəni təxminən saatda 6500 kilometr) sürətlə hərəkət edən hipersəs raketlərini məhv etmək çox çətindir, ona görə də onlar güclü silah hesab edilirlər və getdikcə daha çox ölkə bu silahdan əldə etmək istəyir.
Çin artıq ən güclü hipersəs raketlərinə yiyələnib. Digər ölkələr isə bu sahədə ondan geridə qalıb. Amma Çinin avqust ayında keçırdiyi sınaq uçuşu Qərbin kəşfiyyat xidmətlərində bomba effekti yaradıb. Görünür ki, bu ölkələr Pekinin imkanlarını lazımi dərəcədə dəyərləndirməyiblər.
Çin raketinin Yer kürəsini dolaşması ondan xəbər verir ki, o, kosmik fəzada fəaliyyət göstərir və deməli, bu raket nəzəri baxımdan Yerdəki istənilən nöqtəni vura bilər.
Lakin kəşfiyyat orqanlarındakı mənbə “Financial Times”a bildirib ki, nüvə başlığı daşıma qabiliyyətinə malik bu raket gizlincə buraxılıb və o, nəzərdə tutulan hədəfi vura bilməyərək, iyirmi kilometr kənara düşüb.“The Sun” – (Böyük Britaniya)
Tərcümə: “AzPolitika.info”