MTN-in həbsdəki idarə rəisi sahibkara 25 min dollarlıq kostyum aldırıb - ilginc faktlar

16-12-2021, 09:50   


Gürcüstandan gətirilən qızıl keçi fiquru 3 Azərbaycan vətəndaşının həyatını alt-üst edib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hər iclasda yeni ilginc detallar üzə çıxır.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər - istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. Mətbuat nümayəndələri açıq keçirilən prosesə buraxılmır.

Yasin Məmmədov
Media mənsubları yalnız zərərçəkənlər vasitəsilə məlumat ala bilir.
Ötən proses iş üzrə zərərçəkən Əhməd Məhəmməd oğlu Mirzəyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əhməd Mirzəyev 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub. Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyyətcə gürcü olan Lento ona zəng edib: “Lento söhbət əsnasında dedi ki, mənə qranit materialından olan balta hədiyyə göndərir. Baltanın yanında qızıldan olan keçi fiquru da olduğunu dedi. Lentonun sözlərindən bildim ki, ”qızıl keçi" Bakı şəhərində yaşayan Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar pulu alıb Lentoya göndərməliyəm. Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib. Sürücü Arifdən xahiş etdim ki, gedib avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alıb gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim. Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaura yaşadıgı ünvana yolladım.

Sahib Ələkbərov
Arif 18 mart 2010-cu ildə, təxminən 19 radələrində Zaurun evinə getdi. 2-3 saat keçəndən sonra Arif mənə zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. Ertəsi gün səhər vaxtı mənə özünü MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi.

Vüsal Ələkbərov
Məni MTN-ə çağırdı. Həmin gün saat 11 radələrində MTN-ə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil. Əsəbiləşmişdim, hətta hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm. 27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-ə çağırdı. Komendaturada qeydiyyata alınmadan birbaşa İstintaq Baş İdarəsinin rəisi, bu gün qəfəsdə oturan Mövlam Şixəliyevin otağına apardılar. Qəbul otağında 3-5 dəqiqə gözlədikdən sonra Mamayın adamları məni Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şıxəliyev mənimlə danışanda dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağı ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik.
Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlam Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb, tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min yoxumdur. Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs-qətimkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün  500 min manat tələb edirdi. Əks halda, hədələyirdi və ən azından qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Sonradan Təhsin Ağayev 500 min dollar müqabilində məni  həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşmışdım.

Sahibkar həbsdə ola-ola əmlakını “Azəriqazbank”a  girov qoydular, 300 min dollar götürdülər
Vəkilim Sabirlə qardaşım Xəqaniyə xəbər göndərdim ki,  həbsdən azad olunmağım üçün 500 min dollar məbləğində pulu tapıb Təhsin Ağayevə versin. Almaniyada yaşayan digər qardaşım Sultan Əhmədov “Azəriqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdırmağı xahiş etdi. Xəqani “Azəriqazbank”dan 250 min dolları götürüb, üzərinə də özündən pul qoyub ümumilikdə 375 min manat məbləğində pulu hazırlayıb. Bildiyim qədər Xəqani pulu 14, yaxud 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayevə zəng edərək MTN-in komendaturasının qarşısında Təhsin Ağayevin göndərdiyi adama verdi. Təxminən 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi “pul çatıb, səni azad edəcəyik” dedi.
Saxta həkim sənədi ilə istintaqdan yayınan MTN polkovniki-TƏHSİN AĞAYEV  TOYLARDA YALLI GEDİR » Teref.az
Təhsin Ağayev məni azad etmək üçün MTN-ə həkim çağırdı. Mənə də dedi ki, “həkimə başım ağrıyır, ürəyimdə problem var de, özünü pis hiss etdiyin görüntüsü yarat. Həkim də səninlə bağlı rəy verəcək, Mövlam müəllimin qərarı ilə səni azad edəcəyik”. Belə də oldu, həkim gəldi, Təhsin Ağayevin dediyi qaydada şikayətimi elədim. Həkim də mənim xəstə olmağımla bağlı saxta rəy verdi. Məni həmin gün 12-13 radələrində MTN-dən azadlığa buraxdılar.
Təhsin Ağayev dedi ki, “istəsən, 100 min dollar ver, sürücün Arifi də buraxaq. Pulumun olmadığını dedim, Təhsin Ağayev də sürücünün buraxılmayacağını dedi. Bundan sonra Arifin də, mənim də barəmdə qaçaqmalçılıq maddəsi ilə cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi. Bundan sonra Arifi 8 ay qanunsuz olaraq həbsdə saxladılar. Yayın istisində ona orada əziyyət verdilər.
İş məhkəməyə gələndən sonra hakim Əfqan Hacıyevlə xidməti kabinetində görüşdüm. Hakim dedi ki, sənə şərti iş veriləcək, gərək bunun üçün 100 min manat pul verəsən.
Əfqan Hacıyev: "Yayılan məlumat həqiqətə uyğun deyil"
Əfqan Hacıyev
Əfqan Hacıyevə dedim ki, tələb etdiyi qədər pulum yoxdur. Hakim əsəbiləşdi. Başladı ki, MTN-ə verməyə pul tapırsız, məhkəməyə gələndə isə ağlayırsız. Hakimlə razılaşdıq ki, ona 100 min dollar verəcəyəm, mənimlə bərabər sürücü Arifin də barəsində şərti cəza çıxaracaq, onu da məhkəmə zalından azad edəcək. Əfqan Hacıyevə pulu verəndə dedim ki, bizə bəraət ver, günahımız yoxdur, bizi şərləyiblər. Dedi ki, sizə heç bir halda bəraət verə bilmərəm, iş MTN-dən gəlib.
Formal məhkəmə keçdi, sürücü Arifə də, mənə də şərti cəza verildi. Sürücünü də məhkəmə zalından buraxdılar".

 Hüseyn Səfərov
Zərərçəkmiş deyib ki, bundan sonra Mövlam Şıxəliyevin mənə sifarişləri bitib tükənmirdi: “Məni həbsdən buraxandan sonra təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlam Şixəliyev özünün mobil telefonundan mənim nömrəmə zəng vuraraq villasında tikinti işləri apardığını dedi. Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-in ”xofu" çəkilib getməmişdi, Mövlam Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlam Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb".
Zərərçəkən məhkəmədə cinayət işinin materiallarında olmayan yeni bir hal haqda da məlumat verib. Onun sözlərindən məlum olub ki, Əhməd Mirzəyev həbsdən azad edildikdən sonra da Mövlam Şıxəliyev ona sifarişlər göndərməkdə davam edib: “Mövlam Şıxəliyev məndən əl çəkmirdi. Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs mənim ad günümdür, mənə ”Stefanno Ricci" brendindən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi..."
Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev “yalan deyir” qışqırıb. Zərərçəkən Əhməd Mirzəyev isə “haramın olsun” deyib.
Hakim tərəfləri sakitləşdirib.
Əhməd Mirzəyev ifadəsini davam etdirib: “Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya ”25 min dollara kostyum olar" dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. Özümlə 20 min manat da götürdüm, Mövlam Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlam Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu dedi. Mən də çek tələb etdim. Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyi qadagan edib. Soruşdum ki, ümumiyyətlə, kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı da ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi".
Bundan sonra hakim, dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verib. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir.
Zərərçəkən hakimə bildirib ki, istintaqa kafel-metlaxla bağlı kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.
Bundan sonra prosesdə 20 dekabra qədər fasilə elan olunub.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.