Oliqarx Kərim Babayev və qruplaşması: polis polkovniki həbs olundu

17-12-2021, 09:37   


Rusiyanın Rostov vilayətində bir neçə iri ticarət mərkəzinin və digər çoxsaylı aktivlərin sahibi olan azərbaycanlı biznesmen (onu region miqyasında ən iri oliqarx, yaxud “Rostovun Berezovskisi” kimi tanıyırdılar) Kərim Babayevin başçılıq etdiyi mütəşəkkil qruplaşmanın işi üzrə istintaq çərçivəsində polis polkovniki həbs olunub. virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, həbs olunan Aksay rayonu üzrə Daxili İşlər İdarəsinin miqrasiya məsələləri şöbəsinin rəisi Sergey Melnikovdur. Güc strukturlarındakı mənbə bildirib ki, Melnikovu “Borzenko-Babayevlər qruplaşması” ilə əlbir olmaqda şübhəli hesab edərək saxlayıblar.

Xatırladaq ki, bu ilin aprelində Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Aksay rayonuna 27 ildir başçılıq edən Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun şirkətinin icraçı direktorunu həbs edib. Ardınca Kərim Babayevin bazarları (“Atlant”, "Klassik" və "Ovoşnoy" ) bağlanıb, nəticədə bazarlarda işləyən on minlərlə ticarətçi, o cümlədən çoxsaylı azərbaycanlılar işsiz qalıb.  Kərim Babayev isə istintaqdan yayınıb, onun barəsində beynəlxalq axtarış elan olunub. Noyabr ayında Babayev özü könüllü istintaqa təslim olub.
Rostovun güc strukturlarındakı mənbələr deyiblər ki, polkovnik Melnikov artıq xidmətdən uzaqlaşdırılıb. İstintaq hesab edir ki, Melnikov polis idarəsinin miqrasiya məsələləri şöbəsinin rəisi vəzifəsində olarkən Kərim Babayevin bazarlarında işləyən qanunsuz miqrantlara “krışalıq” edib, onların qanunsuz fəaliyyətinə şərait yaradıb. Habelə bazarlarda reydlər və xüsusi əməliyyatlar keçirilərkən qeyri-leqal miqrantların gizlənməsinə kömək edib.

“Rusca desək, Sergey Veniaminoviç Azərbaycan, Türkiyə və Ermənistandan olan işçilər üçün “krışa” olub. Onların hamısı Rostov vilayətində qeyri-leqal yaşayıb, bir çoxları isə saxta sənədlər əsasında bazarlarda işləyiblər”,- mənbələrdən biri 161.ru internet portalına bildirib.
Digər mənbə isə deyib ki, istintaq Melnikovun izinə Kərim Babayevin və iş üzrə digər fiqurant Aleksandr Karpenkonun ifadələri əsasında düşüb. Karpenko da polis podpolkovnikidir və daha əvvəl Babayevlərin işi üzrə həbs edilmişdi.
Kərim Babayev Vitali Borzenkonun köməyi ilə dövlətə məxsus on hektarlarla torpaq sahəsini qanunsuz ələ keçirməkdə, orada qanunsuz olaraq ticarət obyektlərinin inşa edilməsində, vergidən yayınmaqda və digər əməllərdə ittiham olunur. Bildirilir ki, o istintaqa “regionda uzun illər ərzində hökm sürmüş məmur korrupsiyasını açmaq və yaxınlarını cinayət təqibindən xilas etmək üçün” təslim olub.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.