Rusiyanın Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.
◀▶Bundan əvvəl isə Rusiyanın Ukraynanın Xarkov vilayəti istiqamətində olduqca böyük sayda, bəzi məlumatlara görə hətta minlərlə T-80 döyüş tanklarını cəmləşdirdiyi məlum olmuşdu. Bu tanklar Rusiya ordusunun silahlanmasından əsasən çıxarılıb, amma Donbass separatçılarının arsenalında yer alır. Rusiya əsasən özünün nisbətən köhnəlmiş hərbi texnikasını bu cür münaqişə zonalarında “utlizasiya” edir.
Xatırladaq ki, Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları cəmləşdirməsi haqda xəbərlər artıq bir aya yaxındır yayılır. Bu günlərdə ABŞ rəsmən Avropa İttifaqını Rusiyanın Ukraynaya hücuma hazırlaşdığı haqda məlumatlandırıb. Habelə Pentaqon Ukrayna tərəfini xəbərdar edib ki, Moskva ona qarşı qış hücumuna başlaya bilər. Hesab edilir ki, Rusiya ordusu qış müharibəsi üçün daha hazırlıqlıdır və bu amil Ukrayna ordusunu sürətlə sıxışdırmağa kömək edəcək.
İki gün əvvəl isə
NATO-nun Baş katibi Yens Stoltenberg Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə keçirdiyi brifinq zamanı Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında “qeyri-adi fəallığı” barədə xəbərdarlıq edib. O bəyan edib ki, son bir ay ərzində Rusiya Ukrayna sərhədlərinə böyük sayda hərbi texnika cəmləşdirir və qeyri-adi hərbi fəallıq nümayiş etdirir. Stoltenberg Kremli sərhədyanı rayonlara bu cür qoşun cəmləşdirməklə hansı planları həyata keçirmək istədiyini izah etməyə çağırıb.
NATO Baş katibinin sözlərinə görə, Rusiya müdaxilə qərarı versə xəbərdarlıq və ya hazırlıq üçün vaxt qalmayacaq.
“Belə hərbi imkanları Rusiya daha əvvəl Ukraynaya və Gürcüstana qarşı aqressiya üçün istifadə edib”, - o deyib.virtualaz.org